“İlk növbədə bildirmək lazımdır ki, psixoloji narahatlıq tibbi narahatlıq qədər vacibdir və həyatı dözülməz hala gətirə bilir. Bu zaman insan həyatından məmnun olmur, tez-tez narahat hiss edir və münasibətlərində davamlı problemlər yaranır. Bu problemlər içərisində elələri var ki, zamanında korreksiya edilmədikdə intihar hallarına da gətirib çıxara bilir. Bununla bağlı bir çox suallar alırıq: “İnsan nə zaman hiss edir ki, psixoloqa müarciət etməlidir?”, “Psixoloqa müraciət edən insanlar içərisində hansı yaş aralığı üstünlük təşkil edir?” və s. tipli misal göstərə bilərəm.
Bildirmək olar ki, psixoloqa müraciət etmək üçün şərt deyil ki, insan ağır bir psixoloji sarsıntı keçirsin və ya travma yaşasın”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.
O bildirib ki, insan hüzursuz ola bilər, həyatından məmnun olamaya bilər və ya həyatında nələrisə dəyişmək istəyə bilər: “Bunlarla bağlı da psixoloqa müraciət edib peşəkar bir yardım ala bilər.
Ümumiyyətlə bildirmək lazımdır ki, psixoloqa müraciət etmənin konkret bir yaşı, yaş aralığı yoxdur. Bu elə bir məsələdir ki, insan bunu özü istəməlidir. Yəni, insan yaşadığı problemini başa düşməli və düzəltmək üçün addım atmalıdır. Bəzən insanlar narahatçılıqlarını önəmsəmir və qısa vaxtda keçib gedəcəyini deyirlər,məsələn: davamlı özünü stessli, gərgin hiss edir, hadisələrə, ətrafında olanlara daha çox aqressiv reaksiya verir və s. kimi halları sadalamaq olar. Ancaq, biz şahidi oluruq ki, bir çox psixoloji narahatçılıqlar zaman keçdikcə nəyinki gedir, hətta dərinləşə bilir. Bunun nəticəsində də qeyd etdiyim kimi ümumi həyat fəaliyyətinə mənfi təsir edir, istər iş yerində, istər ailədə, dostlar arasında və s. münasibətlərdə problemlər yaranmağa başlayır.
Psixoloq məsələyə professional şəkildə yanaşır və problemin həll olunmasında praktik bilik və vərdişlərindən istifadə edir. Bir məqamı da qeyd etmək yerinə düşər ki, əvvəlki illərə müqayisədə son dövrlər insanlar çəkinmədən, rahat şəkildə psixoloqa müraciət edə bilirlər. Bu da insanların psixoloji durumunun qeydinə qaldığını və tibbi narahatlıqları kimi psixoloji problemlərini də önəmsədiyinin göstəricisidir".