Dünya Səhiyyə Təşkilatı bu xəstəliklə bağlı fövqəladə vəziyyət elan edib.
KONKRET.az xəbər verir ki, tibb elmləri doktoru və professor Olha Qolubovska meymunçiçəyinin və quş qripinin yeni qlobal pandemiyaya səbəb olub-olmaması barədə suala cavab verib.
Bu barədə “Obozrevatel” məlumat yayıb.
İnfeksionist “X” xəstəliyinin Davosda keçirilən Dünya İqtisadi Forumunda müzakirə edildiyini xatırladıb. “X” xəstəliyinin meymunçiçəyi xəstəliyinə çevrilə biləcəyini ilə bağlı suala həkim belə cavab verib: “Hər şey ola bilər. Dünya Səhiyyə Təşkilatı bu xəstəliklə bağlı fövqəladə vəziyyət elan edib”.
O, həmçinin Fransanın Sağlamlıq Risklərinin Monitorinqi və Proqnozlaşdırılması Komitəsinin proqnozu ilə razılaşıb, ona görə yaxın beş ildə bəşəriyyəti təhdid edən ən təhlükəli xəstəliklər heyvandan insana və insandan heyvana keçən xəstəliklərdir.
“Zoonozlar – heyvanlardan insanlara keçən xəstəliklər bizim üçün ən dəhşətlidir. Məsələn, “X” xəstəliyi kimi də müzakirə olunan xəstəliklərdən biri də quş qripidir. Quşlar onunla xəstələnirlər. Fermerlər yaxın təmas nəticəsində yoluxa bilər. Şükür ki, bu virus insandan insana keçmir. Amma mutasiya baş verərsə, dünyada quş qripindən orta ölüm 52% təşkil edə bilər. Bunlar qorxulu rəqəmlərdir, amma virusa qarşı dərmanlarımız var”, – deyə həkim qeyd edib.
Qeyd edək ki, ilin əvvəlində Dünya İqtisadi Forumunda Dünya Səhiyyə Təşkilatının rəhbərləri bir araya gəlib. Onların məlumatına görə, bəşəriyyət COVİD-19-dan on dəfə çox ölümə səbəb ola biləcək yeni bir xəstəliklə üzləşə bilər.
Onu da xatırladaq ki, 2018-ci ildə “X” xəstəliyi terminini ciddi beynəlxalq epidemiyaya səbəb ola bilən, hazırda naməlum olan yoluxucu xəstəliyə istinad etmək üçün istifadə edilib. Qlobal ekspertlər deyirlər ki, növbəti pandemiya yaxınlaşır və o, hazırda elmə məlum olmayan patogen tərəfindən törədilə bilər.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb: “Əslində bu “X” xəstəliyindən öncə də ÜST dünyanı qarşıda gözləyən, insanlığı təhdid edən 10 təhlükəli virusdan biri, qrip pandemiyasını nəzərdə tuturdu. Mötəbər elmi məktəblərin məlumatına görə, daim mutasiya edən qrip virusu nə vaxtsa özünün çox təhlükəli formasını yaradacaq, necə ki, “ispan qripi”ndə olduğu kimi. Koronavirus da bu qəbildən idi. Yəni, qrip də nə vaxtsa koronovirus kimi qlobal pandemiya yaradacaq. Bu, elmi bir proqnozdur. Bu baxımdan “X” xəstəliyi dedikdə qarşıda adı məlum olan infeksiyadan söz gedir.
Bundan başqa, koronavirusun da nə vaxtsa yenidən pandemiya yaratmaq potensialı, imkanı qalıb. Çünki mutasiya edən viruslar daim özünün təhlükəli formalarını yaratmaq imkanındadırlar.
Əslində “X” xəstəliyi məhz bu cür sürprizləri nəzərdə tutur. Bəşəriyyət hər bir sürprizə hazır olmalıdır. Məsələn, 4 karantin infeksiyadan biri olan “təbii çiçək” virusu əgər dünyada yayılarsa, 42 yaşdan aşağı olan bütün insanları təhdid edə bilər. Xatırladım ki, bu virusa qarşı 1980-ci illərdə vaksinasiya olunub. Daha sonra xəstəlik yoxa çıxdığına görə vaksinasiya dayandırılıb. Ona görə də yenidən bu virus ortaya çıxsa, yenidən pandemiya törədə bilər.
Doğrudur, bütün bunları aradan qaldırmaq üçün müasir təbabətin əlində imkanlar var, lakin elə hallar var ki, məsələn, qripin effektli vaksinasiyasını hazırlamaq mümkün deyil. Çünki bu virus sürətlə mutasiyaya uğrayan virusdur. Bu baxımdan da biz istənilən sürprizlərə hazır olmalıyıq.
Dünyada insanların sayının sürətlə artması, fauna və floranın sıradan çıxarılması gələcəkdə ciddi problemlər yarada bilər”.
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə qeyd edib ki, ümumiyyətlə, dünyada son zamanlar pandemiya ilə bağlı çox sayda fikirlər səslənir: “COVİD-19 başlandığı dövrlərdə onun mənşəyi haqda çox araşdırma aparıldı. Daha sonra məlum oldu ki, bu, elmi institutdan diqqətsizlik ucbatından yayılmış məsələdir. Lakin bir sıra versiyalar da var ki, böyük güclər bu kimi bakterioloji, viral silahları dünyada tənasübün dəyişməsi istiqamətində istifadə etmək niyyətindədir. Yəni böyük güclərin dünyada sözə hakim olmaq istiqamətində bu gün adi silahlarla vuruşması yetərli effekt verə bilmədiyindən, artıq müəyyən bioloji silahlardan istifadə etmək, müəyyən qədər yer üzündə əhali sayına təsir etmək, bu vəziyyətdən istifadə edib, bəzi ölkələri özündən asılı hala salmaq və özlərinə uyğun şəkildə bu prosesdə hakimiyyətlərini yürütmək, çox böyük iqtisadi məsələlərə nəzarət etmək niyyəti ola bilər. Tək vaksinasiya və yaxud digər tibbi xərcləri hesablasaq, bu miqdarın nə qədər dəhşətli böyük rəqəmlərlə ölçüldüyünü görə bilirik. Bu baxımdan bu tipli anonslara təxribatçı qüvvələrin ortaya atdığı ideya kimi baxmaq olar. Çünki əgər ortada real patogen problem olsaydı, hər halda, biz onun işartılarını görərdik. Bu gün eşitdiyimiz pandemiyanın işartıları yalnız meymunçiçəyi ilə bağlıdır və bunun da əlamətləri artıq ictimaiyyətə məlumdur”./“Qaynarinfo”