RU

Kamala Harrisin seçki taleyi Bakı-İrəvan sülhündən asılı durumda- həssas detallar...

Image

“Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ABŞ prezident administrasiyası üçün qarşıdan gələn seçkilərdə ən məqbul “kozır”dır, çünki xarici siyasətin digər sahələrində, məsələn, Rusiya-Ukrayna və ya Fələstin məsələsində demokratların uğur qazanacağı gözlənilmir”. Bu fikirlər erməni siyasi strateq Vigen Akopyan tərəfindən səsləndirilib.

O qeyd edir ki, Vaşinqton İrəvan və Bakını noyabrda keçiriləcək seçkilərə qədər çərçivə sülh müqaviləsi imzalamağa tələsdirir. Amma sülh müqaviləsinin16 bəndindən 13-ü razılaşdırılıb. Ermənistan tərəfi bu razılaşdırılmış bəndləri imzalamağa hazır olduğunu bəyan edərsə, Azərbaycan yarımçıq müqavilə istəmir. BakI hesab edir ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi də daxil olmaqla digər məqamlar tam razılaşdırmalı, bundan sonra da müqavilə imzalanmalıdır. Vigen Akopyan qeyd edir ki, sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi ABŞ üçün vacibdir: “İndi Birləşmiş Ştatlar ən böyük tələskənlikdədir, çünki onlar üçün bu, piardır. Birləşmiş Ştatlar üçün imzalanma mərasiminin özü, necə deyərlər, Demokratlar  Partiyasının namizədi Kamala Harris üçün başqa bir seçki arqumenti ola bilər. Ən azı razılaşdırılmış bəndləri imzalamağa çağırışlar da eyni məqsədə xidmət edir. İndiki durumda Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı Ermənistan  konstitusiyasının preambula hissəsi ənənəvi hüquqi prosedurlardan yan keçməklə, Konstitusiya Məhkəməsi vasitəsilə ləğv oluna bilər”. Buna qədər Ermənistanın Konstitusiya Məhkəməsi sərhədlərin delimitasiyası komissiyalarının iş qaydalarının konstitusiyaya uyğunluğunu tanıyıb. Ekspertlərin fikrincə, Konstitusiya Məhkəməsi bununla da Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın hüquqi qüvvəyə malik olmadığını tanımaq üçün də əsas yaratmağa hesablanıb. O qeyd edir ki, cəmiyyət də buna hansısa formada müqavimət göstərməyəcək: “Əsas problemi Ermənistan vətəndaşlarının əhəmiyyətli hissəsinin həyata parazit münasibətidir, bu da bütövlükdə cəmiyyətdə özünü göstərir. Çoxları üçün Ermənistan vətəndaşlarının Ermənistanda, ya da hansısa vilayətdə, əyalətdə və ya ümumiyyətlə, Amerika Qlendeylində yaşamasının fərqi yoxdur. Əgər biz SSRİ-nin dağılması zamanı müstəqilliyi “hədiyyə” kimi almasaydıq, əslində onun uğrunda mübarizə aparsaydıq, o zaman cəmiyyətin əksər hissəsi suverenliyə daha yüksək qiymət verə bilərdi. Ermənistan xalqının əhəmiyyətli bir hissəsi müstəqilliyə dəyər vermir, cəmiyyət Rusiya, Qərb, İran və sair tərəfdarlara bölünüb. Hamı eyni fikirdədir: “bizi kim dəstəkləyəcək”, “bizi kim qoruyacaq”. “Təhlükəsizliyimizi kim təmin edəcək”, “bizi qazla kim təmin edəcək”. Bir tərəfdən hakimiyyət deyir ki, Rusiya hərbçiləri bizim üçün döyüşməlidir, amma indi onlar “inciyib” və təhlükəsizlik sistemini (KTMT) tərk edib başqasının yanına getməklə hədələyirlər. Digər tərəfdən, müxalifət heç bir işdə “qırmızı xətləri” keçməməyə çalışır, əksinə onu “kimlərinsə” hakimiyyətə gətirməsini istəyir. Yəni, əslində biz oxşar yanaşmaları görürük - iqtidar komandası “kimlərinsə” onları hakimiyyətdə saxlamasını istəyir, müxalifət isə siyasi proseslərdə batmaq istəmir və həqiqətən istəyir ki , yenə “kimsə” indiki hökuməti uzaqlaşdırıb dövlətin başına onu gətirsin”.

Ekspert bildirir ki, bu şəraitdə Ermənistan xaricdən daha çox asılı duruma düşür. Elə ABŞ də bu əsasda ermənilərə sülhlə bağlı şərtləri diqtə edir. Xatırladaq ki, ötən həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında Nyu-York şəhərində üçtərəfli görüş olub. Görüşdə ABŞ rəsmisi sülh sazişinin regiona sabitlik və rifah gətirəcəyini deyib. Bundan əvvəl eyni təkibdə görüş iyul ayının 10-da baş tutub. Vaşinqtonun Ermənistanla Azərbaycan arasında yekun sülhə dair hansısa çərçivə sənədinin imzalanmasına çalışması indi daha çox ABŞ-da keçiriləcək seçkilərə hesablanıb. Demokratların son hakimiyyətləri dövründə dünyada münaqişələrin şiddətlənməsi faktdır. ABŞ Ukraynada savaşın başlamasının əsas səbəbkarlarından biridir. Elə respublikaçıların namizədi Donald Trampın seçki kampaniyasında bu faktı xüsusilə qabartması Harris üçün əsas problemlərindən biridir. Demokratlara bu şəraitdə geosiyasi uğur lazımdır və belə görünür ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasındakı mümkün razılaşmanı ən optimal variant hesab edirlər. Amma problem həm də budur ki, ABŞ Ermənistanı silahlandırmaqla, bu ölkəyə maliyyə yardımlarını artırmaqal sülh prosesinə xələl gətirir. ABŞ-ın Ermənistana bu formada dəstəyi davam etdirməsi Cənubi Qafqazda yeni gərginlik yaratmağa gətirib çıxarır. Bununla yanaşı, ABŞ Ermənistandan Rusiyaya qarşı ritorikasını gücləndirməsini istəyir. Əgər bu olarsa, dəstək daha da arta bilər. Amma belə vəziyyət ErmənistanIn özünü uçuruma yuvarlayır. Əks halda Ermənistan Rusiya ilə Qərb arasında hərbi poliqona çevrilə, Ukraynadan daha ağır vəziyyətə düşə bilər. Hər halda bunu Ermənistanda da bilməmiş deyillər.

Ramil QULİYEV





Избранный
14
baki-xeber.com

1Источники