RU

Ermənistan müxalifəti silahlı qiyama hazırlaşır -ŞOK PROQNOZ

Qiyam Qarabağ klanı və kilsə tərəfdaşları tərəfindən reallaşdırılacaq
 

 Ermənistanda revanşistlər sentyabrın 22-də aksiya planlaşdırıblar.  Toplantı Yerevan idman-konsert kompleksində keçiriləcək.  Ermənistan mətbuatının məlumatına görə, bu toplantıdan əvvəl hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla görüşüb. Görüşün detalları barədə əlavə məlumat verilmir.
Bundan əlavə Baqarın Qarabağdan qaçan separatçılarla görüşdüyü də bildirilir. O, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla da görüşmək istəyib.
 Amma Petrosyan “sanballı səbəblər” gətirərək bu görüşdən imtina edib.

 Siyasi şərhçi  Elçin Xalidbəylinin “Sherg.az”a açıqlamasına görə, Paşinyan hakimiyyətinin kütləvi etiraz aksiyaları  ilə dəyişdirilməsi planları artıq iflasa uğrayıb. Ermənistan  müxalifəti silahlı qiyama hazırlaşır:

 “Son məlumatlara görə, 2026-ci ilə, yəni növbəti parlament seçkilərinə qədər kütləvi  etiraz aksiyaları aktual olaraq qalacaq. Nəhayət, seçki ərəfəsində Ermənistanda silahlı qiyam törədiləcək. Qiyam Qarabağ klanı və kilsə tərəfdaşları tərəfindən reallaşdırılacaq. Rəsmi İrəvanın elan elədiyi məlumata görə, ölkə vətəndaşlarında  külli miqdarda silah-sursat  mövcuddur. Ordunun itirdiyi silahlar demək olar ki,  şəxsi əllərdədir.  Bu silahlar da  bir gün mütləq hakimiyyət uğrunda gedən toqquşmalarda istifadə ediləcək”.

 E.Xalidbəylinin sözlərinə görə, Paşinyan hakimiyyətinin Qarabağ klanının üzərinə hücuma keçməsinin əsas səbəbi də məhz  bu təhlükədən qaynaqlanır: 
“Bilirsiniz ki, antiterror əməliyyatlarından sonra Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə İrəvana köçən ermənilər  Qarabağ klanının sosial bazası hesab olunur. Həmin ermənilərin də əllərində külli miqdarda silah-sursatın olduğu barədə  məlumatlar mövcuddur. Bütün bunların da xarici kəşfiyyatın əlində Paşinyan  hakimiyyətinə qarşı olduqca təhlükəli bir mexanizm  olduğu aşkardır.  Ehtimal ki, parlament seçkiləri ərəfəsində  erməni revanşistləri Paşinyan hakimiyyətinə qarşı silahlı qiyam qaldıracaqlar.  Ermənistan hökuməti də bu planın fərqinə olduğu üçün  evlərdə olan qanunsuz silahlardan ciddi narahatlıq keçirirlər. Çox güman ki, əldə olan silahların yığılması üçün real addımlar atılacaq. Qondarma  qurumun Ermənistan ərazisindəki nümayəndəliklərinə də müəyyən təzyiqlər göstərilir, onların  daimi toplaşdıqları məkanın ləğv olunmasına cəhdlər  edilir ki, hökumət əleyhinə plan qura  bilməsinlər. Avropa Birliyi ilə  viza rejiminin də mümkün qədər tez sadələşdirilməsinə çalışırlar ki, Qarabağdan köçən ermənilərin böyük bir hissəsi  Ermənistanı tərk edərək qərb ölkələrinə köçsünlər. Bu zaman istər-istəməz hökumətə qarşı qiyam təhlükəsi nisbətən zəifləyəcək”.
Избранный
105
sherg.az

1Источники