RU

Zəngəzur dəhlizi - "Qlobal Gateway" yoxsa "Зангезурский коридор"?

“İran İnternational” telekanalının yaydığı məlumata görə, Rusiyanın vasitəçiliyi ilə Zəngəzur dəhlizi məsələsi öz həllini tapıb. Bildirilir ki, Rusiya İranı Zəngəzur dəhlizinin açılmasına razı salıb və Putinin Bakıya gəlməsi də bu məsələ ilə bağlı olub.

Dünən isə Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında keçirilən görüşdə İranın hələ də Zəngəzur dəhlizi məsələsində müəyyən “iradlarının” olduğu ortaya çıxdı. İran XİN-in bildirdiyinə görə, Dəmirçilu Rusiya səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb. O, İranın regionda sülh və sabitliyin bərqərar olmasını, region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini dəstəklədiyini və regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb. Görüşdə tərəflər region ölkələri arasında əməkdaşlığın inkişafına köməklik göstərilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi ilə mübarizə aparılması kimi məsələləri də müzakirə ediblər.

Nəzərə alsaq ki, İran hər dəfə Zəngəzur dəhlizindən danışanda “beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi” arqumentini irəli sürərək layihəyəyə qarşı çıxır, o zaman Tehranın bu dəhliz məsələsinə birmənalı yanaşmadığı aydın olur. Bəs, son zamanlar beynəlxalq müstəvidə tez-tez gündəmə gətirilən Zəngəzur dəhlizini niyə İranı bu qədər narahat edir? İranın iradəsi nəzərə alınmadan dəhliz açıla bilərmi?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, beynəlxalq arenada Zəngəzur dəhlizinə münasibətin birmənalı olmaması bu cür ciddi müzakirələrin ortaya çıxmasının əsas səbəbidir: “Bizdə bir çox politoloqların fikrincə, əslində Çindən tutmuş Rusiyaya və ABŞ-a qədər bütün güc mərkəzləri Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Guya, təkcə İran buna qarşıdır və Tehranın araqarışdırması problemin əsas qaynağıdır. Halbuki, Zəngəzur dəhlizinin açılamasını istəyən digər güc mərkəzləri də bu mövzuya fərqli aspektdən yanaşırlar. Məsələn, ABŞ və Qərb ölkələri Zəngəzur dəhlizinin açılmasını yalnız bir şərtlə istəyirlər: bu kommunikasiya xətti Çindən, İrandan və Rusiyadan yan keçməlidir. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dəfələrlə açıq şəkildə ifadə edib. O, ötən ay Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı demişdi ki, “ABŞ Rusiya və Çindən yan keçməklə, Ermənistan və Azərbaycan əraziləri vasitəsilə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru yolu yaratmaq imkanını nəzərdən keçirir”. Faktiki olaraq bu formul təkcə Rusiyanın Zəngəzur dəhlizi üzərində nəzarətini istina etmir, həm də Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin Orta dəhlizinə qarşı çıxır. Çünki Çinin bu layihəsində Orta dəhlizin Çindən başyaraq Avropaya qədər uzanması nəzərdə tutulur. Qərb ölkələri isə Çinin iqtisadi böyümə strategiyasının təməl prinsiplərindən olan bu projenin reallaşmasını yaxına istəmir. Onlar sadəcə bu yolun Avropadan Mərkəzi Asiya ölkələrinə - son dayanacaq olaraq Tacikistana qədər uzanmasında maraqlıdırlar. Bir növ, 1990-cı illərdə ortaya atılmış, daha sonra Rusiyanın əngəllənməsi ilə qarşısı alınmış “TransXəzər” layihəsini bir başqa adla reallaşdırmaq arzusunda idilər. Qərbin nəzərdə tutduğu layihənin yeni adı isə “Qlobal Gateway” (Qlobal Keçid) idi.

Rusiya Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin Orta marşrutunu öz nəzarətinə götürməklə ondan siyasi və maddi divident qazanmaq istədiyi üçün Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 9 noyabr 2020-ci il Bəyannaməsinin 9-cu bəndini əlində rəhbər tutub dəhlizin açılmasını tələb edirdi. Ermənistan bunu öz suverenliyinə zidd hadisə kimi qiymətləndirib Rusiyaya qarşı çıxırdı. İrəvanın fikrincə, dəhlizə ya özləri, ya da yaxın təmaslar qurduğu Qərb ölkələri nəzarət etməli idi. Bu da, təbii ki, nə Çinin, nə də Rusiyanın maraqına uyğun deyildi. İrana gəlincə, cənub qonşumuz tarix boyu “İpək yolu"nun onun ərazisindən keçdiyini əsas gətirib bu layihənin reallaşmasına ən kəskin etiraz edən tərəfdir. Tehranın fikrincə, Zəngəzur dəhlizi onu beynəlxalq marşrutlardan kənarlaşdırmaq məqsədi daşıyırdı və bu layihənin baş tutması onun geosiyasi əhəmiyyətini heçə endirirdi. Üstəlik, Zəngəzur dəhlizi Türk dünyası arasında bütövləşmək istiqamətində atılmış mühüm addımlardandır və bu da İranın ərazi bütövlüyünü təhdid edir. Çünki Türk birliyinin yaranması Cənubi Azərbaycanda milli oyanışa səbəb ola və İran ya tamamilə dağılar, ya da siyasi rejim dəyişikliyinə getmək məcburiyyətinfə qala bilər. Bu mənada İranın Zəngəzur dəhlizinə hər kəsdən daha çox qarşı çıxması başadüşüləndir”.

