RU

İrandan gözlənilməz həmlə - Tehran Moskvanı Qərbə dəyişir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran Zəngəzur dəhlizi ətrafında müzakirələrdə fəallığını yenidən artırıb. Təbii ki, bu fəallıq ənənəyə sadiq qalaraq bu dəfə də mane olmaq prinsipinə əsaslanır. Lakin rəsmi Tehran əvvəllər Zəngəzur dəhlizinə etirazını Azərbaycan əleyhinə və Ermənistanı müdafiə etmək prinsipi ilə səciyyələndirirdisə, bu dəfə müşahidə olunan gərginlik Tehranla Moskva arasındadır. Maraqlıdır ki, İran özünə düşmən hesab etdiyi Qərbi dizinin dibinə gətirən Ermənistana deyil, mühüm tərəfdaşı olan Rusiyaya qarşı iddialar irəli sürür. Halbuki Zəngəzur dəhlizi Azərbaycan, Ermənistan və Rusiyanı əhatə edən mövzudur və bu proses 2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsaslanır. Bu müddəaya əsasən, Azərbaycanın qərb regionları ilə Naxçıvanın birləşdiriləcək nəqliyyat dəhlizinin təhlükəsizliyinin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən təmin olunur.
İranın "Zəngəzur dəhlizi NATO dəhlizinə çevrilə bilər" açıqlaması isə tutarlı arqumentin olmamasından doğan şər-böhtan, absurd və mənasız yanaşmadan başqa bir şey deyil. Çünki ABŞ başda olmaqla Qərbi regiona cəlb edən, Avropa İttifaqının sözdə müşahidə missiyasından, əməldə isə hərbi şəkildə yararlanan, ABŞ və Fransa tərəfindən silahlanan, bir sözlə, sürətlə Qərbə meyillənib onun hərbi-siyasi təşkilatı olan NATO-nun bazasının yaradılmasına çalışan, İranın qırmızı xəttini aşan Ermənistan, NATO-ya qarşı mübarizə aparan Rusiya, xarici siyasətdə balansı qoruyan Azərbaycan olduğu halda, Zəngəzur dəhlizi hansı halda NATO dəhlizi ola bilər? İranın bu ağlasığmaz yanaşması ondan xəbər verir ki, Tehran ya Qərblə Rusiya arasında oyun oynamaq istəyir, ya da hakimiyyətdə yeni təmsil olunan islahatçı qanadının təkidi və ya məcburiyyətdən doğan zərurətə görə Qərbə yaxınlaşmaq xətti götürür. Nəzərə alsaq ki, İran prezidenti ölkənin siyasi kursunu özbaşına müəyyənləşdirə bilməz, burada əsas rolu ölkənin Ali rəhbəri oynayır. Belə olan halda sual yaranır ki, bu, İranın yeni prezidentinin, yoxsa Ali rəhbərliyinin xəttidir? Amma burada sual yaransa da, İranın Rusiyadan uzaqlaşmaq xətti nidadır, konkret mövqedir. Görünür Tehran Moskvadan uzaqlaşmağa çalışır, Rusiyanın regiondan uzaqlaşdırılmasına daha bir töhfəni özü vermək istəyir.
Siyasi şərhçi Zeynal ƏmrəliyevOxu.Az-a açıqlamasında İranın Zəngəzur dəhlizi ətrafında qəfil artan fəallığını bir neçə səbəblə əlaqələndirib:
"İlk növbədə rəsmi Tehran Rusiya və Türkiyənin Cənubi Qafqazda fəallığını qısqanclıqla qarşılayır. Biz bunu 44 günlük Vətən müharibəsindən sonra yaradılan Türkiyə - Rusiya Monitorinq Mərkəzinin açılışında da gördük. Həmin zamanda da İrandan müxtəlif bəyanatlar verilirdi. Lakin İran heç nəyə nail ola bilmədi. Qərbin qarşısında tək qalan İranın Rusiyaya qarşı bu cür münasibəti çox yanlış bir addımdır və Tehranın tamamilə yalnız qalmasına səbəb ola bilər".
"Maraqlıdır ki, Qərb Ermənistana dəstək verir, ancaq İran İrəvanı yox, Moskvanı ittiham edir. Bu mənada İranın addımları başadüşülən deyil. Eyni zamanda, bu məsələlərin bir ucu Azərbaycana da toxunur. Düzdür, Tehran ad çəkmir, ancaq davamlı şəkildə ölkəmizi hədəf alır. Bu da qəbuledilməz yanaşmadır. Biz hər zaman İranla mehriban qonşuluq münasibətlərini bərpa etmək arzusunda olmuşuq. Xüsusilə Məsud Pezeşkianın prezident seçilməsindən sonra bu şans yaranmışdı. Ancaq təəssüflər olsun ki, yeni komanda bizim ümidlərimizi doğrultmur", - deyə şərhçi vurğulayıb.
Əmrəliyev bildirib ki, İran Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan Üçtərəfli Bəyanatın müddəalarına hörmətlə yanaşmalıdır:
"Hansı ki, həmin bəyanatın maddələrindən birində konkret şəkildə Azərbaycanın əsas hissəsindən Naxçıvana yolun açılışı nəzərdə tutulub. Göründüyü kimi, burada söhbət sadəcə bir nəqliyyat dəhlizinin açılmasından gedir. Heç kim İranın iddia etdiyi kimi regional sərhədlərin dəyişdirilməsinə çalışmır. İkinci bir məsələ isə dəhliz Ermənistan ərazisindən veriləcək. Bunun İrana aidiyyəti nədir?"
"Tehranın bu dəhlizi "NATO yolu" adlandırması da tamamilə siyasi manipulyasiyadır. Çünki İranın qırmızı xətti Ermənistan, hazırda elə dəstəklədiyi qırmızı xəttin sayəsində ABŞ əsgərlərinin çəkmələri altındadır. Ancaq İran yenə günahkarı başqa yerdə axtarır. Bu ölkənin yeni hökuməti nisbətən qərbmeyilli qüvvələrdən təşkil edilib. Görünür ki, Pezeşkian hökuməti Rusiya ilə münasibətləri pisləşdirib Qərblə yaxınlaşmaq istəyir. Buna görə də bu kimi məsələləri qabardır. Ancaq bunun yolu Zəngəzur dəhlizinə qarşı çıxmaq deyil. Çünki bu dəhliz gec - tez açılacaq. Bunu İranda da başa düşürlər. Ona görə rəsmi Tehran reallığı nə qədər tez dərk etsə, bir o qədər yaxşıdır", - müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Избранный
168
50
oxu.az

10Источники