"Vacib üç xal qazandıq. Oyun bizim üçün uğurlu başladı. İlk dəqiqədə pressinq tətbiq edərək qol vurduq. Ondan sonra oyun daha çox meydanın mərkəzində keçirdi".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 6-cı turunda "Neftçi"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 2:0 hesablı qələbəni elə şərh edib: "İlk hissədə ərazi üstünlüyümüz var idi. Bilirdik ki, fasilədən sonra rəqib daha çox irəli atılacaq. Futbolçularımız tempdən düşmədi və lazım olan ikinci qolu vurduq. Çox vacib qələbə qazandıq".
Baş məşqçi komandasından razı qaldığını qeyd edib: "Faiz nisbəti olaraq deməyəcəm. Oyunçulardan razıyam. Çempionatda iki məğlubiyyətimiz var idi. Nəticə psixoloji cəhətdən çox önəmlidir. Bərabərlik də pis nəticə sayılmayacaqdı".
R.Sadıqov "Neftçi"nin sabiq futbolçusu Yusuf Lavalın transferi haqda da danışıb: "Lavalla danışığımız mövsümün əvvəlində olmuşdu. Klubu buraxmırdı. Keçidi ani baş verdi. Hücumda cəmi 5 futbolçu var idi. Axtarışlarımız davam edirdi. Tam istədiyimiz variant çıxmırdı. Laval təklif olunduqda düşünmədən razılaşdıq. Bilirdik ki, zədəsi var. Beş-altı həftə sonra bizə qoşulacaq. Uzun müddət komandamıza xidmət etməsini düşünürük. Altı hücumameyilli oyunçumuz var. Sağlam rəqabət olacaq".
"Zirə"nin çalışdırıcısı tez-tez zədələnən Filipe Paxtmanın durumu ilə bağlı da fikirlərini bildirib: "Artıq üçüncü dəfə zədələndi. Müalicə olunacaq. Çarpaz bağlar qopan futbolçunun müalicə yolu ilə düzəldiyini bilmirəm. Onlar əməliyyatı yox, müalicəni seçib".
R.Sadıqov avrokuboklardakı çıxışın onlara həm müsbət, həm də mənfi təsir göstərdiyini deyib: "İki mövsüm əvvəl "Makkabi" ilə oyundan döndük və uçurama düşdük. Çempionatı uğursuz başladıq. Sonda da təsirini göstərdi. Bilmirik sabah necə olacaq. Zaman göstərəcək. Rəqib üzərində üstünlüyümüz o idi ki, daha çox hazırlaşmışıq, daha çox oyun keçirmişik. "Neftçi"nin baş məşqçisi yeni gəlib. Əminəm ki, "Neftçi" qarşıdakı turlarda toparlanacaq. Görünən odur ki, olduqca gərgin və maraqlı çempionat olacaq".