RU

İran öz uğurunu və qəhrəmanını ELAN ETDİ: İsrailin buna cavabı necə olacaq? – FOTO

İranın ali lideri Əli Xamenei bu həftə İsrailə qarşı raket hücumuna komandanlıq edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava və raket qüvvələrinin komandanı general Əmir Əli Hacızadəni “Qələbə medalı” ilə təltif edib.

SEPAH-ın “Telegram” kanalında bu barədə yayılan məlumata görə, sözügedən təltif “Doğru vəd” əməliyyatının uğurlu nəticələri ilə bağlıdır. Bildirilir ki, medalın üzərində üç xurma yarpağı, Xürrəmşəhr Məscidinin günbəzi və İran İslam Respublikasının bayrağı əks olunub.

SEPAH-ın iddia etdiyi kimi, İranın İsrailə qarşı raket hücumunu uğurlu hesab etmək olarmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, İran tərəfi baş verənləri uğur kimi qələmə verir.

Onun qənaətincə, Tehranın belə bir təqdimata ehtiyacı var: “İran Yaxın Şərq münaqişəsi fonunda bəzi silahlarını sınaqdan çıxara bildi. İsrailin zəif tərəflərini də bir növ aşkarladı. Lakin böyük əhəmiyyətli uğur qazana bilmədi. Hücum zamanı təxminən 500-ə yaxın raketdən istifadə edildi. Bunların arasında hədəfə çatan az oldu. Onlar ya “Dəmir qübbə” tərəfindən vuruldu, ya da ABŞ-nin İordaniyadakı mövcud hərbi bazası tərəfindən məhv edildi. Buna baxmayaraq, İran HƏMAS və “Hizbullah” liderlərinin ölümündən sonra İsrailə hansısa formada cavab verməli idi. O baxımdan yenidən İsrail ərazisinə raketlər atıldı. İranın İsrailə cavabı baxımından bu, baş verməli idi. İran rəsmiləri və media qurumları hazırda bunu uğur kimi qələmə verirlər. İran ali dini liderinin SEPAH-ın hərbi hava qüvvələrinin komandanlığını təltif etməsi də məhz bu qəbilədəndir. İrana sadəcə uğur və qəhrəman lazım idi. Tehrana görə bu uğur və müəyyən nəticələr əldə edilib”.

Z.Əmrəliyev hesab edir ki, İran tərəfindən həyata keçirilən tədbirlərin tam uğursuz olduğunu söyləmək olmaz: “İran müəyyən nəticələr əldə edib. Tehran istədiyi qəhrəmanı qazana bilib. Cəmiyyətə bir qəhrəman təqdim etmək lazım idi və İran rəsmiləri buna nail oldular. Bu proseslər davam edəcək. Hazırda İsrailin İrana daha bir zərbəsi gözlənilir. Tehran buna hazırlaşmalıdır. Bunun üçün SEPAH-ın üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda İran diplomatik kanallar vasitəsilə bu hadisənin qarşısını almağa çalışır. Körfəz ölkələri ilə əməkdaşlığın gücləndirilməsi buna bir misaldır. Perspektivdə İsrailin hansı miqyasda və haraya hücumu, həmçinin İranın bu hücumun qarşısını necə alacağı suallar doğurur. İranın iddia edildiyi kimi güclü olub-olmaması İsrailin gözlənilən hücumundan sonra daha aydın bilinəcək”.

Ayşən RƏHİM

Избранный
21
50
medianews.az

10Источники