RU

“Bəzən kitablar uşaqlara faydadan çox ziyan verir” - PSİXOLOQ

Dərs ilinin açılmasına sayılı günlər qalıb. Yay tətili boyunca uşaqların gündəlik məşğuliyyətlərinə ən çox kompüter və telefon oyunları daxil olub. Təbii olaraq valideynlər bundan şikayətlənir və övladlarını mobil cihazlardan uzaqlaşdırmaq üçün müxtəlif yollardan istifadə edirlər.

 

Bəs, gənclərin oyunlardan daha çox şəxsi inkişafa, kitab oxumağa yönəlməsi üçün nə etmək lazımdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a psixoloq Əfsanə Rüstəmova açıqlama verib.

 

Psixoloq bildirib ki, hazırda kitab oxuma faizi uşaqlar arasında nisbətən aşağıdır, amma bu heçdə onların informasiya almadığı, özlərini inkişaf etdirmədikləri mənasına gəlmir.

 

“Əlbəttə ki, insanlar informasiyanı müxtəlif yollarla öyrənirlər. Kimisi görərək, eşidərək, diskussiya edərək, hiss edərək, kimisi isə sadəcə oxuyaraq ya da eyni anda bir neçə yol vasitəsilə informasiya qəbul edə bilir. Onlar sadəcə informasiyanı qəbul etməyin başqa yolunu seçiblər. Hazırda uşaqların böyük bir qismi oyun və içərisindəki personajlar sayəsində inforamsiya alır, dünya görüşlərini buna əsasən formalaşdırırlar.

 

Hazırda 0-10 yaş arası olan uşaqların mövcud olacağı mühit bizim mühitimizlə uyğunlaşmayacaq. Bu səbəbdən biz onlara görə narahat olmamalıyıq. Çünki onlar gedişatın tələbinə uyğun özlərini inkişaf etdirəcək və dövrün tələblərinə uyğun adaptasiya olacaqlar. Ümumilikdə, mənim yanaşmam bundan ibarətdir ki, hər kəs öz dövrünün tələbi nədirsə, özünü ona uyğun formalaşdırsın. Yəni valideynlərin övladlarına təzyiq göstərməsi, həyatlarına hədsiz dərəcədə müdaxilə etməsi düzgün deyil”.

 

Psixoloq qeyd edib ki, valideynlər yalnız öz həyatlarından örnək verərək övladlarına məsləhət verə bilərlər:

 

“Yaş səviyyəsindən asılı olaraq uşaqları nəyəsə məcbur etmək olmaz. Xüsusi uşaqlar var ki, biz yalnız onları məcbur etmə, təzyiq göstərmə, məruz buraxma kimi davranışlar göstərə bilərik. Ümumilikdə uşaqlar öz dövrünün tələblərini bizdən daha tez duyur və onlara lazım olan resurslara yiyələnmək üçün yollar axtarıb tapırlar. Tapdıqları yollar bizim onlara təklif etdiyimiz yoldan daha dəqiq olur”.

 

Psixoloq qeyd edib ki, kitab oxumağın faydaları ilə yanaşı, zərərli tərəfləri də mövcuddur:

 

“Ona görədə valideyinlər uşaqlarını kitab oxumağa məcbur etməməlidir. Sadəcə klassik və dünyagörüşü formalaşdıracaq kitabları məsləhət verə bilərlər. Onu da qeyd edim ki, hazırda yaranan yeni nəsil ədəbiyyatlarda uşaq psixologiyasına zərər verən bir çox nüanslar var”,- deyə psixoloq fikrini tamamlayıb.

Избранный
98
azedu.az

1Источники