RU

Əliyevin yeni təklifi: Putin və Zelenski Bakıda görüşə bilər

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda moderatorun Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib ki, bu mümkündür.
“Əgər hipotetik imkandan danışırıqsa, bu, tamamilə mümkündür. Əvvəla, nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayırıq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma eyni zamanda, antirusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq”, - dövlət başçısı bildirib. Azərbaycanın iki ölkə ilə münasibətlərinin praqmatizmini nəzərə alaraq bu prosesdə müəyyən rol oynaya biləcəyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Biz heç vaxt bu proseslə bağlı təşəbbüs irəli sürməmişik. Bilirəm ki, bu işdə iştirak etmək istəyənlər çoxdur. Amma iştirakımız tələb olunarsa, biz hazırıq”. BUTA.TV xəbər verir ki, politoloq Elxan ŞahinoğluGlobalinfo.az-a aıqlamasında Azərbaycanın da digər dövlətlər kimi Rusiya-Ukrayna müharibəsinin sona çatmasını istədiyini bildirib. “Müharibə isə tam şiddəti ilə davam edir. Bir çox dövlət bu günə qədər vasitəçi olmaq istəyib. Rusiya və Ukrayna nümayəndələri Türkiyədə görüşlər keçirdilər, ancaq nəticəsi olmadı. Bundan sonra Çin bir neçə bənddən ibarət həll planı təklif etdi. Kiyev bu “həll planını” qəbul etmədi. Çünki həmin planda Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi tələb olunmurdu. Bu olmadan isə məsələ həll olunmayacaq. Hindistanın Baş naziri Narendra Modinin də bir sıra təşəbbüsləri oldu. O, Moskvaya və Kiyevə səfərlər etdi. Modi tərəflərin Hindistan ərazisində görüşlər keçirə biləcəyini vurğuladı. Ancaq buna da müsbət cavab verilməyib. Münaqişədən əvvəl Rusiya və Ukrayna nümayəndələri Belarus ərazisində görüşlər keçirirdilər. Ancaq müharibə başlayandan sonra Kiyev Minskin vasitəçiliyini qəbul etmir. Çünki Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyir. O, tərəfsizliyini itirib”. Ekspert deyib ki, Azərbaycan Rusiya və Ukrayna nümayəndələrinin görüşünün təşkili üçün ən münasib məkandır: “Birincisi, Azərbaycan Rusiya ilə sıx tərəfdaşlıq münasibətlərində maraqlı olsa da, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü əvvəlki tək dəstəkləməkdə davam edir. Rəsmi Bakı Rusiyanın Krımın ilhaqını və Şərqi Ukrayna torpaqlarının işğalını tanımır. İlham Əliyevin İtaliyadakı forumda səsləndirdiyi “biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik” cümləsi də bundan xəbər verir.

İkincisi, Rusiyada və Ukraynada yüz minlərlə azərbaycanlı yaşayır ki, Azərbaycanın vasitəçiliyinə bu amil də təsir edə bilər. Rusiya və Ukrayna nümayəndələrinin gələcəkdə Bakıda görüşmələri Kiyevlə Moskvanın istəyindən asılı olacaq. Azərbaycanın tərəflərə həll planı təklif etmək iddiası yoxdur. Azərbaycan sadəcə görüş yeri kimi seçilə bilər. Bu baxımdan İlham Əliyevin son cümləsi əhəmiyyətlidir: “Azərbaycanın iştirakı tələb olunarsa, biz hazırıq”.

Избранный
104
50
buta.tv

10Источники