RU

Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...

Azərbaycan təhsili "Ac hərflər" teletamaşasına oxşayır. Bu sistemdə acgözlük, tamahkarlıq iyrəndirir. Çünki müəllim adından bəhs olunur. Müəllim ziyadır, işıqdır, dəyərdir deməklə olmur, indi məktəb direktorları, sinif rəhbərləri lombard biznesinə girişib, sələmə pul verir, valideyn komitələrinin əli ilə 5 oktyabr və 8 mart pulları yığdırır, sinif otaqlarını təmir etdirir, təbaşirdən tutmuş silgiyə qədər, jalüzdən lampaya xərcini valideynlərdən çıxarır. Belə iyrənc, üfunət qoxulu təhsil sistemi olarmı? O direktora, o müəllimə kim hörmət qoyar? Hələ onların seçki saxtakarlıqlarında iştirakı da bir ayrı ikrah hissi doğurur. Və kimsə sual verəndə ki, Misir Mərdanovdan bura nə dəyişib, birmənalı şəkildə demək olar - HEÇ NƏ!Hətta Misir Mərdanov fizik, elm adamı olduğu üçün ən azından təhsilin keyfiyyətinin nə olduğunu yaxşı bilirdi. Ondan sonra Mikayıl Cabbarov, Ceyhun Bayramov, indi də Emin Əmrullayev təhsilə bər-bəzək, kosmetika belə gətirə bilmədilər. Sonuncu nazir isə təhsildə olan biabırçılıqlara hər dəfə bir don geyindirir. Cənab Emin Əmrullayev, eybəcərliklərə don biçmək lazım deyil, təhsilin donunu dəyişmək lazımdır...Baxın: İmişlidə müəllimə ilk tədris günü küçədə şagirdlər üçün yerə palaz sərib dərs keçir, başqa bir yerə İradə müəllimə söhbəti çıxır, bütün sosial media məsxərəyə qoyur, ardınca bəlli olur ki, məktəbin birində dərs başlamamış jalüz pulu istənilir; hələ bizim öz çevrəmizdə, tanış-tunuş, qohum-əqraba içərisində nə qədər şikayətlər, narazılıqlar var - kimisi deyir ki, indidən mayda keçiriləcək ibtidai siniflə vida tədbiri üçün pul yığılır, kimisi danışır ki, sinifdə hər şagirddən 10 manat təmir pulu yığılır, kimisi dövlətin təmin etdiyi dərs vəsaitlərindən əlavə müəllimlərin valideynləri xərcə salıb yenilərini aldırmasından giley-güzar edir, kimisi də 5 oktyabr Müəllim Günü üçün neçə manatdan pul toplanmasını müzakirə edir. Nazirlik deyə bilməz ki, konkret hansı təhsil ocağından söhbət gedir, total şəkildə bu hallar mövcuddur. Valideynlərin üzərinə də məsuliyyət qoyula bilməz, çünki valideyn komitəsinin rəhbəri sinif rəhbərinə "işləyir", o da direktora. Bir piramida var və hansı sinif zəif hədiyyə verəndə sir-sifət sallayırlar, mıs-mırıq edirlər. Bu qədər sadə, bu qədər açıq, bu qədər rüsvayçılıqlarla dolu təhsil sistemimiz var. Amma Qərb sisteminə əla bələd olan nazir Emin Əmrullayev bu illər ərzində heç bir genişmiqyaslı islahat həyata keçirməyib. Misir Mərdanov dövründə hansı biabırçı ənənələr var idisə, indi də yaşadılır. Hərçənd dünya dəyişir, 2024 başa çatır, müasir trendlər meydana çıxır, texnoloji inkişaf təhsil sisteminə fərqli töhfələr verir, Çin, Vyetnam, Sinqapur, Norveç, Finlandiya, Kanada və bu kimi ölkələr təhsildə xariqələr yaradır, ən yeni nəsil yüksək səviyyədə yetişdirilir, amma biz qalmışıq sanki at-araba dönəmində, Sabir demiş, "özgələr göydə balonlarda gəzir", Azərbaycan məktəbləri isə Əmirullayevin rəhbərliyi altında pul, pul, pul haqda düşünür. Yəni bir addım da irəliləyiş yoxdur. Bu il ali məktəblərə qəbul sayında yüksək nəticəyə də aldanmayın. Əvvəla, repetitor hesabınadır, ikincisi, ballar elə aşağıdır ki, oxumayıb 250 bal yığan da hansısa universitetə qəbul olunur. Ona görə də geridəqalmış təhsil sistemində köklü islahatlar olmasa, sələmçi direktorlar və qızıl alverçisi müəllimlərlə bu siyasət davam edəcəksə, bizim şikəst təhsilimiz qanqrena verməyə başlayacaq. Hörmətlər, cənab nazir!Anaxeber.info














Paylaş:

Избранный
75
5
regionxeberlericom.az

6Источники