RU

Hansı halda MMC-nin nizamnamə kapitalı azaldıla və ya ləğv oluna bilər?

Son zamanlar təsərrüfat subyektlərini, o cümlədən məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) sahiblərini maraqlandıran məsələlərdən biri də xalis aktivlərin nizamnamə kapitalı ilə bağlı olan azaldılmasıdır.

"Operativ Media" xəbər verir ki, mövzu ilə bağlı ortaya çıxan suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90.4-cü maddəsinə əsasən, əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.

Bəs xalis aktivlər nədir? Nizamnamə kapitalı və onun minimum məbləği nədir? Bu azaldılma hansı qaydada həyata keçirilməlidir?

MMC-lər üçün nizamnamə kapitalı anlayışı Mülki Məcəllənin 90.1-ci maddəsi ilə tənzimlənir. Məcəllənin 90.1-ci maddəsində göstərilib ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Nizamnamə kapitalının minimum məbləği cəmiyyət tərəfindən ilkin qeydiyyatda nəzərə alınmış və sonradan artırılmış məbləğlərin cəmidir.

Xalis aktivlər isə həm Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, həm Vergi Məcəlləsi, həm Mülki Məcəllə, həm də digər normativ aktlara əsasən aşağıdakı kimi hesablanır:

Xalis aktivlər = Aktivlər – Öhdəliklər

Deməli, nizamnamə kapitalı da xalis aktivlər daxilindədir.

İndi qeyd etdiklərimi misallarla izah edim.

Misal 1: “AA” MMC-nin nizamnamə kapitalı 10.000 manatdır. Cəmiyyətin aktivləri 90.000 manat, öhdəlikləri isə 60.000 manatdır. Bu halda MMC-nin xalis aktivləri nə qədərdir və cəmiyyət ləğv olunmalıdırmı?

İlkin olaraq cəmiyyyətin xalis aktivlərinin dəyərini müəyyənləşdirək:

90.000 – 60.000 = 30.000 manat.

İndi isə nizamnamə kapitalı ilə xalis aktivləri müqayisə edək.

30.000 manat (xalis aktivlər) > 10.000 (nizamnamə kapitalı).

Odur ki, bu halda cəmiyyətin ləğv edilməsinə və ya nizamnamə kapitalının azaldılmasına ehtiyac qalmır.

Misal 2: “BB” MMC-nin nizamnamə kapitalı 10.000 manatdır. Cəmiyyətin aktivləri 90.000 manat, öhdəlikləri isə 85.000 manatdır. Bu halda MMC-nin xalis aktivləri nə qədərdir və cəmiyyət ləğv olunmalıdırmı?

Birinci misaldakı kimi hesablamalar apardıqda xalis aktivlərin dəyəri 5.000 manat olacaq.

İndi isə xalis aktivlər ilə nizamnamə kapitalının məbləğini müqayisə edək.

Xalis aktivlər (5.000) < nizamnamə kapitalı (10.000)

Göründüyü kimi, MMC-nin xalis aktivlərinin məbləği nizamnamə kapitalından 5.000 manat azdır. Ona görə də cəmiyyətin ləğv edilməsinə ehtiyac yoxdur, amma nizamnamə kapitalının 5.000 manat azaldığını müvafiq qaydada elan etməli və dövlət qeydiyyatına almalıdır.

Misal 3: Burada da yuxarıdakı misallarla şərtlər eynidir, lakin öhdəliklərin dəyəri 105.000 manat olub. Bu halda artıq xalis aktivlərin dəyəri -15.000 manat olur. Yəni öhdəliklər aktivlərdən çoxdur və xalis aktivlər zərər kimi formalaşıb.

Nəticə olaraq görünür ki, xalis aktivlər MMC-nin nizamnamə kapitalı olan 10.000 manatdan 10.000 - (-15.000) = 25.000 manat qədər azdır.

Mahiyyət odur ki, cəmiyyət fəaliyyətində nizamnamə kapitalını da istifadə edib və hətta kreditorlara əlavə olaraq 15.000 manat borclanıb. Odur ki, nizamnamə kapitalı xalis aktivlərdən az olduğuna görə cəmiyyət ləğv edilməlidir.

Bəs MMC-lər bu nüansları hər il nəzarətdə saxlamalıdırmı?

Mülki Məcəllənin 90.4-cü maddəsində əsasən, MMC fəaliyyətinin ikinci ilindən başlayaraq, hesabat ili başa çatdıqdan sonra yuxarıdakı qaydada hesablamalar aparmalıdır.

Bəs ləğvetməni kim həyata keçirməlidir?

Əlbəttə ki, MMC-lərin ləğv edilməsi öhdəliyi və səlahiyyətləri birbaşa cəmiyyətin təsisçilərinin öhdəliyindədir. Qanunvericilikdə belə hallarda ləğv edilməməyə görə hər hansı bir cərimə nəzərdə tutulmayıb. Lakin dövlət qeydiyyatını həyata keçirən orqanlar (MMC-lər üçün vergi orqanları) yuxarıdakı kimi hallarda cəmiyyətin ləğvi tələbini qoya bilərlər.

Избранный
68
2
operativmedia.az

3Источники