RU

"ABŞ işğalçı dövlətin yanında olduğunu sübut edib" - MÜNASİBƏT BİLDİRİLDİ

"İlk olaraq onu deyim ki, ABŞ və Azərbaycan arasında yaranmış mövcud vəziyyətin səbəbkarı Azərbaycan deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Azərbaycan olaraq biz hər zaman Birləşmiş Ştatlarla qarşılıqlı faydalı ikitərəfli əməkdaşlıqda maraqlı olmuşuq: " Ölkə olaraq biz daha çox ABŞ-ı maraqlandıran beynəlxalq təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqda fəal iştirak etmiş, ABŞ-ın xahişi ilə NATO-nun əməliyyatlarına töhfə vermiş və həmin əməliyyatlarda ləyaqətlə iştirak etmişik. Bir sözlə, Azərbaycan tərəfi hər zaman ABŞ ilə iki ölkə xalqlarının maraqlarına və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq mehriban münasibətlər qurmaq və inkişaf etdirmək üçün məsuliyyətli və konstruktiv şəkildə davranmışdır. Amma təəssüf ki, Ağ ev admistrasiyası tərəfindən eyni maraq heç bir zaman müşahidə olunmayıb. Odur ki, ABŞ-ın Azərbaycana yönəlik təzyiqləri əslinə baxanda yeni bir şey deyil.

Hələ 90-cı illərdə müstəqilliyimizi yeni əldə etdiyimiz dönəmdə, ərazilərimiz işğal altına düşəndə, insanımıza qarşı ermənilər tərəfindən soyqırımlar törədiləndə ABŞ 907-ci düzəlişi qəbul etməklə bizə qarşı olan mövqeyini ortaya qoyub. Sonrakı dövrdə də ATƏT Minsk Qrupunun həmsədri kimi Ermənistana qarşı addımlar atmamaqla, ermənilərdən işğal etdikləri ərazilərdən çıxmasının vacibliyi ilə bağlı BMT Qətnamələrinin icrasını tələb etməməklə işğalçı dövlətin yanında olduğunu sübut edib. Başqa sözlə desək vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsinin, məscidlərin, tarixi abidələrin dağıdılması, təhqir edilməsi, bütöv şəhər və kəndlərin yer üzündən silinməsi məhz elə ABŞ-ın gözü qarşısında baş verib. İndi isə, yəni Vətən müharibəsində qələbədən sonra regionda yaranmış yeni reallıqlar fonunda region ölkələrini özündən asılı vəziyyətə salmaq yolu tutmuş ABŞ bölgənin əsas gücü olaraq bizi özü üçün hədəf seçib.

Məqsəd bəllidir. Ölkəmizin müstəqil siyasətini sarsıtmaq, bizləri müti və sözəbaxan ölkəyə çevirmək əsas məqsədidir. Bunun fonunda da özlərinin Cənubi Qafqaz maraqlarını təmin etməkdir. ABŞ Dövlət departamenti yanlış olaraq düşünür ki, müxtəlif bəhanələrlə təzyiqlər yolu ilə bizi Ermənistan kimi özlərindən asılı ölkəyə çevirə biləcəklər.

Bir neçə gün əvvəl ABŞ Senatının 10, Konqresinin 48 üzvünün dövlət katibi Entoni Blinkenə ünvanladığı müraciət də bunun bariz sübutudur. Bu müraciətin dövlət departamenti rəsmiləri tərəfindən yazıldığı və sonradan Konqres tərəfindən ünvanlanmış müraciət kimi təqdim edilməsi artıq heç kimdə şübhə doğurmur. Görünən odur ki, ABŞ-da bir qism Qərb dövlətləri kimi onların iradəsi olmadan Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə barışa bilmir.

İnsan hüquqları isə sadəcə bir bəhanədir. Əgər belə olmasaydı, onlar ilk növbədə Ermənistanda insan hüquqlarına vəziyyətinə dair çağırışlar edərdilər. Belə ki, Ermənistanın özündə ən müstəqil ekspertlərin və qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatlara görə Paşinyan hakimiyyəti dönəmində Ermənistanda siyasi fəaliyyətinə və baxışlarına görə saxlanılan, həbs olunan, haqqında cinayət işi qaldırılmış şəxslərin sayı indiyə qədərki hakimiyyətlərin dönəmindən qat-qat çoxdur. Amma biz ABŞ tərəfindən niyəsə bu məsələlərlə bağlı hər hansı çağırışa şahidlik etmirik. Demək ki, məqsəd, həqiqətən də, insan hüquqlarının qorunması yox, bundan istifadə edərək ölkəmizə təzyiq etməkdən ibarətdir.

