RU

Tunis və Kamerundan sonra Fransaya və Ermənistana 3-cü "Frankofoniya zərbəsini" də vurduq...

Image

İkinci Qarabağ müharibəsi və ötın il baş tutan birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi Fransanın yuxusuna sözün əsl mənasında haram qatıb.  

Xatırladaq  ki, Fransa 30 ilə yaxın müddətdə Ermənistanla Azərbaycan arasında olan münaqişənin həllinə maneçilik törədib. Beynəlxalq hüququn bərqərar olunmasına, Azərbaycanın torpaqlarının azad edilməsinə və sülh yaranmasına imkan verməyən əsas tərəflərdən biri olub. İndi də regionda sülh bərqərar ola bilər deyə fransızlar təşvişə düşüblər.

Hazırda Fransa lideri olduğu Beynəlxalq Frankofoniya Təşkilatından Cənubi Qafqazda sülhə qarşı istifadə etməyə can atır. Təşkilatın nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, guya dünyada sülhün və əminamanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da Beynəlxalq Frankofoniya Təşkilatının missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Elə əsl problem də buradan başlanır.  Fransanın Villers-Cotterets və Paris şəhərlərində keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə görüşü çərçivəsində Parisin birbaşa dəstəyi ilə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələrin olduğu sənədlərin qəbulu istiqamətində edilən cəhd qurumun tamamilə sülhə qarşı fəaliyyət göstərdiyini, təxribatçı addımlar atdığını nümayiş etdirir. Beynəlxalq Frankofoniya Təşkilatının ona üzv olmayan suveren ölkə əleyhinə və ümumiyyətlə, mandatından kənar mövzuya dair sənədlər qəbul etməsi bu təşkilatın nüfuzuna ciddi xələl gətirməklə yanaşı, onun Fransa tərəfindən digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğunu, siyasi alət rolunu oynadığını bir daha nümayiş etdirir. Fransa Azərbaycanın üzv olmadığı bu təşkilatda onun suverenliyi və ərazi bütövlüyünü hədəf alan müddəaları təşkilatın sammitinin qətnaməsinə daxil etmək üçün sədrlik statusunu kobud şəkildə istismar edib, çoxtərəfli diplomatik formatlarda sənədlərin hazırlanması ilə bağlı ümumi qəbul edilmiş praktikanı və elementar çoxtərəfli danışıq qaydalarını açıq şəkildə pozaraq, bir neçə üzv dövlətin məlum müddəalarla bağlı təkliflərini müzakirə etməyə belə imkan verməyib. Ancaq qeyd edək ki, burada da Fransa və onun kiçik bacısı Ermənistan istədiyi nəticəyə nail ola bilməyiblər. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Ermənistan tərəfinin guya Beynəlxalq Frankofoniya Təşkilatının sammitində qəbul olunduğunu iddia etdiyi müddəalar əslində təşkilatda konsensus qazanmayıb, bəzi müddəalara etiraz olaraq sənədə qeyd-şərt əlavə edilib. Beləliklə, hətta Azərbaycanın üzv olmadığı bir platformada belə Ermənistanın özünün saxta hekayələrini beynəlxalq ictimaiyyətə qəbul etdirmək cəhdləri Fransanın açıq dəstəyinə baxmayaraq iflasa uğrayıb. O da diqqətə çatdırılır ki, qərar qəbuletmə qaydalarının açıq-aşkar pozulması yolu ilə əslində mədəni-humanitar məsələlərin müzakirəsi üçün nəzərdə tutulmuş bir təşkilatın sənədinə konsensus əldə edilmədən salınmış, Ermənistan tərəfinin “diplomatik qələbə” kimi təqdim etməyə çalışdığı sözügedən müddəaların heç bir siyasi və hüquqi dəyəri yoxdur. Beynəlxalq Frankofoniya Təşkilatının çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi dəyərləndirilir. Azərbaycan Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq hüquqa və Beynəlxalq Frankofoniya Təşkilatının humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş qurumun üzv dövlətlərinə təşəkkürünü bildirib. Bununla yanaşı, rəsmi Bakı Ermənistanı bu kimi pozucu addımlardan əl çəkməyə, normallaşma prosesinin məntiqi sonluğa çatdırılması yolunda qalan əngəlləri, ilk növbədə bu ölkənin konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları dəyişmək istiqamətində siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır. Qeyd edilir ki, Ermənistan ya bu yolla normallaşma prosesini yekunlaşdırmaq ya da bütün müstəvilərdə qarşıdurmanı davam etdirmək arasında seçim etməlidir.  Xatırladaq ki, bundan əvvəl də analoji hallar təkrarlanıb. Ötən ilin noyabrında Beynəlxalq Frankofoniya Təşkilatının Kamerunda keçirilən iclasında Fransa və Ermənistan Azərbaycana qarşı bəzi cəhdlər edib. Lakin bu səylər heç bir nəticə verməyib. Kamerunda Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatının Frankofoniya daxilində qrupunun təsis edilməsi, bu ölkələrin Azərbaycana göstərdiyi dost münasibəti Fransa və Ermənistanın bu səylərinin uğursuz olacağını əvvəlcədən deməyə əsas verdi. Bununla yanaşı, 2022-ci ilin noyabr ayında Frankofoniya təşkilatının Tunisdəki sammitində, Azərbaycanın üzv olmadığı bir təşkilatda Fransa və Ermənistanın bütün səylərinə baxmayaraq irəli sürülmüş qətnamədə Azərbaycan əleyhinə bəndlərin əksəriyyətinin rədd edilməsi və qətnamə üzrə səylərin istənilən nəticə verməməsi də Bakının uğuru oldu. Həmin vaxt Frankofoniya iclası çərçivəsində baş tutmuş Nazirlər iclası zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən təxribat xarakterli və sözügedən təşkilatın üzvlərinin guya Azərbaycana qarşı mövqe tutmaları ilə bağlı təhriflərlə dolu bəyanat səslənib. Bundan başqa, Tunis Zirvə görüşünə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyilə Zirvə görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunub. Lakin qurumdakı Azərbaycana dost dövlətlər həm Ararat Mirzoyanın bəyanatına, həm də qətnamə layihəsində yer alan ölkəmizə qarşı müddəalara kəskin etirazlarını bildiriblər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib.  Elə o vaxtdan bəri də Beynəlxalq Frankofoniya Təşkilatından Azərbaycana qarşı istifadə cəhdləri iflasa uğramaqda davam edir.

Nahid SALAYEV





Избранный
38
baki-xeber.com

1Источники