RU

Okan Buruk futbolçularla toplantı keçirdi

''Fənərbaxça'' və PAOK üzərində qazanılan qələbələrdən sonra sanki gözə gələn ''Qalatasaray''da sonradan qəribə bir eniş başladı.

Əvvəlcə superliqada ''Kasımpaşa'' ilə oyunda 3:0-ı əldən verən İstanbul nəhəngi daha sonra Avropa Liqasında səfərdə Latviya təmsilçisi RFŞ ilə görüşdə 2:0-ı əldən verdi. Xüsusilə son bərabərliyin ardından həm Okan Buruka, həm də ayrı-ayrı oyunçulara yönələn tənqidlər artmağa başladı.

Türkiyə mətbuatının yazdığına inansaq, Buruk bəzi futbolçularla təklikdə görüş keçirib. O xüsusilə İkardi, Əbdülkərim Bardakcı, Barış Alpər Yılmaz, Batşuayi və Yelert kimi oyunçularla görüşərək onlardan toparlanmalarını tələb edib.

Komandada artıq bütün gözlər sabah ''Alanyaspor''a qarşı doğma meydanda baş tutacaq oyuna yönəlib. Son çempion qalib gələrək həm uğursuzluq zolağından çıxmaq, həm də yığma fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq istəyir.

Bu arada, ''Kasımpaşa'' ilə matçın gedişində əzələsini dartaraq fasilədə əvəzlənən və RFŞ ilə oyunu buraxmalı olan Viktor Osimhenin durumu barədə hələ də dəqiq məlumat yoxdu. Amma belə güman olunur ki, nigeriyalı ulduz tam sağalmadığına görə məşqçilər korpusu riskə getməyəcək. Yəni qeyri-adi bir şey baş verməsə, Osimhen ''Alanyaspor'' ilə oyunu buraxmalı olacaq. Osimhenin yığma fasiləsindən sonra, oktyabrın 19-da ''Antalyaspor''la səfər oyununda artıq tam güclə komandaya yardım edəcəyi gözlənilir.

ƏLİ

Избранный
31
football-plus.az

1Источники