Bu gün “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri müharibə canilərini sərbəst buraxmaqla bağlı çağırışlar edən ABŞ Konqresmenləri ilk növbədə Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, işğal dövründə taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı Ermənistanın heç bir məlumat verməməsinə və yaxud da öz ölkələrinin ən mühüm insan hüquqları konvensiyalarına qoşulmamasına, BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmamasına münasibət bildirməlidirlər. Amma yenə də təkrar edirəm ki, bunlar baş vermir. İndiyə qədər ayrı-ayrı beynəlxalq qurumlarda Ermənistanla bağlı qəbul olumuş qərar və qətnamələrin rəsmi İrəvan tərəfindən icra olunmamasına susduqları kimi yenə də susurlar. Halbuki, bu gün bütün imkanları ilə Ermənistanı müdafiə edən AŞPA kimi qurumların belə zamanında Ermənistanla bağlı kifayət qədər Qətnamələri olub. Məsələn, AŞPA-nın 2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 nömrəli “ATƏT-in Minsk qrupu tərəfindən tənzimlənən Dağlıq Qarabağ münaqişəsi haqqında” qətnaməsində Azərbaycan ərazilərinin işğal faktı təsdiqlənib, bu ərazilərdəki etnik təmizləmələrdən narahatlıq ifadə edilib, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə riayət edilməsinə və qoşunların işğal edilmiş ərazilərdən geri çəkilməsinə çağırış edilib. Təşkilat, həmçinin məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnu təsdiqləyib, üzv dövlətin ərazisinin digər üzv dövlət tərəfindən işğal edilməsinin yolverilməzliyini vurğulayıb. Amma nədənsə bizlər bu Qətnamənin icrasından boyun Qaçıran Ermənistanla bağlı hər hansı cəza tədbirinə şahidlik etməmişik".

Onun sözlərinə görə, başqa bir Qətnaməyə, yenə də AŞPA tərəfindən 6 yanvar 2016-cı ildə qəbul edilmiş 2085 saylı qətnamyə baxaq: "Bu Qətnamədə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisində yerləşən Sərsəng su anbarının cari vəziyyətinin yeni humanitar böhran yarada bilməsi ehtimalı qeyd olunmuş və Ermənistan hakimiyyətindən su ehtiyatlarından "siyasi təsir aləti və ya təzyiq vasitəsi kimi istifadəni dayandırması" tələb edilmişdir. Bununla yanaşı, sənəddə sözügedən məsələ ilə bağlı hesabatın hazırlanması zamanı Ermənistan parlamentinin nümayəndə heyətinin və digər səlahiyyətli şəxslərin əməkdaşlıq etməməsi Assambleya tərəfindən qətiyyətlə pislənilmişdir. Həmin Qətnamə 9 bənddən ibarət idi. Qətnamənin III-IV bəndlərində təəssüflə qeyd olunurdu ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı azərbaycanlılar üçün "qəsdən süni ekoloji böhran vəziyyəti" yaratdığından bu cür fəaliyyət "ekoloji təcavüz" hesab olunmaqla, bir üzv dövlətin digərinə qarşı "düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir." Mövcud vəziyyətin təcili xarakterini nəzərə alan AŞPA növbəti müddəalarda iki mühüm tələb irəli sürmüşdü: Ermənistan Silahlı Qüvvələrinin regiondan dərhal çıxarılması və Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərindən yalnız birinin xeyrinə olacaq vasitə kimi istifadəni dayandırması. Amma bizlər bu Qətnamələrdən sonra da Ermənistana gözün üstündə qaşın var deyəni görmədik.

Bütün bunlar bir daha ABŞ başda olmaqla ayrı-ayrı dövlət və beynəlxalq institutların öz fəaliyyətində və qərarlarında səmimi olmadığını, proseslərə ikili standartlarla yanaşdığını göstərir. Odur ki, Azərbaycan Milli Məclisinin bir qrup üzvünün Xarici İşlər Naziri Ceyhun Bayramova ünvanladığı müraciət tamamilə əsaslıdır və bu istiqamətdə konkret addımların atılmasına ehtiyac var".

Müəllif: Söylü Ağazadə
Избранный
17
sia.az

1Источники