RU

Fransalı siyasətçilər prezidentə qarşı ayaqlandılar: Makron üçün "əcəl zəngi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransada prezident Emmanuel Makronun yarıtmaz siyasətindən boğaza yığılan fransız xalqının Avropa Parlamentinə seçkidə ifrat sağçıların qələbəsinə səs verməsi Makron hakimiyyətinin laxlamasını göstərən ilk amil oldu. Hətta, bu məğlubiyyət parlamentin buraxılması ilə nəticələndi. Düzdür, siyasi-ideoloji baxımdan ifrat sağçılar da arzuolunan siyasi dəst-xət yürütməsələr də, Fransa vətəndaşları "Makron olmasın, kim olur-olsun" prinsipi ilə pisin daha yaxşısını seçiblər. Bir sözlə, Makron Fransanı o qədər uçuruma aparıb ki, onun hakimiyyətdən getməsi üçün hamı bir nəfəri kimi əlindən gələni edir.
Əbəs deyil ki, ötən gün siyasətçilər də xalqa qoşulub, Fransa Milli Assambleyasının 80-dən çox deputatı Emmanuel Makronun iqtidardan uzaqlaşdırılması ilə bağlı qətnamə imzalayıb. "Yeni Xalq Cəbhəsi" sol blokundan olan 81 deputat, həmçinin "Yaşıllar" və "Sol Demokratlar və Respublikaçılar" qrupundan olan bir sıra digər deputatlar petisiya başladıblar. Bunun ardınca isə Fransanın solçu "Yenilməz Fransa" Partiyası Makrona qarşı impiçment prosedurunun başlamasına dair qətnamə layihəsini assambleya üzvlərinə göndərib. Yəni, Makron elə bir uğursuz siyasət həyata keçirir ki, ona qarşı ideoloji olaraq bir-birinə düşmən mövqeyi bəsləyən solçular və sağçılar belə eyni mövqedən çıxış etmək qərarına gəliblər. Bir sözlə, artıq Makronun nəinki rəqibləri, öz tərəfdarları da ona qarşı çıxır, ayaqlarının altındakı Yelisey sarayını titrətməyə başlayıblar. Çünki Makronun avtoritarlığa meyilliliyi, özünü diktator kimi aparması, impulsiv qərarlar qəbul etməsi, dövlət idarəçiliyində ciddi problemlər, daxili çətinliklərin, sosial gərginliyin artması onun siyasi iflasını, siyasətinin isə parodiyaya çevrilməsini şərtləndirən əsas səbəblərdir. Artıq Fransada rəsmi və qeyri-rəsmi hər kəs anlayır ki, Makronun hakimiyyətdə qalması Parisin düşən nüfuzunu getdikcə daha da dərinləşdirir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Turab Rzayev də hesab edir ki, Makronun siyasi böhran yaradacağı əvvəldən bəlli idi:
"Çünki faktiki olaraq bu adamın həm beynəlxalq, həm də daxili siyasətdə atdığı bir sıra addımların real səbəbi bilinmir və bu, çaşqınlıq yaradır. Təsəvvür edin ki, əvvəlcə o, xarici siyasətdə, xüsusən də Ukrayna mövzusunda Rusiyaya loyal münasibət götürür, ABŞ və Böyük Britaniyaya qarşı mövqe ortaya qoyurdu. Daha sonra isə Avropaya təklif etmişdi ki, Rusiyaya müharibə elan edilsin. Yəni, bu qədər qeyri-sabit bir siyasi tip bağışlayırdı. Son olaraq Avropa İttifaqına (Aİ) seçkidə də əvvəlcədən sağ partiyaların qələbə qazanacağı, Makronun partiyasının isə lazımi qədər səs toplaya bilməyəcəyi deyilirdi ki, belə də oldu. Belə olan təqdirdə Makron siyasi risk etdi və ölkədə vaxtından əvvəl parlament seçkisinə getdi. Qəribədir ki, həm sağ partiyaların yüksəldiyi bir dövrdə, həm də ona qarşı digər sol partiyaların inkişaf mərhələsinə qədəm qoyduğu zamanda Makron belə bir siyasi avantüraya əl atdı və bunun nəticəsində onun partiyası uduzdu. Bu dəfə sağ partiyalar kifayət qədər səs toplasalar da, lakin parlamentin yenə də əsas partiyası ola bilmədilər. Sol partiyalar demək olar ki, parlamentdə çoxluq əldə etdilər və yeni baş nazir seçdilər. Faktiki olaraq isə Makron hazırkı Baş nazir Mişel Barnye ilə yola getmir. Çünki Makron və baş nazir fərqli partiyaya mənsubdurlar. Yəni, faktiki olaraq indi həmin partiyaların bir çoxu, "Yeni Xalq Cəbhəsi" sol blokundan olan deputatlar, "Yaşıllar", həmçinin Makronla eyni partiyanı təmsil edən deputatlar ona qarşı sərt mövqeyə keçiblər. Hazırda Makronu faktiki hakimiyyətdən uzaqlaşdırmaq mərhələsinə qədəm qoyublar".
Ekspert hesab edir ki, Makron uduzduğunu dərk edir, üstəlik ölkədə iqtisadi problemlər çoxalıb, ona görə də məqsədyönlü şəkildə siyasətdən uzaqlaşır ki, hakimiyyətə gələn neonasistlər və yaxud solçular kritik dövrdə situasiyanı idarə edə bilməsinlər və xalqın gözündən düşsünlər:
"Makron da bundan sui-istifadə edib yenidən siyasətə qayıtsın. Yəni, bu şəkildə rəqiblər sıradan çıxacaq, Makron yenidən hakimiyyəti ələ keçirəcək və daha sərt siyasət yürüdəcəkdi. Ancaq siyasətdə bu cür riyazi hesablamalar əks effekt də verə bilir, necə ki, parlament seçkisi ilə bağlı Makronun hesablamaları özünü doğrultmadı və özü hakimiyyətdən uzaqlaşdırıla bilər".
Mərahim Nəsib
Избранный
171
5
oxu.az

10Источники