RU

Milli mənəvi dəyərlərə sadiqlik Qərbi Azərbaycana qayıdışımızı şərtləndirən əsas amillərdəndir ŞƏRH

Cari ilin sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının mərkəzində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) abidəsinin açılışını etmiş və açılış mərasimində Qərbi Azərbaycandan didərgin salınmış azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxış etmişdir. Bu tarixi çıxış həm özündə qeyd olunan məsələ ilə bağlı yol xəritəsi olmaqla yanaşı, həm də dünya üçün mühüm mesajdır.

Qeyd edək ki, Aşıq Ələsgər Qərbi Azərbaycanda - Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaratmış, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs vermişdir.

Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etnik təmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmamış, oradakı Azərbaycan mədəni irsi ciddi zərər görmüşdür.

Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi, həm də Qərbi Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin göstəricisidir. Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş ağrılı həyat yoluna dərindən bələd olması, onun Qərbi azərbaycanlıların taleyinə nə qədər yaxından qayğı göstərdiyinin təzahürüdür.

Prezident İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.

Bu abidənin açılışı eyni zamanda strateji əhəmiyyətə də malikdir. Prezident cənab İlham Əliyev, Aşıq Ələsgərin abidəsinin açılmasının yalnız mədəniyyət sahəsində deyil, həm də milli həmrəyliyi gücləndirmək, Azərbaycan xalqının tarix və mədəniyyətinə olan bağlılığını ifadə etmək üçün vacib olduğunu bildirib. Bu, xüsusilə, Azərbaycanın Qərbi Azərbaycan torpaqlarında yaşayan və tarixən bu bölgədə öz mədəniyyətini yaşatmış insanların irsinin silinməsinə yönəlmiş cəhdlərə qarşı bir cavabdır. Dövlət başçısı abidənin açılışında etdiyi çıxışı ilə, Azərbaycan xalqını və xüsusilə də Qərbi azərbaycanlıları tarixi varlıqlarını, mədəniyyətlərini və hüquqlarını qorumaq üçün birləşməyə çağırıb. Bu, həm də xalqın milli irsinin və dəyərlərinin qorunmasının vacibliyini vurğulayan bir çağırış olub. Bütövlükdə, Prezident cənab İlham Əliyevin bu çıxışı, Azərbaycan xalqının keçmişi ilə fəxr etməklə yanaşı, gələcəyə doğru əmin addımlarla irəliləməsi üçün bir çağırış kimi qəbul olunmalıdır. Aşıq Ələsgərin abidəsi həm tarixi şəxsiyyətlərin unudulmaması, həm də Azərbaycan xalqının milli kimliyinin gücləndirilməsinə istiqamətlənmiş bir addımdır.

Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və orada Böyük Qayıdış proqramının həyata keçirilməsi, bizim də doğma yurdlarımıza qayıdacağımız günün uzaqda olmadığını göstərir.

Prezident cənab İlham Əliyev çıxışının sonunda qaydışın uzaq olmaması mesajını bu sözləri ilə bildirmişdir: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.”

Göründüyü kimi, milli-mənəvi dəyərlərin qorunması, ona sadiqlik Qərbi Azərbaycana tarixi qayıdışımızı şərtləndirən amillərdən biri kimi ölkəmizin xarici siyasət prioritetləri daxilində əhəmiyyətli mövqeyə malikdir. Qərbi Azərbaycana qayıdışımız da uzaqda deyil. Tezliklə Qərbi Azərbaycanla bağlı haqq-ədalət öz yerini tapacaqdır.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Избранный
32
17
sesqazeti.az

10Источники