Cənab Putin Zəngəzur dəhlizi ilə bağlı İranın milli mənafeinə zidd mövqe tutub. Tarixə nəzər salsaq görərik ki, bu dəhliz Moskvanın təhlükəsizliyini təmin etmək üçün SSRİ tərəfindən qurulub. Keçmiş razılaşmalar ləğv ediləcəyi təqdirdə Qafqazın 17 şəhəri İrana qaytarılmalıdır. Bu sözləri SEPAH generalı və Ərdəbilin İran parlamentindəki keçmiş millət vəkili Mənsur Həqiqətpur özünün X hesabında yazıb. O, Qafqazın 17 şəhərinin İrana qaytarılması üçün ölkədə ümumxalq hərəkatının yaradılmasına çağırıb. Qeyd edək ki, M.Həqiqətpur Azərbaycan Respublikasına qarşı qərəzli mövqeyi ilə tanınır. O, 1992-ci ildə Azərbaycan İslam Partiyası funksionerlərindən Hacı Əlikram Əliyevi, Hacı Vaqif Əliyevi və Hacı Hacağa Nuriyevi İrana dəvət edərək, Tehran şəhərindəki “Mərmər” otelində, habelə, Şimrandakı iqamətgahında Azərbaycanda islam inqilabı həyata keçirilməsi üçün məxfi əməkdaşlığa cəlb etmişdir. Həqiqətpur bununla yanaşı Qarabağda döyüş təcrübəsi keçmiş gənclərin qanunsuz yolla İrana aparılaraq, Azərbaycanda dövlət çevrilişi məqsədilə ideoloji və hərbi hazırlıq keçmələrini təşkil etmişdir. Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, İranın Azərbaycanla, ümumiyyətlə Cənubi Qafqazla bağlı iddiaları ilk deyil:“Bundan əvvəl də İran tərəfi dəfələrlə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb. Hətta Azərbaycanın bu günkü İran dövlətinin bir hissəsi olduğunu müdafiə ediblər. Amma heç vaxt nəzərə almayıblar ki, Azərbaycan dövləti vaxtilə sərhədlərini genişləndirərək üçün indiki İranı da öz tərkibinə qatıb. Ola bilər ki, İran Azərbaycan türk dövlətlərini öz milli suverenliyi kimi qəbul edir və tarixi saxtalaşdırmağa çalışır. Amma hər kəs tarixi həqiqətin fərqindədir. Sözügedən şəhərlərlə bağlı İranın iddiaları onun imperial maraqlarının davam etdiyini göstərir. Yəni rəsmi Tehran farsizm imperiya qurmağa və sərhədlərini genişləndirməyə cəhd edir. Amma dünya orta əsrlərdəki kimi deyil və sürətlə dəyişməyə davam edir. Düzdür yeni düzən formalaşanda dünyanın geosiyasi xəritəsində siyasi baxımdan dəyişikliklər müşahidə oluna bilər. Amma bu hansısa dövlətin bütün ölkələri tərkibinə qatması anlamına gəlmir. Dünya təkamül edir və imperiya quruşlarına qayıtmayacaq. İranın sözügedən açıqlaması rəsmi Tehranın “Biz güclüyük və hər şeyin öhdəsindən gələcəyik” mesajını verməkdən başqa bir şey deyil. Bu mesaj təkcə Cənubi Qafqaz ölkələrinə deyil, eyni zamanda Rusiyaya da ünvanlanır. Çünki Rusiya Cənubi Qafqazda İranın maraqlarını nəzərə almadan öz mənafeyinə uyğun addımlar atmağa çalışır. Amma İran və Rusiyanın nə istəməsindən asılı olmayaraq Cənubi Qazqaz üzərində yeni yolların açılması region dövlətlərinin tələbinə uyğun həyata keçiriləcək. İranın və Rusiyanın müəyyən maraqları nəzərə alına bilər. Sadəcə olaraq həmin maraqlar Cənubi Qafqaz ölkələrinin mövqeyi ilə üst-üstə düşməlidir. Azərbaycan uzun müddətdir bu məsələ uğrunda mübarizə aparır. Bu qədər məsafə qət etdikdən sonra Azərbaycanın öz maraqlarını heçə sayıb Rusiya və İrana güzəştə getməsi mümkünsüzdür”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта