RU

ABŞ-dan BMT-yə həqarət: Konqresmenlər bu dəfə beynəlxalq təşkilatı “yalançı çıxardı”

ABŞ konqresmeni Adam Şiffin müəllifi olduğu “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsi haqlı olaraq Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Yaxın tarixi keçmişin təhrif edilməsi üzərində qurulan qanun layihəsində, ölkəmizlə bağlı bir sıra absurd iddialar var ki, bunlardan da biri Azərbaycanın lokal antiterror tədbirləri zamanı mülki əhaliyə, eləcə də mülki infrastruktura zərər vurmasıdır.

 

Xatırladaq ki, 2023-cü ilin 19-20 sentyabr tarixli lokal antiterror tədbirlərindən sonra bölgəyə səfər edən BMT missiyası buradakı erməni sakinləri ilə görüşmüş, əməliyyatın keçirildiyi ərazi ilə tanış olmuşdu. Bu səfərin nəticəsi olaraq BMT missiyası hazırladığı hesabatda mülki insan və infrastrukturun lokal anti-terror tədbirlərindən zərər görmədiyini vurğulamış, Qarabağdakı sadə ermənilərə münasibətdə heç bir təzyiq və zorakılığın olmadığını qeyd etmişdi.

 

Bu hesabatdan təxminən bir il sonra ABŞ konqresinin BMT hesabatına zidd olaraq cəfəng fikirlər səsləndirməsi, dəlilsiz-sübutsuz ittihamlar irəli sürməsi Vaşinqtonun riyakar siyasətindən xəbər verir. Bu fakt sübut edir ki, ABŞ üçün önəmli olan nəyin həqiqət, nəyin yalan olması deyil. ABŞ üçün önəmli olan yeganə amil onun işinə nəyin yarayıb-yaramadığıdır. Məhz buna görə də ABŞ Azərbaycan həqiqətləri ilə bağlı nəinki özünü korluğa qoyur, həm də faktiki olaraq BMT-yə həqarət edir, onu “yalançı çıxarır”. Adam Şiff tərəfindən irəli sürülən qanun layihəsindən belə çıxır ki, BMT-nin bir il əvvəlki hesabatı həqiqətdən uzaqdır və beynəlxalq ictimaiyyətin aldadılması faktından başqa bir şey deyil.

 

Təbii, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-yə qarşı bu cür həqarətli və alçaldıcı münasibət, ABŞ-ın öz maraqları naminə ali dəyərləri belə ayaqlar altına atmağa hazır olduğunu göstərir. Məlum gerçəklik sübut edir ki, ABŞ yalnız Azərbaycanın deyil, bütün dünyanın gözündə etibarını itirib. Ən pisi isə odur ki, Vaşinqton ayaqlar altındakı bu etibarı bərpa etməkdə maraqlı deyil. Bu isə onu dünya üçün daha təhlükəli edir və görünən odur ki, ABŞ bu gedişlə hələ uzun müddət dünya üçün təhlükə olaraq qalacaq.

 

Seymur ƏLİYEV

 

Избранный
41
moderator.az

1Источники