İranın bu dəhlizin əvəzinə öz ərazisindən keçən Araz dəhlizini təklif etdiyini xatırladan Heydər Oğuz bildirdi ki, rəsmi Bakı bu bəhanəsini kəsmək üçün 2022-ci ilin mart ayında bu ölkə ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb: “Sənədə əsasən, Azərbaycanın qitə hissəsi ilə Naxçıvanı birləşdirən bu kommunikasiya xətti Zəngilanın Ağbənd kəndindən İran ərazisinə keçərək Ordubada çıxacaqdı. İlk baxışdan, İranın bütün narahatlığını ortadan qaldıracaq kimi görünən bu dəhlizə nə ABŞ-ın, nə də Rusiyanın maraqlarına cavab verirdi. Odur ki, ilk etiraz da elə Vaşinqtondan gəldi. ABŞ Ermənistanı beynəlxalq layihələrdən kənarda saxlayacaq heç bir dəhlizi qəbul etməyəcəklərini açıqladı. Rusiya da Cənubi Qafqaz üzərindəki nəzarətini itirməmək üçün bu layihəyə isti baxmırdı. Prinsipcə, rəsmi Bakı da İranın bu arzularının reallaşmayacağının fərqində idi. Bizə sadəcə ermənilərə və havadarlarına “alternativsiz deyilsiniz” mesajını vermək və Tehrana isə “biz hər iki varianta hazırıq, buyurun, beynəlxalq əngəlləri “minillik qardaşın olan ermənilər və onların himayədarları ilə probleminizi özünüz həll edin”, - demək istəyirdik. Görünən budur ki, beynəlxalq qüvvələrin mübahisə predmetinə çevrilən Araz dəhlizinin də işləmə perspektivi yoxdur. Üstəlik Araz dəhlizi strateji baxımdan da nə bizə, nə də tərəfdaşlarımız olacaq dövlətlərin işinə gəlmir. Əgər söhbət Qərb dövlətlərinin “Qlobal Keçid” layihəsindən gedirsə, onların əsl məqsədi İranı bu layihədən kənarda saxlamaqdır. Yox əgər biz Çin və Rusiya ilə müttəfiqiksə və ərazilərimizdən keçirmək istədiyimiz kommunikasya xətti Orta dəhlizin bir hissəsidirsə, dəhlizin İran üzərindən davam etdirilməsi Moskvanı oyundankənar vəziyyətə qoyur. Ən əsası isə, Xəzər dənizindən Bakıya keçən və ardınca İran üzərindən davam edən bu dəhlizin iqtisadi əsası da yoxdur. Belə ki, dəhliz əgər İrandan keçəcəkdisə, bunu Xəzərin şərq sahilləri boyunca İran üzərindən Türkiyəyə yönləndirmək olardı. O halda bizə nə ehtiyac vardı? Əgər bu yol Bakıya keçibsə, o zaman İranı buna calayıb gömrük rüsumlarını artımaq nəyə lazım idi?”

Siyasi şərhçi onu da vurğuladı ki, Zəngəzur dəhlizi bizdən çox, ermənilərin problemidir: “Çünki Qərb dövlətləri üçün bu dəhlizin əsas məqsədi Ermənistanı “regional dalan”dan çıxarıb Avropaya inteqrasiya yolunu açmaqdır. Buna isə ermənilərin bu zamanadək qoltuğuna sığındığı İran və Rusiya imkan vermir. Azərbaycanın hər halda Zəngəzur dəhlizinə alternativi var və bu kommunikasiya xətti Gürcüstandan keçir. Ermənistanın ərazisi üzərində beynəlxalq güc mərkəzlərinin maraqlarının çarpışması yaxın gələcəkdə Zəngəzuru geopolitik cəbhə xəttinə və poliqona çevirə bilər. Fikrimcə, Azərbaycan bu çətin tənliyin çözümünü İrəvanın öhdəsinə buraxıb kənara çəkilməli, məsələ həll olunduqdan sonra bu istiqamətdə quruculuq fəaliyyətinə başlamalıdır”.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
225
50
musavat.com

10Источники