“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” işçi qrupun hibrid formada növbəti iclası keçirilib. Bu barədə “XQ”yə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev çıxışında sözügedən strategiyanın icrası çərçivəsində reallaşdırılan layihələrin “Yaşıl dünya naminə həmrəylik ili” üzrə həyata keçirilən tədbirlərlə ahəng təşkil etdiyini qeyd edib. İşçi qrupun iclaslarının müntəzəm keçirilməsinin hesabatlılığın effektivliyini artırdığını vurğulayan nazir müavini gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn strategiyanın icrası çərçivəsində 2024-cü ilin birinci yarısı üzrə aparılmış monitorinqin nəticələrinə dair ilkin qiymətləndirmə hesabatını təqdim edib.
İclasda “Yaşıl enerji məkanı” məqsədi üzrə tədbirlərin icra göstəriciləri, 6 fəaliyyət istiqaməti üzrə indikatorlar və nəzərdə tutulmuş hədəflər çərçivəsində icra olunan işlər barədə məlumat verilib, qaz və istilik təchizatı sahələrində dövlət‒özəl tərəfdaşlığının inkişaf etdirilməsi, dənizdə külək enerjisi potensialının araşdırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib. Bununla yanaşı, tədbirdə bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması, Elektromobillik üzrə Milli Planın hazırlanması, enerji saxlanc sistemlərinin tətbiqi, karbon tutulması, utilizasiyası və saxlanması texnologiyalarının tətbiqi, iqtisadiyyatın müxtəlif sahələrində enerji səmərəliliyinin təmin edilməsi və digər istiqamətlərdə yerinə yetirilmiş tədbirlər nəzərdən keçirilib.
Sonra digər qrup üzvlərinin hesabatla bağlı məruzələri dinlənilib, atılacaq növbəti addımlar, çağırış və tövsiyələr nəzərdən keçirilib. Strategiya sənədi üzrə qarşıdakı dövrdə tədbirlərin effektiv icrası ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.