RU

Türk İttifaqının strateji seçimi Qərbdə şok effekti yaradıb: Azərbaycan və Türkiyə rəqib qlobal qütbü gücləndirir

ABŞ və Qərbin yanlış siyasi kursu Türk İttifaqının rəqib qlobal düşərgənin xeyrinə seçim etmək ehtimalını ciddi şəkildə artırıb və artıq prinsipial qərarlar verilməyə başlayıb... Həm Azərbaycan, həm də Türkiyə yeni dünya düzənində aparıcı mövqelərə iddia edən regional güc mərkəzləri olduğundan bu iki ölkənin əks qütbdə yer alması Qərb üçün önəmli strateji itki sayıla bilər...

Dünyada qütbləşmə yeni mərhələyə keçmək üzrədir. Belə ki, hazırda əksər dünya dövlətləri gələcəyə yönəlik strateji geopolitik seçim etmək məcburiyyətində qalıblar. Üstəlik, bu seçimlərin prioritet hədəflərində hərbi-siyasi və iqtisadi-ticari faktorlar ön planda yer alır. Və belə anlaşılır ki, yeni dünya düzəni məhz indiki qlobal qütbləşmənin nəticəsində şəkillənməyə başlayacaq.

Onu da qeyd etmək lazımdır ki, mövcud qlobal qütbləşmənin əsas stimulverici faktoru ABŞ və Qərbin qurduğu geopolitik oyunlara bağlıdır. Belə ki, Ağ Ev və ABŞ-ın Qərbdəki strateji müttəfiqləri onsuz da dünyanı israrla bölüşdürməyə cəhd göstərirlər. Qərb siyasi dairələrinin geopolitik hədəflərində dünya dövlətləri bir neçə kateqoriyaya ayrılır.

 

Belə ki, həmin ölkələrin bir qismi Ağ Evə və ABŞ-ın müttəfiqlərinə strateji cəhətdən yaxın siyasi-ideoloji mövqeyə malikdir. İkinci kateqoriyaya Qərbin təsir dairəsinə düşmə ehtimalı olan ölkələr aid edilir. Üçüncü kateqoriyada ABŞ və Qərbin strateji tərəfdaşlıq planlarına daxil olmayan dövlətlər yer alır. Nəhayət, sonuncu kateqoriyada ABŞ və Qərbin potensial düşmənləri hesab olunan dövlətlər də mövcuddur.

Təbii ki, ABŞ və Qərb ilk iki kateqoriyaya aid olan dövlətləri himayə etməyə cəhd göstərir. Həmin ölkələri Qərbin narrativləri üzrə xarici siyasət kursu müəyyən etməyə məcbur edir. Digər iki kateqoriyada yer alan dövlətlər isə ABŞ və Qərbin gələcək strateji hədəfləri sayılır. Və bu ölkələrin yeni dünya düzənində təsir gücü olmamalıdır, onlar Qərbin imperialist maraqlarında yalnız arzuolunmaz rəqib kimi diqqətə alınır.

Bütün bunları nəzərə alan bir çox ölkə ABŞ və Qərbin gələcək total təzyiq dalğasından özünü sığortalamaq üçün indidən yeni hərbi-siyasi müqavimət sisteminin qurulmasına məcburdur. Belə müdafiə və müqavimət sistemləri sırasında hələlik Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİCS daha çox diqqəti çəkir. Halbuki, bu iki beynəlxalq əməkdaşlıq platforması hələlik hərbi müqavimət faktorlarından uzaqdır. Daha çox siyasi və iqtisadi-ticari maraqların uzlaşdırılmasına duyulan ehtiyacları ön planda tutur.

Yəni, indiki halda, ŞƏT və BRİCS yalnız Avropa Birliyinə alternativ rolunu oynaya bilər. Bu baxımdan, hər iki qurumun Qərbin əsas hərbi güc faktoru olan NATO ilə rəqabət şansı yoxdur. Belə rəqabət hələlik ən yaxşı halda, Çin, Rusiya və s. kimi ölkələrin hərbi qüdrətinə görə müəyyən edilə bilər. Və bu, tam etibarlı hərbi müdafiə variantı olmadığından yaxın gələcəkdə siyasi, iqtisadi-ticari əməkdaşlıq platformalarına hərbi tərəfdaşlıq faktorları da əlavə oluna bilər.

