RU

“Kartı göndər, beh atım” – İnkişafın dalana dirənən tərəfi

Müasir texnologiyalar inkişaf etdikcə dələduzluq da müasirləşir. Keçmişdə insanlar müxtəlif formalarla ya insanların evinə, ya da cibinə girib soyurdularsa, indi bunu onlayn formada həyata keçirirlər. Son zamanlar isə dünyanı ağuşuna alan süni intellekt tendensiyası bəzi kiberdələduzların silahdaşına çevrilib. Onlar süni intellekt vasitəsilə insanları asanlıqla aldadıb, pullarını mənimsəyirlər.Maraqlıdır ki, süni zəka yeni yaranmayıb, əslində tarixi qədimdir. Süni zəka ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni zəkanı "maşınları intellektual etmək elmi və mühəndisliyi" adlandırıb. Zəkaya malik olan maşınlar və digər süni aparatlar barəsində yazılı fikirlərə hələ qədim rast gəlmək olar. Zəkaya malik avtomatlaşdırılmış maşınlar , , , , və digər ixtiraçılar tərəfindən qədim dövrlərdən bəri hazırlanıb. Hətta o zamanlar süni zəka dərsləri də tədris edilirdi. Sadəcə son illər bu termin inkişaf etdirilib, yeni versiyaları yaradılıb və uğurlu nəticələr əldə edilib. Həm də indi bu vasitələr hər kəs üçün əlçatandır.Görəsən, yeni texnologiyaların inkişafı hansı yeni cinayət növlərini yaradır? Bu nə dərəcədə təhlükəlidir?Tanınmış texnobloqçu Fərid Pərdəşünas Facebook-dakı hesabında bu məsələlərlə bağlı tez-tez paylaşımlar edir, insanları məlumatlandırır: “Çox təhlükəli və dəhşətli dələduzluq növü yayılıb. Yenidir, diqqətli olun. Artıq Azərbaycanda qurbanlar var və külli miqdarda vəsait talanıb. Deməli, valideyninizə zəng gəlir. Dəstəyin o tərəfində olan səsinizin süni intellektlə klonlanmış variantıdır. Valideyninizə sizin öz səsinizlə qəza keçirib, yararlı olduğunuzu və kimisə avtomobillə vurduğunuz deyilir. Burada səs klonlanır və evdə olan valideyndə sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır. Valideyndən təcili formada pul istənilir. Evdə nə var, nə yox hamısı xəstəxana xərcləri üçün tələb olunur. Hətta, inandırıcı olsun deyə, dəstəyi yanında olan saxta polis və ya prokuror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır. Növbəti mərhələdə övlad valideyninə özünün gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan bir nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11,000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır. Mənim ilkin araşdırmalarıma görə, hətta binanın önünə gələn şəxs də başqa dələduzluğun qurbanıdır, sadəcə kuryer funksiyasını daşıyır. Film kimi ssenari qurulub. Ehtimal edirəm ki, bu dələduzluğu edənlər Azərbaycanda deyil. Yenə də son açıqlama DİN-dən olacaq. İndiki halda maksimum diqqətli olun. Proses çox inandırıcıdır və hədəf yaşlı insanlardır”.Texnobloqerin növbəti paylaşımı isə belədir: “Diqqətli olun! Pul qazanmaq istəyərkən cinayətə ortaq ola bilərsiniz. "Telegram" platformasında vətəndaşlara iş təklif olunur. Təklif belədir ki, sizə bir nəfər məktub yazır və deyir ki, özüm xaricdəyəm, nənəmdən pulu götürüb kriptovalyuta alıb, mənə göndərmək lazımdır. Əvəzində o pulun üzərindən yükləyəndə xidmət haqqını götürərsən. Bununla razılaşan vətəndaşlar pulu götürmək üçün nənənin yanına gedirlər. Sizcə o nənə kim olsa yaxşıdır? Övladı adından onun səsi ilə dələduzluğa məruz qalmış, qəza ilə adam vuran uşağına evdəki pulunu göndərən yaşlı qadın. Mexanizm belə qurulub. Həmin o kuryer də pulu kriptovalyuta ilə özü də bilmədən xaricə göndərir və beləcə pulun kimə çatdığı məlum olmur. Azərbaycanda qurbanlar var. 10.000-dən çox vəsaitini itirənlər var. Azərbaycan Daxili İşlər Nazirliyi bir neçə kuryeri saxlayıb və bununla bağlı kütləvi xəbərdarlıqlar edib. Bu dünyada yayılmış məşhur dələduzluq və talama növüdür. Pul Azərbaycandan çıxarılır. Hara getdiyi də məlum olmur. Ümumiyyətlə bu işi görənlər Azərbaycanda deyillər. Sadəcə vətəndaşlardan kuryer kimi istifadə edirlər. Yenə "Telegram", yenə kriptovalyuta. Cinayətdə iz itirmək üçün sui-istifadə olunan texnologiyalar”.Bəs, kiberdələduzluğun yeni növləri ilə mübarizə necə aparılmalıdır? Və bu mübarizədə mətbuatın rolu nədən ibarət olmalıdır?Mövzu ilə bağlı Pressklub.az-a danışan informasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev deyib ki, son dövrlər məşhur olan texnoloji alətlərdən istifadə edərək süni intellekt və neon şəbəkələrlə saxta videolar hazırlanır. Səslər saxtalaşdırılıb təqlid olunur. Cəmiyyətdə nüfuz qazanmış və ya tanınmış şəxslərin adından sadə vətəndaşlara müraciətlər olunur: “Bunun da klassik variantda oxşarlarına baxsaq, bir zamanlar hərbi geyimdə və ya polis geyimindən istifadə edərək insanları aldadan dələduzları xatırlayarıq. Yəni, özlərini başqa bir şəxs qismində təqdim edib aldadaraq dələduzluq əməlləri törədirdilər. İndi də eyni məntiq ilə saxta videolar hazırlanır və həmin nüfuzlu şəxslərin adı ilə saxta videogörüntülər cəmiyyətə təqdim olunur. O zamanlar texnologiya inkişaf etməmişdi, amma yenə də dələduzluq növləri var idi. İndi isə cinayətkarlıq təkmilləşir. Texnologiyadan insanların xeyrinə istifadə edənlərlə yanaşı, belə pis əməllər üçün də istifadə edənlər də var və olacaq”. Müsahibimiz bildirib ki, bu hallarla mübarizə aparmağın yeganə yolu maariflənmədir: “Mütləq şəkildə rəqəmsal savadlılıq artırılmalıdır. İnsanlara bu istiqamətdə mütəmadi olaraq təlimlər verilməli, təbliğat aparılmalıdır. “Hansı halda təhlükə yarana bilər?”, “Nələrə diqqət edilməlidir?” “Nəyə inanmaq olar, nəyə olmaz?” Bu istiqamətlərdə kütləvi maarifləndirici tədbirlər keçirilməlidir. Bu halda insanlar daha ayıq olacaq və aldananların sayı azalacaq”.Ekspert hesab edir ki, mətbuatın, kütləvi informasiya vasitələrinin insanların maarifləndirilməsində rolu çox mühümdür: “Həmçinin hansısa bir poster, bannerlə insanlara psixoloji təsir etmək, onları maraqlandırmaq lazımdır. Yaxud da dövlət qurumları media ilə tədbirlər keçirib, insanları, eləcə də müəllimləri bura cəlb edə bilərlər. Müəllimlər həm ailələrinə, həm də şagirdlərinə bu məsələ ilə bağlı məlumat verə bilərlər”. Görəsən, Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlığa qarşı mübarizəni necə həyata keçirir?Bununla bağlı DİN-in mətbuat katibi Elşad Hacıyev tez-tez rəsmi Facebook səhifəsində məlumatlar paylaşır. E.Hacıyev paylaşımlarından birində bildirib ki, DİN kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi genişmiqyaslı əməliyyat keçirib. Bank və alış-veriş platformalarına oxşar saytlar yaradaraq fişinq yolu ilə vətəndaşları kart məlumatlarının ələ keçirən kiberşəbəkə ifşa edilib. Elektron sübutlar əsasında onların 400-ə yaxın vətəndaşın kartından pul vəsaitləri oğurlayaraq onlara ümumilikdə 500.000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. Digər paylaşımı isə belədir: “Daxili İşlər Nazirliyinə son dövrlər ödəniş sistemləri, online alış-veriş saytları və digər internet resurslarında yeni texnoloji vasitələrdən istifadə olunmaqla müştərilərin kart məlumatlarının ələ keçirilərək pul vəsaitlərinin oğurlandığı barədə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilir. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sosial şəbəkələrdə qanunsuz şəkildə fəaliyyət göstərərək fişinq yolu ilə vətəndaşların kart məlumatlarını əldə edərək xüsusilə külli miqdarda pul vəsaitləri oğurlayan daha bir dəstənin üzvləri Ərtoğrul Akdemir, Şamxal Abbasov, Qnyaz Həsənov və Sabir Hümmətzadə saxlanılıblar. Müəyyən olunub ki, dəstə üzvləri cinayət əlaqəsinə girərək banklar və alış-veriş platformalarına oxşar saxta saytlar hazırlayaraq guya banklar tərəfindən pul uduşlu lotereyalar keçirildiyi, bahalı telefon modellərinin dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətəuyğun olmayan elanlar yerləşdiriblər. Dəstə