1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin müdafiə xərclərini artırmaqla bağlı çağırış edib. Təşkilat rəhbəri bunu Rusiya və Çin başda olmaqla qlobal təhdidlərlə əsaslandırıb. Hazırda Polşa, Estoniya, Amerika Birləşmiş Ştatları, Latviya və Yunanıstan daxil olmaqla yalnız 5 NATO ölkəsinin ümum daxili məhsulunun 3 faizindən çoxunu müdafiəyə xərclədiyinə diqqət çəkən baş katibin Müdafiə Siyasəti və Planlaşdırma üzrə müavini Angus Lapsley isə digər üzv ölkələri də ÜDM-in ən azından 2 faizindən çoxunu müdafiə xərclərinə və silahlanmaya ayırmasının zərurət olduğunu deyib.
Lakin o da istisna deyil ki, davamlı silahlanma həm də ciddi risklər, potensial müharibələr deməkdir və bu baxımdan, bu kimi fəaliyyətlər təhlükəsizlikdən daha çox təhlükəli vəziyyətlərin yaranması ilə nəticələnə bilər. Çünki NATO bu yanaşma ilə bir növ Qərb ilə Şərq arasında yeni qarşıdurmaya hazır olmağın ismarışını verir.
Məsələni Oxu.Az-a dəyərləndirən beynəlxalq münasibətlər üzrə şərhçi Yeganə Hacıyevanın sözlərinə görə, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar bütün dünyanı fakt qarşısında qoyub:
"İkinci Dünya müharibəsindən sonra Qərb adlandırdığımız dünyanın aparıcı coğrafiyası olan Avropanın təhlükəsizliyi üçün yeni hədələr formalaşmağa başlamışdı. Xüsusi ilə postsovet ölkələrində, ələlxüsus da 2008-ci və 2014-cü illərdə Ukraynada gedən proseslərə yetərincə diqqət ayrılmaması beynəlxalq hüququn çox zaman işlək olmaması faktını ortaya qoydu. Ukraynadan əvvəl isə bunun ən böyük nümunəsi Azərbaycanla bağlı oldu. 30 ilə yaxın torpaqlarımız işğal altında oldu, amma heç vaxt beynəlxalq ictimaiyyətdən lehimizə müsbət reaksiya verdiyini görmədik. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxması ilə bağlı qətnamələri isə sadəcə sənəd üzərində qaldı və nəhayət Azərbaycan öz torpaqlarını öz gücünə işğaldan azad etdi. Bu proseslər bütün dünyada gücün daha vacib və legitim olması reallığını bir daha sübut etdi və ölkələrə güclü olmaq ehtiyacı formalaşdırdı. Ona görə də hazırda əksər ölkələr öz maraqlarının müdafiəsində ənənəvi güc faktorundan istifadənin doğru olduğunu və buna əsaslar formalaşdırmağa başladılar. Bu gün də bütün dünyada gedən silahlanma yarışını bu kontekstdən dəyərləndirmək lazımdır."
"Bu proseslər Cənubi Qafqazla yanaşı, postsovet ölkələrinin hamısında, eləcə də Yaxın Şərqdə, həmçinin Mərkəzi Asiyada eyni tərzdə irəliləyir. Bu regionlarda gedən proseslərə beynəlxalq hüquqla rəy verilmir deyə, məcburən gücə üstünlük verilir və gücün də özünü sübuta yetirməsi ona gətirib çıxarır ki, silahlanmaq lazımdır. NATO-nun Baş katibinin açıqlaması da bundan xəbər verir. Biz öz regionumuzda da silahlanma yarışını görməkdəyik. Belə ki, Ermənistan durmadan silahlandırılır və adekvat olaraq da, bölgənin digər ölkələri də silahlanma ehtiyacı duyur. Bu da sözügedən silahlanma yarışına gətirib çıxarır. Konflikt içində olan regionların hamısında situasiya eyni formada cərəyan edir", - deyə şərhçi vurğulayıb.
Müsahibimiz bu prosesləri ənənəvi-köhnə dünyanın sıradan çıxması, yeni dünyanın formalaşması ilə əlaqələndirib:
"Lakin bəzən bu dəyişikliklər bəzi regionlar üçün, hətta tektonik olur. Buna əsas nümunə kimi Yaxın Şərqi göstərə bilərik. Məsələn, keçən əsrin sonundan Yaxın Şərqdə başlayan dəyişikliklər bu bölgəni yeni əsrin 10-cu illərindən etibarən aktiv şəkildə tektonik dəyişikliklərə məruz qoydu və bu dəyişikliklərin sonunun necə olacağı ilə bağlı hələ də dəqiq məlumat yoxdur. Eyni proseslər digər coğrafiyalarda da xarakterik formada davam edir. Yəni hansı coğrafiya üçün nə xarakterikdirsə, həmin coğrafiyalarda da problemlər o istiqamətdə formalaşır. Hazırkı dövrdə isə yeni dünyanın formalaşma mərhələsindəyik. Silahlanma yarışı da bu prosesdə özünü müdafiə strategiya kimi seçilib, bütün ölkələr bunun üzərində işləyir. Çünki bu gün, təəssüf ki, bu reallığın alternativi yoxdur."
"Lakin unutmaq olmaz ki, istənilən silah yarışı yeni müharibələrə səbəb olacaq və heç bir region bu münaqişələrdən sığortalanmayıb. Regionlarda sülh və stabillik, təhlükəsizliyin təmin olunması üçün əsas işlək oyunçuların mövqeyində isə çox şey asılıdır. Amma hələlik görünən odur ki, dünyanı ciddi siyasi kataklizmlər gözləyir ki, bu da əslində, köhnə dünyanın yenidən bölüşdürülməsi prosesidir. Stoltonberqin "Avropa silahlanmalıdır" fikrini də bu qarğaşada Avropanı müdafiə etmək, Avropa ölkələrinin müdafiə sənayesinə çoxlu maliyyə vəsaiti ayırmaq və nəhayət, Avropa İttifaqının müdafiə sahəsinə çoxlu maliyyə ayırmaq çağırışı kimi dərinləndirmək lazımdır", - deyə Hacıyeva fikrini yekunlaşdırıb.
Mərahim Nəsib