RU

Ermənistan və Gürcüstan Putinin həbs edilməsini dəstəkləyən bəyannamə imzalayıblar

Ermənistan və Gürcüstan Rusiya prezidenti Vladimir Putinin həbs edilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderini dəstəkləyən Avropa Şurasının (AŞ) bəyannaməsini imzalayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə sənəd AŞ-nin saytında dərc olunub.

Litvanın sədrliyi ilə keçirilən iclasda AŞ-yə üzv və müşahidəçi dövlətlərin ədliyyə nazirləri sənədi qəbul ediblər.

Bəyannaməni Ermənistan və Gürcüstanla yanaşı, Litva, Latviya, Estoniya, Ukrayna və Moldova, həmçinin ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya və bir sıra digər ölkələr dəstəkləyib. 

Azərbaycan, Türkiyə, Macarıstan, Bosniya və Herseqovina, Slovakiya və Serbiya isə sənədi dəstəkləməkdən çəkiniblər.

Sənəddə Putinlə yanaşı, Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və digər Rusiya siyasi xadimlərinin həbsinə dair orderlər qeyd olunub. 

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
134
50
operativmm.az

10Источники