üzvləri bu elanların geniş yayımı və daha çox vətəndaşın cəlb olunması üçün sosial şəbəkələrdə həmin linklərin ödənişli reklamlarını da təşkil ediblər. Vətəndaşlar saxta linklərə daxil olaraq özlərinə məxsus bank kartlarının məxfi və OTP təhlükəsizlik kodlarını təqdim edəndən sonra qrup üzvləri həmin şəxslərin mobil bank tətbiqlərinə daxil olaraq hesablardakı pulları oğurlayıblar. Saxlanılanlar şəxsiyyətlərinin müəyyən edilməməsi məqsədilə oğurlanmış vəsaitləri müxtəlif şəxslərdən ödəniş müqabilində ələ keçirdikləri kartlara köçürərək sonradan kriptovalyuta hesablarına göndəriblər.Nəzərə almaq lazımdır ki, kartını kibercinayətkarlara maddi maraq qarşılığında istifadəyə verən şəxs də həmin cinayətkar dəstələrin üzvü hesab edilir və qanun qarşısında məsuliyyət daşıyır.Baş İdarədə aparılan araşdırmalar, eləcə də dəstə üzvlərinin gizli şəkildə fəaliyyət göstərdikləri internet resurslarına baxış zamanı aşkar olunan maddi və elektron sübutlar əsasında onların 400-ə yaxın vətəndaşın kartından pul vəsaitləri oğurlayaraq onlara ümumilikdə 500.000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. Sonuncu əməliyyat zamanı saxlanılan Ərtoğrul Akdemir və Şamxal Abbasovun başçılıq etdiyi kiberdəstənin törətdiyi qanunsuz əməllərlə bağlı Baş İdarədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki davam etdirilir”. Elşad Hacıyev kibercinayətkarların yeni əl atdığı digər oğurluq üsullarlarını da ifşa edib. O, paylaşımında bildirib ki, saxta sosial şəbəkə səhifə və profillərin hekayələrində forex vasitəsilə yüksək məbləğlərdə — 10000, 20000, 40000, 50000 min manat uduş əldə etdiklərinə görə hansısa naməlum şəxslərə təşəkkür mətnləri yazılır. Guya həmin şəxs ona pul qazanmağa yardım edib. Bunu görən bir başqa vətəndaş dərhal həmin şəxsdən kömək istəyir, ona da qazanmaq üçün fürsət yaradılmasını xahiş edir. Beləliklə, naməlum adam israrlı xahişlərdən sonra ondan şəxsi bank kart məlumatlarını alır, ilkin yatırım üçün kartda bəlli bir vəsaitin olacağı təqdirdə ona kömək edəcəyini vəd edir. İlkin olaraq xırda məbləğlər köçürüldükdən sonra daha böyük məbləğlər tələb olunur. Xırda məbləğləri könüllü olaraq köçürən vətəndaşımıza bildirilir ki, pul azdır, faiz ödənişləri artıb, sizi oyuna daxil edə bilmirik, əlavə vəsait köçürülməlidir. Vətəndaşımız həmin hesaba pulun köçürülməsi üçün naməlum şəxsə bank kartı məlumatlarını, göndərilən məxfi şifrəni verdikdən sonra kartında olan bütün vəsaiti oğurlanır: “Bir daha vətəndaşlarımıza çağırış edirik, sosial şəbəkə səhifələrində cəlbedici qazanc təklifləri ilə bağlı paylaşımlara həssas yanaşın, heç bir halda şəxsi məlumatları naməlum şəxslərə verməyin. Təhlükə var, SƏN də tələyə düşə bilərsən, Diqqətli ol!”Bundan əlavə, Hacıyev bildirib ki, sosial şəbəkələrdə daha bir kibercinayətkarlıq növü kütləvi yayılmaqdadır. Süni intellektlə İTV-nin adından qanuni mərc oyunları olması ilə bağlı saxta paylaşımlar artır. Ayrı-ayrı şəxslərin səsi ilə linklərə daxil olmağa, oyunlarda iştiraka təşviqlə bağlı reportaj-müsahiblər əsasında çaşdırıcı resurslar yaradılıb. Son olaraq, DİN-in əməkdaşı bildirib ki, kibercinayətkarlığa qarşı davam etdirilən mübarizə tədbirləri -əməliyyat-axtarış, əməliyyat-texniki, əməliyyat-istintaq, maarifləndirmə işlərinin davamlı olması effektiv nəticə verməkdədir. Bank kartı məlumatlarının aldadılıb alınması ilə nəticələnən oğurluq hallarının kəskin azalması DİN əməkdaşlarını arxayınlaşdırmır. İfşa olunan onlarla təqsirləndirilən şəxs ətrafında istintaq hərəkətləri davam etdirilir: “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, şübhəli zənglərə qarşı diqqətli olun, “bankdandır, kartınıza müdaxilə var”, satışa qoyulan əşyaya görə “beh ödəyim, kartı göndərin” deyildikdə həmin zəng, mesaj bloklanmalıdır”.

Избранный
139
dia-az.info

1Источники