RU

"Tağıyev" filmi ilə Azərbaycanda milli tarixi seriallara start verilib

"Nəhayət, Azərbaycanda kino sənayesinin yeni mərhələsinə qədəm qoyduq. Tarixi bədii filmlərə, bədii seriallara start verildi. Bakı Media Mərkəzinin istehsalı olan 4 hissəli "Tağıyev" filmi milli tarixi seriallarımız üçün təkan rolunu oynayacaq".

Musavat.com bildirir ki, bu barədə dramaturq, ssenarist Ülviyyə Heydərova deyib.

Ssenarist qeyd edib ki, Azərbaycan tarixi zəfər qazanmış bir xalq olaraq öz möhtəşəm, qürurlu tarixini dünyaya məhz bu cür filmlərin vasitəsi ilə çatdıra bilər:

"Kino Lenin demiş, ən gözəl təbliğat vasitəsidir. Dünya Türkiyəni yenidən, daha yaxından məhz tarixi serialları ilə kəşf etdi. Ərdoğan Türkiyənin gücünü həm də tarixi seriallar çəkdirməklə sözün yaxşı mənasında dünyanın gözünə soxur. Milli tarixi seriallarımızı, bədii filmlərimizi məhz sponsorların sayəsində çəkib göstərə bilərik. Bunun üçün nə lazımdır? Güclü, pullu şirkətlərin dəstəyi. Çox təəssüf ki, bu pullu şirkətlər ancaq yuxarıdan gələn zənglərdən sonra sponsorluq edirlər. Yuxarıda adamın yoxdursa, oskarlıq kino layihəsi qarşılarına qoy, veclərinə almayacaqlar. Bu cür kino yaranmır".

Ülviyyə Heydərovanın fikrincə, dövlət imkanlı şirkətlərin qarşısına öhdəlik qoymalı, vergilərə güzəştlər etməklə onların hər biri tarixi dramlara dəstək göstərməlidir:

"Biz film dəstəyini yalnız dövlətdən almalı deyilik. Dövlətin Böyük Qayıdış kimi möhtəşəm layihəsi var. İstər televiziya, istərsə də prodakşnların maddi gücü, texniki bazası milli kökümüzü, şanlı tariximizi göstərmək üçün yetərli deyil. Buna ayda milyonlar qazanan şirkətlər kömək olmalıdır. Kinoya tökülən pul hədər getmir. Kinoteatrlar açıb bu mexanizmi işə salmaqla kino özü-özünü idarə edə də bilər.

Bakı Media Mərkəzi "Tağıyev" filmi ilə ilkə qəşəng imza atdı. Başda filmin baş prodüseri Arzu Əliyeva olmaqla bütün heyəti, o cümlədən prodüser Orman Əliyevi, ssenari müəllifi İsmail İmanı, baş rejissor Zaur Qasımlını, təsvir rejissoru Vladimiri, filmin rəssamı Səbuhini, geyim üzrə rəssamı Vüsal Rəhimi, bəstəkarı Etibar Əsədlini, kastinq Reyhan İsayevanı və film üzərində çalışan bütün heyəti, baş rolun ifaçıları Xalq artistləri Qurban İsmayılovu, Pərviz Məmmədrzayevi və bütün aktyor heyətini səmimi qəlbdən təbrik edirəm! Hacı Zeynalabdin Tağıyevin ruhu şaddır".

Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsi əsasında çəkilmiş "Tağıyev" çoxseriyalı filmi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ekranlaşdırılıb. Filmin "TAĞIYEV: NEFT" serialı ötən ay təqdim olunub.

Ekran işinin xarici auditoriya üçün də nümayişi nəzərdə tutulub.

Xalidə Gəray
Musavat.com

Избранный
15
musavat.com

1Источники