RU

Dostluq və əməkdaşlığın zirvəsində TƏHLİL

Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli səfərdir

Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan daim yaxın və uzaq ölkələrlə əlaqələrini dostluq və əməkdaşlıq üzərində qurmağa çalışıb və buna nail olub. Etibarlı tərəfdaş olması Azərbaycana dünya miqyasında özünə böyük hörmət və rəğbət qazandırıb. Əksər ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıq əlaqələri qurmağa can atması da məhz ölkəmizin beynəlxalq aləm də qazandığı yüksək inam və etibardan qaynaqlanır. Azərbaycanın mühüm tərəfdaşları sırasında İtaliya əsas dövlətlərdən hesab olunur. Hələ Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyət də olduğu ilk dövrlərdə ölkələrimiz arasında siyasi-iqtisadi, ticarət, mədəniyyət, elm-təhsil sahələrində əlaqələr qurulmuş və bu istiqamətdə mühüm hüquqi baza formalaşmışdır. 1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin, 2005-ci ilin fevralında, 2008-ci ilin noyabrında və 2020-ci il fevralın 20-də Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan vermişdir. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər əlaqələrimizin inkişafının istiqamətlərinin konturlarını cızmış və bütün sahələrdə əməkdaşlığımızın, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların, imzalanan sənədlərin təməl daşına çevrilmişdir. 2020-ci il fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfər zamanı Romada “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalandı və bu sənədə əsasən, ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə yeni impuls anonsunu verdi. O cümlədən, Azərbaycanın sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrinə yatırılan italyan sərmayələri də qısa zamanda öz töhfələrini, bəhrələrini verəcəkdir. Bu baxımdan, Azərbaycan və İtaliya arasında imzalanan sənədlər, dostluq və sıx əməkdaşlıq reallıqları tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır.

44 günlük Vətən müharibəsi dövründə İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirib

Müsbət məqamlardan biri də ondan ibrətdir ki, 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı İtaliya beynəlxalq qanunlara əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini müdafiə edib. 44 günlük Vətən müharibəsi dövründə İtaliya Azərbaycanın haqq işini dəstəkləyib. Torpaqlarımız işğaldan azad edildikdən sonra İtaliya dostluq əlaqələrini daha geniş şəkil də nümayiş etdirdi. İtalya şirkətləri işğaldan azad olunan ərazilərimizin bərpasında, tikinti, quruculuq işlərində yaxından iştirak edirlər.

İtaliya və Azərbaycan arasında Qarabağın enerji infrastrukturunun qurulması çərçivəsində əməkdaşlıq haqqında müqavilənin imzalanması bu istiqamətdə atılan ilk addım oldu. İtaliyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakı, iqtisadi layihələrin həyata keçirilməsində fəallığı iki ölkə arasında münasibətlərdə yeni müstəviyə yüksəlir. Görünən fakt ondan ibarətdir ki, ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb. 2021-ci ildə Azərbaycan TAP qaz kəməri ilə İtaliyaya 7 milyard kubmetrə yaxın qaz nəql edib, bununla da Azərbaycan İtaliyanın qaz bazarında üçüncü tərəfdaş olub. Ümumilik də İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfəri əlaqələrin dərinləşməsində mühüm rol oynayacaq. Səfəri çərçivəsində Prezident İlham Əliyevin İtaliyanın bir sıra hökumət və dövlət rəhbərləri ilə, eləcə də özəl sektorun rəsmiləri ilə görüşləri keçirildi və nüfuzlu beynəlxalq təşkilatların tədbirində iştirak etdi. Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlıqda yeni perespektivlər vəd edir. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu” və s. imzalanıb.

Prezident İlham Əliyevin mötəbər Forumda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisidir

İtaliya - Azərbaycan əlaqələrinin inkişafına təkan olan amillərdən bir olan “The European House – Ambrosetti” beyin mərkəzinin ölkəmizə xüsusi diqqət ayırmasıdır. “The European House – Ambrosetti” beyin mərkəzinin bu dəfə ki, Forumunda Prezident İlham Əliyev əsas qonaq qismində iştirak edib. Prezident İlham Əliyevin bu mötəbər Forumda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, regionun aparıcı dövlət olmasının əyani təsdiqi və Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. 1965-ci ildən fəaliyyət göstərən "The European House – Ambrosetti" İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəzi Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir. Məlum fakt ondan ibarətdir ki, formun işində dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. İllik Çernobbio Forumu “The European House – Ambrosetti”nin ən əsas tədbiri hesab edilir. Bu Forum İtaliyada dövlətlərin rəhbər şəxslərinin, rəsmilərinin, İtaliya və Avropanın böyük şirkətlərinin rəhbərlərinin bir araya gəldiyi ən nüfuzlu tədbir hesab edilir. Ənənəvi olaraq sentyabr ayının əvvəlində Komo gölünün sahilində yerləşən Villa d'Este-də keçirilən Çernobbio Forumu yüksək səviyyəli qonaqlar, beynəlxalq siyasi və iqtisadi səhnənin aparıcı liderləri ilə görüşmək və müzakirələr aparmağa şərait yaradır. Forum zamanı nüfuzlu ekspertlərin töhfəsi ilə biznes ictimaiyyəti və İtaliya üçün aktual olan məsələlərlə bağlı hazırlanmış ən mühüm tədqiqatlar təqdim keçirilir.

“Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu”

Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı demişdir: “Uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilmişdir. Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var”. Azərbaycan Prezidenti İlham Əliyev forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış zamanı onu da qeyd edib ki, Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən sizin diqqətinizi bəzi tarixi məqamlara yönəltmək istəyirəm: “Bizim enerji strategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq”.

Prezident İlham Əliyev çıxışında enerji strategiyamızın ikinci mərhələsinin nəhəng qaz yataqlarının istismarı olduğunu qeyd edib: “Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var”

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi dövlət səfəri dünyanın nüfuzlu KİV-lərinin, siyasətçilərinin, tanınmış şərhçilərinin diqqət mərkəzində olub. Bir sıra ölklərin mətbua oraqnlarının səhifələrində yer alan məqalələr, siyasi şərhçilərin müxtəlif məsələlərə dair yanaşmaları qeyd olunanların təsdiqi sayıla bilər. İtaliyanın nüfuzlu mətbu orqanları olan “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Giornale”, “La Presse”, “Agenzia Vista”, “Quotidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya səfərinə xüsusi diqqət ayırıb və Romanın “Quirinale” Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşündən şərhlər qeyd ediblər. Diqqətə çatdırılıb ki, görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb. Bildirilir ki, İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. TAP layihəsinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd olunur. Humanitar və mədəni əlaqələrin, eyni zamanda, İtaliya -Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti bildirilib. Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un çox əhəmiyyətli tədbir olduğu və İtaliyanın beynəlxalq tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağı diqqətə çatdırılır.

Bir sözlə Prezident İlham Əliyevin İtaliyaya səfəri hər iki ölkənin maraqlarının təmin olunması baxımdan əhəmiyyətli səfərdir. Təbii ki, əlaqələrin inkişafı dövlət maraqlarının yüksək səviyyədə təmin olunması və xaqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.

Eldar İbrahimov

Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü

Избранный
152
1
sesqazeti.az

10Источники