RU

Minsk qrupunun ləğvi:  De - faktodan de -yureyə

Postmüharibə dövründə Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik, təhlükəsizlik və əməkdaşlıq arxitekturasının qurulması üçün Azərbaycanla Ermənistan arasında etibarlı sülhün təmin olunması zəruridir. Sülhə nail olunması üçün isə tərəflər tənzimləmə prosesinə sözdə deyil, real müstəvidə sadiqlik göstərməli və bir sıra zəruri şərtlər təmin olunmalıdır ki, bunlardan biri də artıq ölü quruma çevrilən Minsk qrupunun de-yure ləğv edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev bu şərti irəli sürərkən sırf postmüharibə dövrünün reallığından çıxış edib. Bu barədə dövlətimizin başçısı sonuncu dəfə avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən danışıb.

Azərbaycanın iki mühüm şərtindən biri

Davamlı olaraq qarşı tərəfə sülh çağırışlarını çatdıran qalib Azərbaycan tənzimləmə prosesinin irəli aparılması üçün iki vazkeçilməz şərt irəli sürür. Ölkəmizin birinci əsaslı şərti belədir: Sülh sazişinin imzalanması üçün bütün fundamental amillər təmin olunmalı, o cümlədən hüquqi boşluqlar tamamilə aradan qaldırılmalıdır. Bu gün sülhə gedən yolda ən böyük maneə məhz Ermənistanın konstitusiyası və bir sıra digər qanunvericilik aktlarıdır.  Həmin sənədlərdə qonşu dövətin Azərbaycana qarşı ərazi iddiaları açıq-aşkar legitimləşdirilib. Belə ki, konstitusiyanın preampula hissəsində müstəqillik bəyannaməsinə istinad olunur. Həmin bəyannamədə isə Azərbaycanın  keçmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirlməsini özündə ehtiva edən müddalar yer alır. Belə olan halda hansı sülh prosesindən danışmaq mümkündür?  Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar çıxarılmadan hər hansı bir sülh sazişinin imzalanması mümkü deyil. Çünki hüquqi əsaslar yaradılmayan sülh qalıcı sülh olmayacaq.

Qayd etdiyimiz kimi, Azərbaycanın ikinci vazkeçilməz şərti Minsk qrupunun de-yure ləğvi ilə bağlıdır. Azərbaycan reallıqdan çıxış edərək Ermənistana artıq ölü quruma çevrilmiş Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət ünvanlamağa çağırış edir. Ermənistan isə müxtəlif bəhanələr gətirməklə bunu etməyə tələsmir. Postmüharibə dövründə de-fakto mövcud olmayan Minsk Qrupunun de-yure ləğvini şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. Əvvəla, Minsk Qrupu zamanında keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılmışdı. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq artıq münaqişə həllini tapıb.  Bununla Azərbaycan BMT-nin məlum qətnamələrinin icrasını öz gücünə təmin etdi. Artıq münaqişə keçmişdirsə, Minsk qrupunun fəaliyyətinə hansısa bir lüzum varmı? Digər tərəfdən, Minsk qrupunda təmsil olunan dövlətlərin vəziyyətinə baxaq. Bu gün kəskin qarşıdurmalar yaşayan Rusiyanın, ABŞ-nin və Fransanın eyni masa arxasında əyləşməsi praktiki cəhətdən mümkün deyil. Əgər onlar hansısa bir barışıq reseptinə malikdirlərsə, ilk növbədə bunu öz aralarındakı ixtilafların çözülməsində tətbiq etməlidirlər. 

Beləliklə, hər cəhətdən  ömrünü başa vurmuş bir quruma süni nəfəs verməyin heç bir faydası yoxdur. Minsk qrupunun ləğv edilməsi proseslərin təbii axarında meydana çıxan zərurətdir. Ermənistanın Azərbaycanın qurumun ləğv olunması ilə bağlı ATƏT-ə birgə müraciət etməklə bağlı çağırışından yayınmasının bir izahı var - məğlub ölkə reallıqda sülh istəmir və yenə də manipulyasiyalara əl atır. Bəhs olunan görüşdə Prezident İlham Əliyev regional vəziyyətə toxunaraq bildirib  ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır. Dövlətimizin başçısı vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və konstitusiya dəyişdirilməlidir. Azərbaycan Prezidenti vurğulayıb ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Dövlətimizin başçısı Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib. Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?! Dövlətimizin başçısı deyib ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.

Fransanın, ABŞ-nin qərəzli mövqeyi

Keçmiş Minsk qrupunun de-yure də ləğvinin zəruriliyindən bəhs edərkən burada təmsil olunan iki dövlətin - Fransanın və ABŞ-nin tənzimləmə prosesində təəssüf doğuran qərəzli rol almalarını da xüsusi qeyd etməliyik. Minsk qrupunun üzvləri olan bu iki dövlət açıq-aşkar Ermənistanın dəstəklənməsi mövqeyindən çıxış edir. Xatırlayaq ki, işğal dövründə Minsk qrupu öz işini təcəvüzkar Ermənistanla torpaq itkilərinə məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoymaqla bitmiş hesab edirdi. Beləcə, münaqişə üç onillik ərzində həllini tapmadı.

Fransa və ABŞ eyni siyasəti postmüharibə dövründə də davam etdirirlər. Bu gün hər iki dövlət məğlub ölkədə revanşizmi alovlandırır və Ermənistanı yeni müharibəyə təhrik edir. Ağ Ev, Yelisey Sarayı dünyanın gözü qarşısında işğalçı dövlətə öldürücü silahlar tədarük edir və bunu hansısa arqumentlərlə əsaslandırmağa çalışırlar. Dünya praktikasında işğalçı dövlətlərə qarşı sərt cəza tədbirləri görülür. Ermənistan niyə istisnalıq təşkil etməlidir? Münaqişə tərəflərindən birinə açıq-aşkar siyasi və hərbi dəstək göstərən dövlətlərin Minsk qrupu daxilində ədalətlə vasitəçilik edəcəklərinə necə inanmaq olar?

Mübariz FEYİZLİ

Избранный
26
yeniazerbaycan.com

1Источники