RU

“İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda elmi konfrans panel iclasları ilə davam edir

“İqlim

Bakı, 4 oktyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda keçirilən Bakı İqlim Elmi Konfransı panel iclasları ilə davam edir.

AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyada Mükəmməllik Mərkəzinin direktoru Əli Nağıyevin moderatorluğu ilə keçirilən panel iclasında “İstixana qazı emissiyaları anlayışında inqilab - təcrübəyə əsaslanan məlumatların, süni intellekt və qabaqcıl analitikanın rolu” mövzusu müzakirə edilib.

İclasda “Advanced Technology Group”un baş direktoru Aslan Bəşirzadə qlobal istiləşmə ilə bağlı real vəziyyəti hamının anlamasının vacib olduğunu vurğulayıb: “İqlim problemi ilə mübarizə üçün potensial plan hazırlanmalıdır. Siyasətçilər, biznesmenlər, mütəxəssislər düzgün strategiya üzərində işləyərək emissiyaların azaldılması üçün tədbirlər görməlidir. Eyni zamanda, biz yeni texnologiyaları bu sahədə istifadə etməyin önəmini bilməliyik”.

“Caspian Innovation Center”in baş məlumat mütəxəssisi Azad Hüseynov süni intellektin ekologiyanın sahələrində istifadə istiqamətləri ilə bağlı məlumat verib: “Süni intellektin köməyilə böyük dataları emal etmək olar. Bu zaman süni intellekt xüsusi kontekstləri nəzərə alır”.

Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin Hidrogen və yaşıl texnologiya şöbəsinin rəhbəri Rəna Hümbətova deyib: “Külək və günəş enerjisi ilə bağlı bizdə böyük data bazası var. Hazırda dünyada data emalında mühəndislər deyil, süni intellekt iştirak edir”, - deyə R.Hümbətova bildirib.

“Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri Mərkəzinin mütəxəssisi Saleh Nəbiyev istixana qazlarının atmosferə vurduğu zərər barədə məlumat verib: “Bu qazlar atmosferdə qalır və günəş enerjisinin qarşısını kəsir. Təəssüf ki, təsirləri olduqca ağırdır. Eyni zamanda, istixana qazları iqlim problemində böyük bir rol oynayır.

“Boston Consulting Group”un direktoru Dmitri Fadeyev metanın iqlim dəyişikliyini yaradan ən böyük amil olduğuna diqqət çəkib: “Biz emissiyaları azaltsaq belə, metanı azaltmağın yolu olduqca qəlizdir. Metan emissiyaları idarəetmədə yeni sektorların yaranması deməkdir. Süni intellektdən bu sahədə istifadə edilə bilər. Düşünürəm ki, metan qazının müəyyənləşdirilməsi sahəsində peyk görüntülərindən istifadə etmək olar. Bu zaman eyni vaxtda bir çox bölgədə metan qazının səviyyəsi ölçülə bilər”.

Ətraf Mühitin Müdafiəsi Fondunun nümayəndəsi Stiv Hamburq vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizədə öz resurslarımızı qoruyub saxlamalıyıq. Hazırda dünya iqlim dəyişikliyi ilə mübarizədə daha yaxşı imkanlara sahibdir.

Panel iclası müzakirələrlə davam edib.

Избранный
12
azertag.az

1Источники