 

Onu da qeyd etmək lazımdır ki, müasir qlobal qütbləşmə Türk İttifaqını - Azərbaycan və Türkiyəni də prinsipial strateji seçim məcburiyyəti qarşısında buraxmağa başlayıb. Azərbaycan və Türkiyənin isə hazırda tədricən Qərbin hədəfə aldığı qütbə yaxınlaşmağa üstünlük verdiyi də müşahidə olunur. Və bu, qətiyyən səbəbsiz deyil.

Məsələ ondadır ki, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa can atan ABŞ və Qərb bu regiona məhz Azərbaycanın düşməni olan Ermənistan üzərindən yerləşməyə cəhd göstərir. Yəni, ABŞ və Qərb hazırda ifrat ermənipərəst mövqeyi ilə Azərbaycana qarşı real geopolitik təhlükə mənbəyinə çevrilməyə başlayıb. Rəsmi Bakı bundan narahat olduğundan yaxın gələcəyə yönəlik prinsipial strateji seçimə məcbur qalıb.

Təbii ki, təxminən oxşar situasiya Türkiyəni də narahat edir. Çünki ABŞ və Qərb NATO üzvü olan Türkiyənin maraqlarına kifayət qədər ciddi problemlər yaradır. Rəsmi Ankara Qərbin Türkiyənin milli maraqlarına təhlükə törətməkdə davam edəcəyini anlayır. Ona görə də, Türkiyənin dövlət mənafeyinə uyğun şəkildə yeni prioritetlərin müəyyən olunması böyük önəm daşıyır.

Maraqlıdır ki, Türk İttifaqının prinsipial strateji seçimində hər hansı siyasi-ideoloji ziddiyyətlər müşahidə edilmir. Belə ki, həm Azərbaycan, həm də Türkiyə eyni istiqamət üzrə hərəkət etmək qərarı verib. Yəni, hər iki Türk dövləti ŞƏT və BRİCS-ə üzv olmaq niyyətindədir. Böyük ehtimalla Azərbaycan və Türkiyənin bu strateji əməkdaşlıq platformalarına qəbulu yaxın vaxtlarda reallaşa bilər. Və bu, Qərb üçün bir qədər gözlənilməz manevr təsiri bağışlayır.

 

Onu da qeyd etmək lazımdır ki, Türkiyə hələlik Avropa Birliyindən və Qərblə əməkdaşlıqdan tamamilə imtina etmək niyyətində olmadığını da qabardır. Yəni, rəsmi Ankara Qərbin Türkiyə ilə bağlı strateji seçim etməsində maraqlıdır. Hər halda, indiki situasiyada Türkiyə üçün hər iki qlobal qütblə paralel əməkdaşlıq tamamilə sərfəlidir. Ancaq Qərb Türkiyəni tamamilə itirmək istəmirsə, onda rəsmi Ankaranın tələb və istəklərinə daha həssas yanaşmalı olacaq. Və burada Azərbaycanla strateji müttəfiqlik münasibətləri də böyük əhəmiyyət daşıyır.

Hər halda, rəsmi Ankara Türkiyənin əsas strateji müttəfiqi olan Azərbaycanın gələcək taleyini daim ön planda tutmaqda israrlıdır. Yəni, ABŞ və Qərb Türkiyə ilə yanaşı, Azərbaycanın da milli maraqlarına həssas yanaşmalı olacaq. Əks halda, Türk dünyasına birbaşa liderlik edən iki güclü dövlət - Azərbaycan və Türkiyə Qərbin rəqibləri ilə eyni düşərgədə yer almaqdan qətiyyən çəkinməyəcək. Və başlanğıcda bu, yalnız iqtisadi-ticari faktorlarla yüklənmiş olsa belə, Qərbin davranışlarına uyğun olaraq, sonradan Türk İttifaqının hərbi-siyasi mövqeyinə də yenidən baxıla bilər.

Belə anlaşılır ki, ABŞ və Qərbin yanlış siyasi kursu Türk İttifaqının rəqib düşərgənin xeyrinə seçim etmək ehtimalını artırır. Həm Azərbaycan, həm də Türkiyə yeni dünya düzənində aparıcı mövqelərə iddia edən regional güc mərkəzləri olduğundan bu iki ölkənin rəqib düşərgədə yer alması Qərb üçün önəmli strateji itki sayıla bilər. Bu baxımdan, Azərbaycan və Türkiyənin eyni vaxtda həm ŞƏT, həm də BRİCS-ə üzvlük qərarı verməsi hazırda Qərb siyasi dairələrində siyasi şok effekti yaratmağa başlayıb. Və bu baxımdan, Qərbin Türk İttifaqı ilə anlaşmağa məcbur qala biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Избранный
160
50
musavat.com

10Источники