“Bakı trasında qızğın mübarizə gedəcək. Buna baxmayaraq, bizim yaxşı çıxış etmək şansımız var”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Alfa Romeo” komandasının pilotu Quanyuy Çjou Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Çinli sürücü motivasiyasının yüksək olduğunu bildirib: “Mükəmməl şəhərin çətin trekində yarışacağıq. Gözləntilər böyükdür. Yaxşı nəticə üçün yarış zamanı həyəcanımı gizlətməyə çalışacağam”.
O, hər yarışın təkmilləşmək üçün yaxşı fürsət olduğunu söyləyib: “Belə fürsətlərdən istifadə etmək lazımdır. Xoşagəlməz hallara yol vermədən, inamlı şəkildə mübarizə aparacağam”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də keçiriləcək.
DOĞRU.AZ