Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şəxslər - Hüseyn İmanov, Babək Əhmədov və Nurəddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesinin ilk baxış iclası keçirilib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Həsən Əhmədov ifadə verib.
O, bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız Nurəddin Şıxəliyevi tanıyıb: "Türkiyədə Nurəddin, Əli və Xəlil ilə birgə qızıl oğurlamışdıq. Hərəyə 3 min pul düşmüşdü, Əliyə isə 1500 manat pul düşdü. Bizə qızıl apardığımız yeri o demişdi, amma oğurluq vaxtı iştirak etməmişdi. Qızılları bu hadisədən 2-3 ay qabaq oğurlamışdıq. Belə məsləhət oldu ki, oğurluq qızıllar məndə qalsın. Mən də apardım qızılları bacımgilə qoydum. Oradan da Namiq gəlib aparmışdı. Qardaşım Amilgilin evində qalırdım. Qapıdan çıxanda Nurəddin Ford ilə qabağıma çıxdı, mənə dedi gedək oturaq söhbət edək. Gedib oturub Hövsanda mən, qardaşım Amil, Nurəddin və tanımadığım 2 nəfər ilə kafedə çay içdik. Üçümüz oturduq maşına digər kafeyə getdik. Ora Babəklə Hüseyn də gəldi. Babək dedi ki, bu qızıl türkün deyil Nurəddinə çatmalıdır. 2 kafe gəzəndən sonra məni apardılar Ramanada olan kafeyə. Orada yenidən məndən guya dəyəri 100 min manatdan çox olan oğurluq qızılları istədi, mən dedim sənə qızıl verə bilməyəcəm. Kafedən çıxandan sonra qardaşım Amil çıxdı getdi. Ona dedilər ki, narahat olma, Həsənlə biz duz-çörək kəsmişik. Sonra getdik tanımadığım evə, mənə dedi ki, problem yaşayacaqsan, qızılı çatdırmalısan. Sonra Babəklə Nurəddin bir şillə, bir də yumruq vurdular mənə. Nurəddinin üstündə deyəsən bıçaq var idi. Xəlil qardaşıma telefonda səs ataraq 50 min manat pul istədi. Telefonumu da əlimdən almışdılar. Məni başqa yerə aparmaq istəyəndə qaçıb çanta satılan bir mağazaya girdim və onlardan kömək istədim. Orada mənə kömək eləmədilər. Mən başqa bir evə girib stolun üstündən bıçaq götürdüm ki, özümü müdafiə edim və onları qorxudum. Sonra polis çağırdılar, gəlib məni apardılar. Qaçmağıma səbəb isə Xəlillə Nurəddin arasında məni başqa yerə aparıb döyməklə bağlı danışıq oldu. Belə ki, fikirləri var idi məni aparıb həyət evində döysünlər, çünki olduğumuz ev bina evi idi".
Məhkəmə prosesi sentyabrın 26-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu külli miqdarda əmlak tələb etməklə törədildikdə), 144.2.3 (adam oğurluğu) və 180.2.5-ci (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu