RU

Tarixi ədalətə söykənən siyasətimiz davamlı zəfərlərə yol açır

Tarixi Zəfərimizdən ötən dövr ərzində dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə davamlı səfərləri Böyük Qayıdış Proqramının icrasının daha da sürətlənməsində əhəmiyyətli rol oynayır. Bu ərazilərin müasir tələblər səviyyəsində yenidən qurulması, müasir idarəçilik sisteminin yaradılması əsas prioritetlər sırasındadır. Bu gün böyük inamla qeyd edirik ki, azad Qarbağımız və Şərqi Zəngəzurumuz dünyaya şəhərsalmanın müasir təcrübəsini təqdim edir. Oktyabrın 3-də dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri, həmçinin oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etmələri xalqımızda böyük qürur hissi yaratdı. Bu baxımdan ki, 4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad edildiyi gündür. 27 ildən sonra işğaldan azad edilən Cəbrayıl bundan 4 il sonra sakinlərinə qovuşdu. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimiz özünün çal-çağırlı günlərini yaşayır.Cənab İlham Əliyev sözügedən mərasimdəki çıxışında “Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur» fikirlərini söyləyərək Cəbrayıl rayonunun timsalında aparılan bərpa-qurculuq işlərini diqqətə çatdırdı. Bildirdi ki, Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır. Sovet vaxtında olan yol yenidən qurulmuşdur. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana, Qubadlıya və oradan da Laçına qədər davam edir. Gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir. Həm də onun təsdiqləyir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil var. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur.

Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Artıq indi isə görülən bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara əsl sahibləri qayıdıb. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Görürlər, amma görməzliyə vururlar. Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. İşğalçı dövlət beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur.
Ölkə Prezidentinin elə bir çıxışı yoxdur ki, dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərə diqqət yönəltməsin. 30 illik işğal dövründə Ermənistana dəstəklərin sonda hansı nəticəyə gətirib çıxardığı aydındır. İşğalçı dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qomadı, beynəlxalq hüququn norma və prinsiplərini kobul şəkildə pozdu. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu fəaliyyətsizliyi ilə diqqətdə oldu. Missiyasını Ermənistana dəstəkdə görən qurumun həmsədr ölkələri işğalçını adı ilə çağırmadan münaqişənin sülh yolu ilə ədalətli həllini tapacağını bildirdilər. Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Cənab İlham Əliyev sözügedən çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətini belə dəyərləndirdi: “Minsk qrupu nə ilə məşğul idi - ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə. Minsk qrupunun fəaliyyəti bundan ibarət idi.”
Bütün bu ikili yanaşmalar Azərbaycanı ruhdan salmadı. Ölkəmiz mövqeyinin dəyişməz olduğunu ən yüksək tribunalardan bəyan etdi. Bildirildi ki, məsələ sülh yolu ilə həll edilməzsə, müharibə variantı şəksizdir. Bir qarış torpağımızın belə düşmənə verilməyəcəyi, ərazi bütövlüyümüzün danışıqlar mövzusu olmadığı və olamayacağı da səsləndirilən bəyanatlar sırasında oldu.
Bu gün qürurla azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasından, bu torpaqların cənnət məkana çevrilməsindən bəhs edirik. Tarixi ədalətə söykənən siyasətimiz davamlı zəfərlərə yol açır. Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır.
Cənab İlham Əliyev bu günlərdə Bakıda Aşıq Ələsgərin abidəsinin açılış mərasimində xalqımızın XX əsrdə üç deportasiya dalğasına məruz qaldığını bildirdi. 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır: “Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar.” Dövlətimizin başçısı onu da vurğuladı ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyimizə əminik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər: “Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir.”

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Избранный
34
sesqazeti.az

1Источники