RU

Naxçıvan – hərtərəfli tərəqqi poliqonu

Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir.

Heydər ƏLİYEV,
Ümummilli lider

Azərbaycanın qədim, zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçi­lik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmiş, orta əsrlərdə Şərqin böyük elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış, dövlət sivilizasiyasına dəyərli töhfələr bəxş etmişdir. Azərbaycan Atabəyləri–Eldəgəzlər dövlətinin paytaxtı olan, əsası Əcəmi Naxçıvani tərəfindən qoyulan memarlıq məktəbi ilə bütün Təbiət və tarix abidələri ilə məşhur olan Naxçıvan torpağı bu gün də bənzər­siz simasını, gözəlliyini qoruyub saxlayır və dünyanın qədim diyarı kimi bura gələn insanları, qonaqları heyran qoyur. 

Uzun illər gərgin siyasi mübarizələr meydanına çevrilən qədim Naxçıvanın muxtariyyətinin əsasları 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilələrdə Naxçı­vanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir. 

Azərbaycanın Şərqə açılan qapısı ol­maqla zəngin dövlətçilik tarixinə malik olan Naxçıvan Muxtar Respublikası 9 fev­ral 1924-cü ildə yaradılmış və milli, qədim ənənələri qoruyub saxlamışdır. 

Qədim mədəniyyəti, bərəkətli sərvəti, dahi şəxsiyyətləri ilə Azərbaycan Respub­likasında xüsusi payı və yeri olan Naxçı­van Muxtar Respublikası bu gün istər iq­tisadi-siyasi, istərsə də elm və mədəniyyət sahəsində tərəqqinin ən yüksək pilləsində dayanır. Belə ki, 1883-cü ildən fəaliyyət göstərən Naxçıvan teatrı Azərbaycan teatr mədəniyyətinə böyük töhfələr bəxş etmiş­dir. Şərqdə ilk akademiyanı və rəsədxananı yaratmış Nəsirəddin Tusi, qüdrətli yazıçı və ictimai xadim Cəlil Məmmədquluza­də, Azərbaycan realist rəssamlıq məktə­binin banisi Bəhruz Kəngərli, ilk tarixi romanların müəllifi Məmməd Səid Ordu­badi, böyük maarifçi və ədib Məhəmməd Tağı Sidqi, romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi Hüseyn Cavid, dünyaca məşhur kimyaçı alim, akademik Yusif Məmmədəliyev, görkəmli publisist, dilçi-alim Məhəmməd ağa Şahtaxtlı, Xalq şairi Məmməd Araz, Xalq yazıçısı Hüseyn İbrahimov... bu diyarın yetirmələridir. 

Bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas elm, mədəniyyət, təhsil və ictimai fikir mərkəzlərindən biri sayılır. Azərbaycan Milli Elmlər Akademiyasının prezidentləri, görkəmli kimyaçı alim Yusif Məmmədəliyev, yarımkeçiricilər fizikası məktəbinin yaradıcısı Həsən Abdullayev, məşhur riyaziyyatçı Fərəməz Maqsudov, informatika-radiasiya üzrə qəbul olunmuş elm xadimi, professor Mahmud Kərimov, akademik Məmməd Cəfər Cəfərov, pro­fessor Abbas Zamanov, akademik Teymur Kərimli və onlarca başqa görkəmli elm xadimləri Azərbaycan elminə, təhsi-linə, ictimai fikrinin inkişafına yeni səhifələr yazmış, öz elmi potensialları və bacarıqları ilə Naxçıvanı tək Azərbaycanda deyil, bü­tün dunyada tanıtmışlar.

Böyük tarixi şəxsiyyətlər, alimlər, yazıçı və şairlər vətəni olan Naxçıvan Azərbaycanın elmi və mədəni inkişafına güclü təkan vermiş, görkəmli liderləri və elm adamları ilə məşhurlaşmışdır. Bun­lardan biri də yüksək istedad və bacarığı ilə Azərbaycan poeziyasına dəyərli sənət inciləri bəxş edən məşhur şairimiz Məm­məd Arazdır. Şairin Naxçıvanın tarixindən, əsrarəngiz təbiətindən, təbii sərvətlərindən bəhs edən “Naxçıvanım mənim” adlı şeiri bizim üçün ana laylası qədər şirin, doğma və əzizdir:

Sinəmdə o yerin dağ havasıdır.

Qaynar bulaqları qaynar qanımda.

Mənim ürəyimin bir parçasıdır

Doğma Şahbuzum da, Naxçıvanım da.

Tarixə nəzər salsaq görərik ki, böyük tarixi hadisələrin, keşməkeşli günlərin şa­hidi olan qədim diyarımız, həmişə olduğu kimi, son illərdə də bütün çətinliklərə sinə gərərək düşmənlərin caynağından, hərisli yağı gözlərindən, məkrli əllərdən özünü qoruya bildi. Belə bir ağır şəraitdə Naxçı­van əhalisi böyük mərdlik, şücaət və yenil­məzlik nümayış etdirərək, Azərbaycanın bu qədim diyarını düşmənlərdən – mənfur erməni təcavüzkarlarından öz canları baha­sına qorudu və qoruyur. 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il iyul ayının 22-də ca­nından çox sevdiyi Naxçıvanına dönməsi, doğma el-obasına qayıtması çətin günlə­rini yaşayan Naxçıvanı dirçəltdi, burada yaşayan insanlarda sabaha, gələcəyə bö­yük inam hissi yaratdı. Bu illər Naxçıvan Azərbaycanda gedən siyasi proseslərə, o cümlədən, milli azadlıq mübarizəsinə bö­yük təkan verdi. Müstəqilliyimizin möh­kəmləndirilməsinə, dövlətimizin güclən­dirilməsinə və tərəqqisinə, ərazilərimizin azad olunmasına Naxçıvandan başlanan böyük siyasi dalğanın təkanı daha təsirli oldu. Bunu ulu öndər Heydər Əliyevin də­rin, məzmunlu nitqindən də görmək müm­kündür: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz bir hissəsi kimi milli azadlıq uğrunda, dövlət müstəqilliyi­miz uğrunda gedən mübarizələrdə həmişə ön sırada olmuş, təşəbbüskar olmuşdur. Azərbaycanda dövlət müstəqilliyi, milli azadlıq yolunda gedən mübarizənin dayağı olmuşdur və bu gün də dayağıdır, gələcək­də də belə olacaqdır”. 

