RU

Qərb və Ermənistan Rusiya iqtisadiyyatının xilaskarı rolunda - TƏHLIL

Rusiya və Ukrayna arasında 2022-ci ilin fevralında müharibə başlayandan Qərb birmənalı olaraq rəsmi Kiyevi dəstəklədiyini bəyan etsə də, öz maraqları naminə Rusiya ilə əlaqələri də tam kəsməyi düşünmür. Bu əlaqələr isə daha çox iqtisadi sahədə davam etdirilir.

Tanınmış iqtisadçı Robin Bruks Qərb ölkələri ilə Rusiya arasında ticarətin davam etdiyini təsdiqləyən yeni faktlar açıqlayıb.

Robin Bruksun bildirdiyinə görə, Qərb ölkələri öz məhsullarının Rusiyaya tədarükünü dörd tranzit ölkə vasitəsilə davam etdirir.

Maraqlıdır ki, Ukrayna ilə müharibə aparan Rusiyaya tədarük edilən mallar arasında hərbi sənaye kompleksində istifadə olunan ikili təyinatlı məhsullar da var.

İqtisadçı yazır ki, Rusiyaya məhsul tədarük etməkdə Almaniya liderdir. Berlin Qırğızıstan, Qazaxıstan, Gürcüstan və Ermənistandan tranzit kimi istifadə edərək Rusiyaya müxtəlif təyinatlı məhsullar göndərir.

ABŞ məhsullarının Rusiyaya tədarükünü, əsasən, Gürcüstan üzərindən həyata keçirir. İtaliya isə marşrut olaraq daha çox Qırğızıstan və Ermənistandan tranzit kimi yararlanır.

Robin Bruks qeyd edir ki, Avropa İttifaqının siyasətçiləri bir şey deyir, lakin başqa şey edirlər.

İqtisadçı əlavə edir ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan Qərbdən, eləcə də digər ölkələrdən Mərkəzi Asiya və Qafqaza məhsul ixracı kəskin artıb. Bu isə həmin məhsulların oradan Rusiyaya daşınmasının əlamətidir.

Göründüyü kimi, bu ölkələr Ukrayna ilə müharibəyə görə Rusiyaya qarşı vahid cəbhədə yer alsalar da, öz iqtisadi maraqlarını da yaddan çıxarmırlar.

Digər maraqlı fakt isə odur ki, özünü Moskvadan üz göndərmiş, Qərbə istiqamət götürmüş kimi göstərən Ermənistan da Rusiyaya sanksiyadan kənar ixrac zəncirinin mühüm həlqələrindən birini təşkil edir. Bu fakt Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əhəmiyyətli rol oynadığını bir daha təsdiqləyir.

İqtisadçı Robin Bruks hələ 2023-cü ilin dekabrında yazırdı ki, Ermənistan Rusiyaya sanksiyalardan kənar məhsulların ixracında kömək edir.

“Siz sual verməlisiniz ki, Avropa İttifaqında nə baş verir. Avropa İttifaqı da hesab edir ki, Pitinin Ukraynaya təcavüzü hamı üçün böyük təhlükədir. Lakin diqqət yetirilməli bir çox məqamlar var: Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqından Ermənistana ixrac 200% artıb. Bu məhsullar Rusiyaya gedir, Putinə kömək edir”, - deyə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) sabiq baş iqtisadçısı Robin Bruks qeyd edirdi.

Robin Bruksun apardığı təhlillərdən aydın olurdu ki, Ukraynada müharibə başlayandan sonra - 2022-ci ilin martından etibarən Avropa İttifaqı ölkələrindən Ermənistana ixracın həcmi 4-5 dəfə artıb. Bundan başqa, Rusiyanın müttəfiqlərindən olan Çindən də Ermənistana məhsul ixracında iki dəfə artım qeydə alınıb.

Avropa ölkələrinin Rusiya ilə ticarət əlaqələrini davam etdirdiyi təsdiqləyən növbəti faktlar isə 2024-cü ilin fevralında elə Qərb mətbuatında əksini tapmışdı. Həmin vaxt “Sky News”un analitikləri Britaniya şirkətlərinin məhsullarının Rusiyaya neçə çatdırıldığını araşdırmışdı.

Araşdırmalardan məlum olurdu ki, Böyük Britaniyadan Qırğızıstan, Özbəkistan və Ermənistana pilotsuz uçuş aparatları üçün avadanlıqlar, ağır texnika və digər məhsullar göndərilir.

Qırğızıstana ixracda 1100% artım qeydə alınıb. Təhlillər isə göstərir ki, həmin məhsullar ordan Rusiyaya göndərilir.

Analitiklər müəyyən etmişdilər ki, digər Avropa ölkələri, ilk növbədə isə Almaniya və Polşa da Qafqaz və Mərkəzi Asiya ölkələri üzərindən Rusiyaya böyük həcmdə avadanlıqlar göndərir.

Qafqaz ölkələri arasında məhz Ermənistanın Rusiyanın sanksiyadan kənarda qalmasında əhəmiyyətli rola malik olduğunu əminliklə söyləmək olar. Təsadüfi deyil ki, Rusiya ilə Ermənistana arasında ticarət dövriyyəsi Ukrayna ilə müharibədən sonra kəskin şəkildə artıb. Bu dövriyyənin məhz Qərb ölkələrindən ixrac olunan məhsulların Rusiyaya göndərilməsi hesabına baş verdiyi şübhəsizdir.

Faktlar da bunu bir daha sübut edir. Son iki ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 5 dəfə artaraq, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Maraqlıdır, Moskva ilə siyasi ixtilaf vəziyyətində olan Ermənistan nəyin hesabına Rusiyaya ixracını bu qədər artıra bilib? Əlbəttə ki, Rusiyanı sanksiyadan kənarda saxlamaq üçün Qərbdən və digər ölkələrdən göndərilən məhsulları tranzit ölkə kimi ixrac etməklə...

Müqayisə üçün qeyd etmək yerinə düşər ki, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi son bir ildə təxminən 17 faiz artaraq, 4 milyard 300 dollar olub. İqtisadçılar bunu sabit artım hesab edirlər.

Maraqlıdır ki, ABŞ və Rusiya ilə faktiki müharibə vəziyyətində olan Avropa ölkələri Rusiyanın sanksiyadan kənarda qalmasında mühüm rol oynayan Ermənistana qarşı heç bir tədbir görmürlər, buna göz yumurlar. Yəqin həm də ona görə ki, özləri də bu ssenarinin bir parçasıdırlar.

APA Analytics

Избранный
102
45
apa.az

10Источники