RU

Çölçülüyə qayıdış

Öncə hörmətli hüquq-mühafizə orqanlarımızdan bir suala cavab istəyirəm: Azərbaycan vətəndaşlarının Rusiya ordusuna qoşulub Ukraynanın işğalında iştirak etməsi nə dərəcədə bizim qanunlara uyğundur? Rusiyada məhz həmin işğalçı ordunun tərkibində həlak olub meyidi Azərbaycana gətirilən həmyerlilərimizin sayı gözgörəsi artmaqdadır. Ən azı 2 nəfər – bir zərdablı, bir ələtli – haqda informasiya son iki gündə KİV-ə çıxıb.

Rusiya həmişə olduğu kimi işğal, imperiya siyasətini başqa xalqların əliylə aparır və Putinin əsgər ehtiyatları tükənməkdədir. Bu yaxında beynəlxalq qurumların açıq mənbələrdən hesablaması vardı, Ukrayna davasında ölən tatar və başqırdların sayı moskvalıların sayından dəfələrlə çox imiş.

Bəs biz niyə bu davaya qoşuluruq? Kim məcbur edir? Suriyada-filanda döyüşənlər Azərbaycanda aşkara çıxanda dərhal cinayət işi açırsınız, bu münasibət Rusiya ordusuna qoşulanlara niyə aid edilmir? Axı bu da qanunsuz silahlı qruplaşmalara qoşulmağın bir növüdür, çünki BMT səviyyəsində tanınan sərhədləri tapdalamaq terrordur, banditizmdir.

Lakin həbs və sıxışdırma bir yana, hələ orda ölən muzdluları rayonlarımıza gətirib fəxarətlə, üçrəngli bayrağımızın-filanın altında dəfn edirlər. Sanki bu bayraq yolunda, bizim üçün həlak olmuşlar. Rusiya vətəndaşı kimi ölüblərsə, bura niyə gətirilməlidir?

İkinci mövzu metroda tunelə yıxılanlar və ölənlərdir. Bunun belə olacağını proqnozlaşdırmaq üçün yüksək dərrakəyə, uzaqgörənliyə ehtiyac yox idi axı. Neçə vaxtdır metro stansiyalarımızda dəhşətli basırıq, tıxaclar haqda xəbərlərin, videoların ardı-arası kəsilmir. Di gəl heç kimin vecinə də deyil. Sanki başqa ölkədən (məsələn, Naurudan), ya da başqa idarədən (olsun Kənd Təsərrüfatı Nazirliyi) gəlib orda tədbir görməlidirlər. Hansısa stansiya naqolay zamanda bağlanır, adamlar beş metrlik yolu tunellərdə fırlanmağa məcbur qalır, sanki təcrübə siçanlarıdır. Kefləri istəyəndə eskalatoru açırlar, bağlayırlar. Nə dəqiq qrafik var, nə komfort. Ən tragikomik detallardan biri odur ki, Bakı metrosunda elektron tabloda bizə növbəti qatarın haçan gələcəyini yox, əvvəlki qatarın getmə vaxtını xəbər verirlər. Yəni, qatarın dalıyca bax, qal yana-yana.

Əvvəlki qatar haçan gedib, bu, perrondakı sərnişinin nəyinə lazımdır? Bu nə idiot sistemdir? Əgər, misal üçün, 3 dəqiqə yox, 6 dəqiqə əvvəl gedibsə, ürəyimiz daha sakitləşir?

Təbii ki, yeraltı tıxacların, problemlərin səbəbi həm də yerüstü problemlərdir. Bunlar qarşılıqlı yaranır və bütün günahı metro idarəsində görmək düz deyil. Paytaxtın nəqliyyatı sistemli şəkildə bərbaddır. Özü də bizə adətən “bütün dünyada tıxaclar var” deyə yalan püskürdürlər. Mən eşşək boyda Paris şəhərində olmuşam, orda Bakıdakı tıxacları görməmişəm. Bir qahım təzəlikcə İtaliyanın Milan şəhərindən qayıdıb. Milan şəhərətrafıyla birgə təxminən Bakı qədər – 3 milyondan çox əhalisi olan, İtaliyanın 2-ci ən böyük şəhəridir. Əhali sıxlığı isə Milanda daha çoxdur – hər kvadrat kilometrə 7500 nəfər. (Bakıda bu rəqəm 1 kv.km üçün 1057 nəfərdir. Yəni, Bakı daha geniş əraziyə malikdir). Ancaq qahım Milanda heç bir tıxaca rast gəlmədiyini söylədi.

Sonra nəşriyyat müdiri şikayətlənir: “Kitab oxuyan yoxdur, sərgi keçirdirik, gələn olmur, niyə nazirlər kitab almır və sairə”.

Niyə alsınlar? Kitab oxuyanın bizdə nəinki nazir, heç müəllim də olmaq ehtimalı yoxdur. Kitabı sevdinsə, ac qalırsan. Camaat bunu görür, kitaba nifrət edir.

Başqa yöndən, maraqlı kitab alanda onu hər yerdə oxumaq istəyirsən. Metroda sıxlıqdan adamın burnu qabaqdakı vətəndaşın peysərinə dirənir, orda kitab oxumaq olar? Azca açıqlıq da olanda itələyib tunelə yıxırlar, ondan sonra… Allah rəhmət eləsin.

Hələ kitab sərgisini hava limanı yolunda, çöllüyə salmaq kimin ideyasıdır? Şəhərdə yer yoxdur? Universitetlərin yanında dönər salonu açırsan, səhrada da kitab sərgisi. Gözəl siyasətdir.

Gələn dəfə Ələt tərəfə salsınlar. Orda daha geniş çöllər var.

Избранный
8
1
medianews.az

10Источники