RU

Azərbaycan-İtaliya münasibətləri uğurla inkişaf edir



Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq mühüm yer tutur, bu baxımdan ölkəmizin İtaliya ilə münasibətləri xüsusi vurğulanmalıdır. İki ölkəni bir-birinə möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Həmin münasibətlərin əsası İtaliyanın Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci il tarixində tanıması, 8 may tarixində 1992-ci il isə iki ölkə arasında diplomatik əlaqələr qurulması ilə yaradılıb. 1997-ci ilin martında İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib, 2003-cü ilin dekabrında isə Azərbaycanın İtaliyada səfirliyi fəaliyyətə başlayıb. İtaliya və Azərbaycan dövlətləri arasındakı müsbət mənzərəni xarakterizə edən amillər çoxdur. İlk öncə bu ölkəmizin  dünya siyasətində yeri və rolu ilə bağlıdır. Əminliklə demək olar ki, Azərbaycanın uğurlu enerji siyasəti, ümumən beynəlxalq siyasətdəki prinsipiallığa söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində mühüm halqadır. Ölkələrimiz arasında əməkdaşlıq bu halqanın Avropa seqmentinin aktivliyi baxımından nümunəvidir. Məhz bu hər iki ölkə üçün son dərəcə müstəsna dəyərdir. Azərbaycan Prezident İlham Əliyevin İtaliyaya sayca üçüncü olan səfəri həmin dəyərin həm vurğulanması, onun yeni və daha dolğun səhnələrinin yaşanması ilə əlamətdar oldu. 
Dövlətimizin başçısı İlham Əliyev cari ildə Böyük Britaniyaya, Almaniyaya və “köhnə qitə”nin digər paytaxtlarına, o cümlədən Mərkəzi Asiya, yaxın Şərq ölkələrinə də səfərlər gerçəkləşdirdi. Və bu gün rəsmi Roma ilə münasibətlərin yüksəklik fazası ölkələrimizin bir-birilərinə olan qarşılıqlı etimad və inamının təntənəsidir. Belə ki, 25-28 sentyabr 1997-ci ildə ümummilli lider Heydər Əliyevin İtaliyaya rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlərin inkişafına xüsusi təkan verib. Daha sonra İtaliyanın rəsmi şəxsləri Azərbaycana, ölkəmizin rəsmi şəxsləri isə İtaliyaya çoxsaylı səfərlər ediblər. Baş tutmuş bu səfərlər çərçivəsində dost ölkələr arasında ikitərəfli əlaqələrin tənzimlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə dair çoxsaylı sənədlər imzalanıb. Yəni, Azərbaycan–İtaliya əlaqələri möhkəm təməl üzərində qurulub. İki ölkənin münasibətləri ötən dövr ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Heç şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb. Dövlətimizin başçısının İtaliyaya işgüzar səfəri də bu baxımdan mühüm önəm daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib. Ölkələrimiz arasında əlaqələrin gündən-günə inkişafının, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi məmnunluq doğurduğu diqqətə çatdırılıb. O cümlədən, iki ölkə arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub. 
Hazırda Azərbaycan regionun lider dövləti, əsas söz sahibi kimi böyük bir tarixi vəzifəni – Şərqlə Qərbi, Şimalla Cənubu siyasi-iqtisadi, logistik və humanitar sahələrdə yaxınlaşdırmaq, qlobal əməkdaşlığı hamı üçün faydalı məcraya yönləndirmək missiyasını üzərinə götürüb. Azərbaycanın İtaliya ilə əməkdaşlığı isə qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasi¬bətlərin necə qurulmalı olduğunun nümunəsi kimi diqqət çəkir. Dövlət başçısı İlham Əliyevin dost ölkədə keçirdiyi görüş və müzakirələrdə təkcə ikitərəfli münasibətlər deyil, Avropa məkanı ilə də münasibətlərin yeni mərhələdə davamı əksini tapdı. 
Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilən demokratik proseslər və sosial-iqtisadi islahatlarla yanaşı, uğurlu xarici siyasət dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini respublikamıza yönəldib. Heç şübhəsiz ki, bütün bunlar beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artmasına, Azərbaycanla Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanmasına öz müsbət təsirini göstərib.
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, mürəkkəb geosiyasi şəraitdə müstəqil uğurlu xarici siyasət yürüdərək milli maraqlara söykənən prinsiplərlə regional təhlükəsizliyin təmin olunması is¬tiqamətində ardıcıl və sistemli addımlar atır. Məhz bunun nəticəsidir ki, dövlətimizin gerçəkləşdirdiyi enerji layihələri, regional inteqrasiyanı sürətləndirən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. 

Mehman Ramazanov,
YAP Oğuz rayon təşkilatının sədr müavini




Избранный
179
2
aia.az

10Источники