Qiyam Qarabağ klanı və kilsə tərəfdaşları tərəfindən reallaşdırılacaq
Ermənistanda revanşistlər sentyabrın 22-də aksiya planlaşdırıblar. Toplantı Yerevan idman-konsert kompleksində keçiriləcək. Ermənistan mətbuatının məlumatına görə, bu toplantıdan əvvəl hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla görüşüb. Görüşün detalları barədə əlavə məlumat verilmir.
Bundan əlavə Baqarın Qarabağdan qaçan separatçılarla görüşdüyü də bildirilir. O, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla da görüşmək istəyib.
Amma Petrosyan “sanballı səbəblər” gətirərək bu görüşdən imtina edib.
Siyasi şərhçi Elçin Xalidbəylinin “Sherg.az”a açıqlamasına görə, Paşinyan hakimiyyətinin kütləvi etiraz aksiyaları ilə dəyişdirilməsi planları artıq iflasa uğrayıb. Ermənistan müxalifəti silahlı qiyama hazırlaşır:
“Son məlumatlara görə, 2026-ci ilə, yəni növbəti parlament seçkilərinə qədər kütləvi etiraz aksiyaları aktual olaraq qalacaq. Nəhayət, seçki ərəfəsində Ermənistanda silahlı qiyam törədiləcək. Qiyam Qarabağ klanı və kilsə tərəfdaşları tərəfindən reallaşdırılacaq. Rəsmi İrəvanın elan elədiyi məlumata görə, ölkə vətəndaşlarında külli miqdarda silah-sursat mövcuddur. Ordunun itirdiyi silahlar demək olar ki, şəxsi əllərdədir. Bu silahlar da bir gün mütləq hakimiyyət uğrunda gedən toqquşmalarda istifadə ediləcək”.
E.Xalidbəylinin sözlərinə görə, Paşinyan hakimiyyətinin Qarabağ klanının üzərinə hücuma keçməsinin əsas səbəbi də məhz bu təhlükədən qaynaqlanır:
“Bilirsiniz ki, antiterror əməliyyatlarından sonra Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə İrəvana köçən ermənilər Qarabağ klanının sosial bazası hesab olunur. Həmin ermənilərin də əllərində külli miqdarda silah-sursatın olduğu barədə məlumatlar mövcuddur. Bütün bunların da xarici kəşfiyyatın əlində Paşinyan hakimiyyətinə qarşı olduqca təhlükəli bir mexanizm olduğu aşkardır. Ehtimal ki, parlament seçkiləri ərəfəsində erməni revanşistləri Paşinyan hakimiyyətinə qarşı silahlı qiyam qaldıracaqlar. Ermənistan hökuməti də bu planın fərqinə olduğu üçün evlərdə olan qanunsuz silahlardan ciddi narahatlıq keçirirlər. Çox güman ki, əldə olan silahların yığılması üçün real addımlar atılacaq. Qondarma qurumun Ermənistan ərazisindəki nümayəndəliklərinə də müəyyən təzyiqlər göstərilir, onların daimi toplaşdıqları məkanın ləğv olunmasına cəhdlər edilir ki, hökumət əleyhinə plan qura bilməsinlər. Avropa Birliyi ilə viza rejiminin də mümkün qədər tez sadələşdirilməsinə çalışırlar ki, Qarabağdan köçən ermənilərin böyük bir hissəsi Ermənistanı tərk edərək qərb ölkələrinə köçsünlər. Bu zaman istər-istəməz hökumətə qarşı qiyam təhlükəsi nisbətən zəifləyəcək”.