RU

Şahin Diniyev: “Bu, bizə çox böyük motivasiya verdi”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun tam diqtəmizlə keçdi. Sadəcə, standart vəziyyətlərdə problemimiz olurdu. Onda da qapıçı və müdafiəçilərimiz etibarlı oynadılar. “Qara zolaq”dan çıxmağımız məni sevindirir. Yolumuza davam edəcəyik.

Futbol emosiyalar oyunudur. Sakit durub oyuna baxsan, alınmayacaq. Heç bir hakimlə intriqam yoxdur. Əliyar Ağayev oyunu normal idarə etdi”.

Şahin Diniyev “Kəpəz”in ötən gün “Neftçi”yə qalib gəlməsinin komandasının oyununa təsirindən də danışıb:

“Kəpəz” “Neftçi”yə qalib gəlməklə aramızdakı xal fərqini 1-ə endirdi. Amma bugünkü qələbə bizi sonuncu yerdən bir az uzaqlaşdırdı. 3 xallıq çempionatda hər şey ola bilər. “Neftçi” də bu vəziyyətdən çıxacaq. Bu, görünəndir. “Kəpəz”in qələbəsi bizi bir az da ruhlandırdı. Arxamızda nəfəs hiss etdik. Bu, bizə çox böyük motivasiya verdi”.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Üzücü məğlubiyyət oldu. Xal qazanmaq istəyirdik. Amma bu gün rəqib bizdən daha istəkli görünürdü. Oyunu çevirmək imkanımız olsa da, qol epizodlarını dəyərləndirə bilmədik. Qırmızı vərəqə ilə azlıqda qaldıq. Bundan sonra rəqib əks-hücumda ikinci qolu vurub oyunun taleyini həll etdi. Bu gün istədiyimiz kimi çıxış edə bilmədik. Bu da normaldır. Zədəli futbolçularımız çox idi. Mövsüm ərzində belə çətinliklər olacaq. Buna hazır olmalıyıq.

Bu gün o qədər də zəif çıxış etmədik. Qol epizodlarını dəyərləndirə bilsəydik, oyun başqa cür olardı. Bu məğlubiyyət bizi daha da möhkəmləndirməlidir. Milli fasilədən istifadə edib daha möhkəm olacağıq”.

Избранный
35
arena.az

1Источники