RU

Erməni müxalifəti də keşişdən imtina edir- Paşinyana qarşı yeni cəbhə qurulur...

Image

Ermənistanda bəzi siyasi fiqurlar yeni müxalifət formalaşdırmaq məqsədilə aktiv fəaliyyətə başlayıblar. Bu barədə “Qraparak” qəzeti məlumat yayıb. Nəşr daha sonra qeyd edir: “Onlar mərkəzçi qüvvənin formalaşdırılması istiqamətində siyasi məsləhətləşmələr aparırlar. 

Hesablamalarına görə, seçkilərdə qalib gəlmək şansı böyük olacaq, çünki yeni qüvvə nə indiki, nə də keçmiş hakimiyyətlə əlaqəli olacaq.  
 Bu qüvvə ilk növbədə öz qarşısına Ermənistandakı psevdoqərbçilərin maskasını cırmaq, onların Ermənistanın düşməni olduğunu və Nikol Paşinyanın maraqlarına xidmət etdiyini cəmiyyətə göstərmək vəzifəsini qoyacaq. Məsləhətləşmələrdə Ermənistanın keçmiş Ombudsmanı Arman Tatoyan, İrəvanın keçmiş meri Hayk Marutyan, Erməni Milli Konqresi, “Həyat üçün ölkə” və bir sıra digər qüvvələr iştirak edib. Bu alyans hətta Edmon Marukyanın baş nazir postuna namizədliyini də nəzərdən keçirib, lakin müzakirələr nəticəsində onun yeni qüvvə sıralarına daxil olmasının zərərli ola biləcəyi qənaətinə gəliblər”. Bütün bunlar həm də o deməkdir ki, arxiyepiskop Baqrat Qalstanyanın müxalif hərəkatına ümidlər tükənib. Maraqlıdır ki, arxiyepiskop   Ermənistanın hakim administrasiyasının başına qaynar payız təşkil edəcəyini vəd etsə də, əvəzində hərəkatın sıralarında vəziyyət kəskinləşir. Ermənistanın “Past” nəşri yazır ki, Suren Petrosyan-Qarnik Danielyan “atışması” yeni təzahürlər alır, tərəflər açıq şəkildə bir-birini yalan danışmaqda ittiham edirlər. Xatırladaq ki, Suren Petrosyan “Vətən naminə Tavuş” hərəkatının həmtəsisçilərindən biridir. Petrosyan hərəkatın artıq söndüyünü, iflasa uğradığını etiraf edir. 

“Alternativ layihələr”in həmtəsisçisi Vahe Ovannisyan da hərəkat barədə mənfi fikirlərini bildirib. “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan isə “Vətən naminə Tavuş” hərəkatına qarşı çıxanları ruslara işləməkdə ittiham edib. Bunlar fonunda “Past” nəşri yazır: “Petrosyan Danielyanı yalan danışmaqda ittiham edib, onun hərəkatda iştirakı ilə bağlı şayiələri təkzib edib. Petrosyanın sözlərinə görə, hərəkat başlamazdan əvvəl Voskepar sakinləri ona deyiblər ki, Qalstanyan kəndə gələndən sonra onun arxasından yolu bağlamaq lazımdır, çünki daşnaklar, Köçəryanın və Sarkisyanın tərəfdarları gələcəklər. Petrosyan bildirib: “Mən söz vermişdim ki, müxalifətin növbəti mübarizəsi olmayacaq, amma sonda “Müqavimət-2” hərəkatı yarandı. Belə çıxır ki, mən kənd sakinlərini aldatmışam”. Danielyan isə Petrosyanı Paşinyan narrativi yaratmaqda və “keçmiş ağrılardan” əziyyət çəkməkdə ittiham edir: “Ermənistanda bütün problemlər insanların ambisiyalarının onların qabiliyyətlərindən qat-qat böyük olmasıdır”. Beləliklə də “Vətən naminə Tavuş” hərəkatının daxilində vəziyyət gərginləşir.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da bu hərəkatdan gözləntilərin özünü doğrultmadığını vurğulayır. Baqrat Srbazanın payızda küçə mübarizəsi ilə uğur qazanmağın mümkünlüyü ilə bağlı fikrinə gəlincə, Baqratyan qeyd edib ki, bəlkə də mümkündür: “Ancaq onun özündən başlayaq: hamımız ona dedik ki, razılaşırıq, o nəsə etməlidir. Mən heç nə görmürəm. Biz hələ də Baqrat Srbazanı dəstəkləyirik, sentyabrda qayıdacağıq, bundan sonra limit bitəcək. Əgər onun siyasi fikri bizimkindən aşağıdırsa, biz bunu bir daha deyəcəyik”. Beləliklə, Baqratın “payız perspektivləri”nə inam azalıb. Bu mövqedə olanların əsas siyasi arqumenti ondan ibarətdir ki, hələ bir neçə ay əvvəl Baqrat açıq-aşkar fiaskoya uğrayıb. Çünki o, nəinki Paşinyan hökuməti üçün ciddi problemlər yarada bilmədi, hətta onları nəzərəçarpacaq siyasi iğtişaşlar yaşamağa belə məcbur edə bilmədi. Ermənistan hakimiyyəti onun hərəkətlərinə, demək olar ki, mane olmadı, hər şey demokratik şəraitdə baş verdi, təhlükəsizlik qüvvələri müdaxilə etmədi. Qalstanyanın siyasi fəaliyyətinin bu şəraitdə uğursuzluqlara uğraması fiasko oldu. Belə vəziyyətdə  Baqrat hər gün yeni siyasi tələblər və şüarlarla çıxış etdi, hətta siyasi aksiyaların mərkəzini Rusiya hərbi bazasının yerləşdiyi Gümrüyə köçürməyə çalışdı, lakin ətrafına kifayət qədər ictimai kütlə toplaya bilmədi. Sonda, necə deyərlər, payıza qədər “siyasi taym-aut” götürməyə məcbur oldu. Daha ciddi siyasi arqument ondan ibarətdir ki, amerikalıların keçirdiyi ictimai sorğularda Baqrat Qalstanyan cəmi 1,5 faiz ictimai dəstək alıb və bu, ciddi siyasi aksiyalar keçirmək üçün çox kiçik rəqəmdir. Bu fonda Baqratın payızda Ermənistanda hər hansı nəzərəçarpacaq siyasi iğtişaşlar təşkil edə biləcəyinə şübhə ilə yanaşılır. Bu vəziyyətdə müxalifət yenidən təşkilatlanmağa çalışır. Qalstanyan özü isə qeyd edir: “Ermənistanda hökumətin devrilməsi üçün müvafiq tədbirlərin başlanması planlaşdırılır. Hazırda hökumətin devrilməsi üçün mümkün tarixlər barədə danışa bilmərəm, bu çox vaxt tələb edir. Biz qarşıya müvafiq məqsəd və vəzifələr qoymuşuq”. Amma bunların blef olduğunu artıq Ermənistanda da qəbul edirlər.

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
baki-xeber.com

1Источники