RU

COP29-un maliyyə dövriyyəsinə nəzarət ali audit orqanı ilə birgə aparılır

COP29-un maliyyə dövriyyəsinə nəzarət ali audit orqanı ilə birgə aparılır.

 

Pravda.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat Xidməti məlumat yayıb.

 

“Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı hazırlıq tədbirləri davam edir. Hazırlıq çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə ictimaiyyətə mütəmadi məlumatlar təqdim edilir. Konfransın keçirilməsi üçün dövlət büdcəsində müvafiq ayırmalar təsdiq edilib. Qeyd edək ki, ayrılmış vəsaitlər hesabına dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri olan beynəlxalq konfransın yüksək səviyyədə təşkili və zəruri infrastrukturun qurulması üzrə işlərin aparılması nəzərdə tutulur.

 

COP29-a ayrılmış dövlət vəsaiti üzərində maliyyə nəzarətinin həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları ilə birlikdə ölkənin ali audit orqanı tərəfindən konfransın təşkili üzrə maliyyə idarəetməsinin, ayrılmış dövlət vəsaitinin təsdiq edilmiş göstəricilərə, bağlanılmış müqavilə məbləğlərinin aidiyyəti istiqamətdə ayrılmış vəsaitə, habelə müqavilələrin icrasının müqavilə şərtlərinə uyğunluğunun, həmçinin müvafiq sənədləşmənin tamlığının qiymətləndirilməsi aparılır. Məqsəd maliyyə nəzarətinin keçirilməsi zamanı pre-auditə (ilkin auditə) dair müvafiq audit prinsiplərində qeyd olunan məqamlar da nəzərə alınmaqla maliyyə pozuntuları baş verməzdən öncə onların qarşısının alınmasıdır.

 

Eyni zamanda, maliyyə nəzarətinin aparılmasında məqsəd hesabatlılıq və şəffaflıqla yanaşı, tədbirin təşkili üçün ayrılmış vəsaitin səmərəli istifadə olunması və qənaət olunan məbləğlərin büdcəyə qaytarılmasıdır.

 

Qeyd olunmalıdır ki, tədbir başa çatdıqdan sonra icra olunmuş bütün xərclərin auditi üzrə müvafiq qaydada həm beynəlxalq təşkilat, həm də Hesablama Palatası tərəfindən hesabatın və auditor rəyinin hazırlanması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.

Tarix: 5 Sentyabr 2024, 18:08   
Избранный
100
49
pravda.az

10Источники