RU

Hüquq-müdafiə təşkilatları COP 29 ərəfəsində siyasi məhbusların azad edilməsi çağırışlarını artırırlar

Azərbaycanda hökumətin tənqidçilərinə, müstəqil qruplara və mediaya qarşı kinli hücum aparılır. Bu barədə oktyabrın 8-də Human Rights Watch və Freedom Now insan hüquqları təşkilatlarının açıqladıqları birgə hesabatda deyilir. Hücumun noyabrın 11-də başlanacaq COP29 iqlim konfransı öncəsi daha da intensivləşdiyi vurğulanır.

74 səhifəlik hesabatda hökumətin vətəndaş cəmiyyətini dağıtmağa və tənqidçiləri susdurmağa yönəlmiş səylərin sənədləşdirildiyi deyilir. Hakimiyyətin onlarla şəxsi siyasi motivli, saxta ittihamlarla həbsə atdığı qeyd olunur. Repressiv qanunların müstəqil qrupları və medianı sıxışdırdığı, onları cinayət təqibi qarşısında zəif duruma saldığı bildirilir. Hesabatda cinayət təqibi, saxlama və qısnama ilə bağlı 33 iş sənədləşdirilib. Azərbaycan hakimiyyəti qeyri-hökumət təşkilatlarını tənzimləyən qanunlardan bəzi qrupların qeydiyyatı və maliyyələşdirilməsindən imtina üçün məqsədli istifadə edib, bu qruplara bağlı şəxslər cinayət ittihamlarına məruz qalıb,  hesabatda bildirilir.

"Azərbaycan hökumətinin mülki azadlıqlara həqarəti müstəqil qrupları və tənqidçi medianı yoxolma cığırına yönəldir. Hökumət COP29 öncəsi özünə belə bir imic cızmamalıdır. Hələ gec deyil, hökumət həbsdə olan tənqidçiləri azad etməklə, vətəndaş cəmiyyətinə qarşı saxta ittihamlardan istifadəni dərhal dayandırmaqla nüfuzunu yaxşılaşdıra bilər. Ancaq elə indi hərəkətə keçməlidir", - Human Rights Watch Avropa və Orta Asiya üzrə direktor müavini Qiorqi Qoqia deyib.

Human Rights Watch və Freedom Now 40-dan çox azərbaycanlı vəkili, saxlananların qohumlarını, qeyri-hökumət təşkilatları işçiləri və liderlərini danışdırıb. Onlar Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qaydaları, spesifik cinayət işlərinə aid hüquqi sənədləri, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını, digər sənədləri nəzərdən keçiriblər.

Hesabatda deyilir ki, Azərbaycan hakimiyyəti "Abzas Media" və "Toplum"TV daxil olmaqla, üç müstəqil onlayn xəbər platformasını hədəfə alıb. Bu platformalardan azı 12 media işçisi və digər əlaqələri şəxslər həbs olunub. "Abzas Media" və "Toplum" Tv-nin ofislərində axtarış aparılıb, ofisləri möhürlənib. Bir sıra qeydiyyatı olmayan qruplar, işçi hüquqları fəalları, hökumətin siyasətini tənqid edən digərləri də həbsə atılıb.

"Hökumət müstəqil qrupların müdaxiləsiz legitim fəaliyyət göstərə bilməsini dərhal təmin etməli, müstəqil qruplar və medianın işini tənzimləyən repressiv qanunları ləğv etməlidir. Hökumət həmçinin siyasi motivli ittihamlarla həbsdə olanları dərhal və qeyd-şərtsiz azad etməlidir", – hesabatda vurğulanır. "Həmçinin COP29 öncəsi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Azərbaycan hakimiyyətinə anlatmalıdır ki, ambisiyalı iqlim fəaliyyətini gerçəkləşdirmək üçün çiçəklənən və müstəqil vətəndaş cəmiyyəti vacibdir".

Bakıda gələn ay keçiriləcək COP29 iqlim sammiti öncəsi ölkələr Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyətinə təzyiqləri dayandırması, ifadə azadlığına görə saxlananları buraxması üçün təzyiq göstərməlidir. Bu bəyanatla oktyabrın 8-də Amnesty İnternational hüquq-müdafiə təşkilatı çıxış edib.

"Azərbaycan hakimiyyəti iqlim ədaləti üzrə beynəlxalq konfransa ev sahibliyi etdiyi bir vaxtda iqlim fəallığının əsas sütunlarından birinə fəal zərbə vurmaqdadır – tənqidi ifadənin və etirazların bütün formalarını sıxışdırır, yerli vətəndaş cəmiyyətini sıradan çıxarır. Azərbaycan hakimiyyəti yüzlərlə adamı danışmağa cəsarət etdiyinə görə siyasi ittihamlarla həbsə atıb. Bu siyahıya hökuməti tənqid edən jurnalistlər, fəallar və insan hüquqları müdafiəçiləri daxildir. Onlar qanunsuz olaraq həbsdə saxlanılır, uyğun prosedurlar pozulur, ədalətli məhkəməyə zəmanət yoxdur", – qurumun baş katibi Anyes Kallamar deyib.

Amnesty İnternational narahatdır ki, COP29 öncəsi, yaxud keçirildiyi müddətdə narazılığını ifadə edən tənqidçilər özəlliklə konfransdan sonra - ölkə artıq diqqət mərkəzində olmayanda- ağır qisasla üzləşə bilərlər. Qurum COP29-da iştirak edəcək nümayəndə heyətlərini vətəndaş cəmiyyətinə təzyiqləri dayandırması, ifadə, birləşmə və dinc toplaşma azadlıqlarını təmin etməsi üçün Azərbaycan hökumətinə təsir göstərməyə çağırır.

Избранный
11
turan.az

1Источники