Bu gün Naxçıvan Muxtar Respublika­sı özünün ən dəyərli, yaddaqalan günləri­ni yaşayır. Muxtar diyarımız Ümummilli lideri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən əsasını qoydu­ğu müqəddəs vəzifələrin yerinə yetirilməsi ilə daha da çiçəklənir, möhkəmlənir və in­kişaf, tərəqqi yolunda inamlı addımlar atır. Ulu öndərin yaradıb, xalqımıza ərmağan etdiyi siyasi, milli ideologiyanı, qarşıya qoyduğu müqəddəs vəzifələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. 

Ötən illərlə müqayisə etsək, görərik ki, bu gün də Azərbaycanın mədəni və elmi həyatının tərəqqisinə Naxçıvan Mux­tar Respublikası öz dəyərli töhfələrini ver­miş, bu sahədə inkişaf yüksək səviyyəyə çatmış və böyük uğurlar qazanılmışdır. Tarixi və mədəni irsin qorunması və təb­liği, mədəni-elmi potensialın inkişaf et­dirilməsi diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası və yeni­dən qurulması dönməz xarakter hal almış­dır. Azərbaycan mədəniyyətinə və elminə əsrarəngiz töhfələr bəxş etmiş naxçıvanlı alimlərin, şair və yazıçıların, görkəmli mə­dəniyyət xadimlərinin adları əbədiləşdiril­mişdir.

Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev Naxçıvanda səfər­də olarkən muxtar respublikanın bütün sahələrində tərəqqini və inkişafı yüksək qiymətləndirərək demişdir: “...Naxçıvanın Türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardr. Naxçıvanın strateji əhəmiy­yəti, tarixi, mədəniyyəti, tarixi abidələ­ri, bizim böyük dəyərlərimizdir, böyük sərvətimizdir. O da həqiqətdir ki, Azər­baycanın müstəqilliyinin formalaşması, müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçirilmişdir. O vaxt, hələ Sovet İttifaqının zamanında Heydər Əliyevin fəaliyyəti nəticəsində Naxçıvanda, burada görülən işlər bütöv­lükdə Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət daşıyırdı...”. 

Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə 44 günlük Vətən müharibə­sində tarixi ədalətin bərpa olunmasında və 2023-cü il sentyabrın 19–20-si tarixlərin­də Qarabağda həyata keçirilən lokal xa­rakterli antiterror tədbirlərində Naxçıva­nın vətənpərvər, igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar. Onların şücaəti, qəhrəmanlığı kiçikdən böyüyə kimi hər bir kəsin dilində dastana dönmüş, məzarları isə bütün azərbaycan­lılar, o cümlədən, naxçıvanlılar üçün and yerinə, ziyarətgaha çevrilmişdir. 

Qarabağda qazandığımız Şanlı Zəfər­dən sonra 2021-ci il mayın 10-da Nax­çıvan Muxtar Respublikasına səfəri ilə bağlı təəssüratlarını bölüşən dövlətimizin başçısı İlham Əliyev demişdir: “Təəssü­ratlarım çox müsbətdir. Hər zaman Nax­çıvanda olanda, buradakı inkişafı görən­də çox sevinirəm. Bu, mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsin­də bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir... Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən in­kişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Prezident İlham Əliyev prezidentliyi müddətində 15 dəfə muxtar respublikada səfərdə olub. Bu səfərlərdə dövlət başçı­sı qədim Naxçıvanımızın sosial-iqtisadi və mədəni inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar, dövlət proq­ramları imzalayıb. Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosi­al-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Res­publikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı qədim di­yarımızın zəngin dövlətçilik tarixində, ölkəmizin inkişafında mühüm yer tutdu­ğunun bariz göstəricisidir. 

İnanırıq ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası və onun ayrılmaz parçası – Naxçıvan diyarı daim öz müstəqilliyini, azadlığını, bütöv­lüyünü qoruyub saxlayacaq, bütün siya­si-iqtisadi və mədəni proseslərin önündə gedənlərdən olacaq. Elm, təhsil, idman, iqtisadi, siyasi, mədəni, demək olar ki, bütün sahələrdə üçrəngli bayrağımız dün­yanın hər yerində vüqarla, qürurla dalğala­nacaq, bizim, dostlarımızın və gələcək nə­sillərin birlik, azadlıq, bütövlük simvoluna çevriləcəkdir. 

Samirə HƏSƏNOVA,
Naxçıvan Müəllimlər İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru 

Избранный
156
50
xalqqazeti.az

10Источники