RU

Azərbaycanın “halal süfrəsi” –400 milyonluq bazara necə daxil olmalı?/FORUM

Son zamanlar Azərbaycana müsəlman ölkələrindən olan turist axını halal qida sektorunun inkişafını zəruri edir.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB Forum) rəsmi açılış mərasimində çıxış edərkən deyib. Onun sözlərinə görə, respublikamızda sahibkarlığın inkişafı və aqrar sahəyə geniş dövlət dəstəyi halal qida və turizm sektorunun inkişafına zəmin yaradır.

“Halal standartlar emal prosesinin təşkili, dəyər zəncirini formalaşdırmaqla fermer və sahibkarların gəlirlərini artıracaq, kənd təsərrüfatı məhsullarına olan tələbatı yüksəldəcək, maliyyə bazarlarını canlandıracaq, ixrac potensialını daha da artıracaq. Bu sahədə dayanıqlı inkişafa nail olmaq üçün dünyada mövcud olan trendlər dəyərləndirilməli, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı günümüzün çağırışlarına uyğun qurulmalıdır”, – deyə nazir bildirib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxışında deyib ki, islam ölkələrinin istehlak bazarı 7 trilyon dollar təşkil edir.

Onun sözlərinə görə, Azərbaycan ətraf ölkələrlə birlikdə 400 milyon nəfərlik müsəlman istehlakçı bazarının qovşağında yerləşir: “Hədəfimiz ölkəmizin halal sektorda rolunu gücləndirməkdir. COP29 ərəfəsində bu cür tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu tədbir İslam ölkələrinin əməkdaşlığını artırır”, – deyə nazir müavini bildirib.

Qeyd edək ki, Bakıda İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçirilir.

Tədbir “Caspian Event Organisers” MMC, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən dəstəklənir.

Dünyanın müxtəlif regionlarından olmaqla, forumda 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edirlər.

Azpost.info

Избранный
19
33
azpost.info

10Источники