RU

“Bu komanda ilə oyunlarımız həmişə çətin keçir”

“Sabah”ın futbolçusu Tellur Mütəllimovun futbolinfo.az saytına müsahibəsi

– Son matçda “Araz-Naxçıvan”la heç-heçə etdiniz. Bu matçda 2 xal itirdiyinizi demək olar?

– Çətin oyun oldu. Öncədən də bunu bilirdik. Rəqib bu mövsümdə yaxşı nəticələr qazanmışdı. Biz də meydana digər matçlardakı kimi sadəcə qələbə qazanmağa çıxmışdıq. Təəssüf ki, istədiyimizi əldə edə bilmədik. Öz meydanımızda oynayırdıq. Buna görə 2 xal itirdiyimizi deyə bilərəm.

– Son 2 matçın birində uduzmusunuz, digərində isə heç-heçə etdiniz. Bu xal itkilərini “Sabah” üçün ciddi saymaq olar?

– Hələ mövsümün cəmi bir dövrəsi geridə qalıb. Əlbəttə ki, istənilən xal itkisi üzücüdür. Ancaq nəzərə almalıyıq ki, həlledici mərhələlər irəlidədir. İnanıram ki, qarşıdakı görüşlərdə daha çox qələbə qazanacaq və bizə olan ümidləri doğruldacağıq.

– “Sabah”ın hədəfləri böyükdür, komanda avrokuboklar zonasına düşmək istəyir. Daha doğrusu, mümkün qədər yuxarı pillələrdə qərarlaşmağa çalışırsız. Amma bu cür xal itkiləri sonradan sizə çətinlik yaratmayacaq?

– Hazırda bir çox komanda yuxarı pillələr üçün mübarizə aparır. Turnir cədvəlinə baxanda buna şahid olmaq mümkündür. Komandalar arasında xal fərqi çox azdır. Bu, ötən mövsüm də belə idi. İstənilən komanda hansısa oyunda xal itirə bilər. Qaldı ki, çətinlik yaranıb-yaranmayacağına, indidən nəsə demək çətindir. Mövsümün əvvəlidir və biz indi hər oyundan-oyuna daha yaxşı çıxış etməyə çalışırıq. Xal itkilərinin qarşısını almaq üçün əlimizdən gələni edirik. Nə əldə edəcəyimizi isə mövsümün sonunda görəcəyik.

– Ümumiyyətlə, 9 tura 15 xalı necə göstərici sayırsız?

– Məncə, daha çox xal toplaya bilərdik. Amma indi əsas olan ilk dövrədə topladığımız xalları hesablamaq yox, yol verdiyimiz səhvlərdən nəticə çıxarmaqdır. Qarşıdakı oyunlarda bunu təkrarlamaq istəmirik.

– Növbəti turda da sizi çətin oyun gözləyir. “Zirə”yə qarşı matçdan qələbə ilə ayrıla biləcəksiz?

– Fasilədən sonra ilk oyunumuz “Zirə”yə qarşı olacaq. Bu komanda ilə oyunlarımız həmişə çətin keçir. Məncə, azarkeşlər maraqlı matça şahidlik edəcəklər. Biz də hər matça qələbə üçün çıxırıq. Ümid edirəm ki, istədiyimizi edib meydandan qələbə ilə ayrılacağıq.

CAVAD

Избранный
13
futbolinfo.az

1Источники