Sentyabrın 12-də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Həştərxan vilayəti qubernatorunun vəzifə səlahiyyətlərinə başlaması münasibətilə keçirilmiş təntənəli mərasimdə iştirak edib.
Hafta.az xəbər verir ki, əvvəlcə Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru-hökumət sədri Denis Afanasyev, Azərbaycan nümayəndə heyətinin üzvləri və yerli diasporun nümayəndələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Həştərxan şəhərində ucaldılmış abidəsini ziyarət ediblər. Onlar abidənin önünə tər güllər düzərək Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra azərbaycanlı qonaqlar Həştərxan vilayəti qubernatorunun Həştərxan Opera və Balet Teatrında keçirilən andiçmə mərasimində iştirak ediblər. Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Azərbaycan Respublikası adından təbriklərini çatdırıb və növbəti 5 il ərzində Azərbaycan-Həştərxan arasında müxtəlif sahələr üzrə mövcud strateji əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.