RU

Azərbaycan deputatlarının sərt ittihamı ABŞ-ın siyasətini dəyişə bilər...

Image

Abutalıb Səmədov: "Ümid edirəm ki, onlar vəziyyətin ciddiliyini anlayıb, böhrandan çıxmaq üçün aktiv fəaliyyətə başlayacaqlar"

Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan Respublikası VII çağırış Milli Məclisinin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib. Müraciətdə deputatlar ABŞ ilə münasibətlərə yenidən baxılmasını və Amerikanın Azərbaycandakı bütün layihələrinə son qoyulmasını tələb edir.

ABŞ-dan bu kəskin ittiham tonlu müraciətə nə kimi cavablar gözləyə bilərik və Amerikanın öz siyasətində korreksiyalar etməsi mümkündürmü?

Bu sualla politoloq Abutalıb Səmədova müraciət etdik. Siyasi şərhçi bildirdi ki, müstəqil Azərbaycanın 30 ildən artiq tarixi ərzində biz dəfələrlə ABŞ-nin ədalətsiz münasibəti ilə üzləşmişik: "Hələ 1992-ci ilin oktyabrında Azərbaycana qarşi tətbiq olunan 907-ci düzəliş bugünə qədər də götürülməyib. Yalnız ABS-nin Azərbaycana çox ciddi ehtiyacı olduğu dövrdə müvəqqəti olaraq düzəlişin fəaliyyəti dayandırılıb.

Minsk Qrupunun həmsədri kimi Azərbaycana verilən ədalətsiz təkliflərin qəbul edilməsində ABŞ aktiv şəkildə iştirak edirdi. 1997-ci ilə qədər Azərbaycanın qəbul etməyəcəyi təkliflər təqdim olunub və ABŞ ciddi cəhdlə onları Azərbaycana qəbul etdirməyə çalışıb. Xüsusilə 2001-ci ilin aprel ayında Ki-Uestdə keçirilən görüşdə ərazi mübadiləsi təklifini qəbul etdirmək üçün Azərbaycana bir neçə gün ABŞ rəsmiləri təzyiq göstədilər. Ondan sonra "Madrid prinsipləri" ortaya çıxdı ki, burada da Qarabağda referendum keçirmək və onun müstəqilliyinə nail olmaq cəhdi açiq-aşkar hiss olunurdu. Burada da aparıcı mövqe ABŞ-yə məxsus idi.

İkinci Qarabağ muharibəsi və ondan sonrakı dövrdə dəfələrlə Azərbaycanı cinayətdə günahlandıran bəyanatlar verdilər. 2022-ci ildə milli müdafiə haqqında qanunda bir neçə müddəa əksini tapmışdır ki, orda Azərbaycan Qarabağa qarşı müharibə etməkdə, qadağan edilmiş sursatlardan istiradədə, qadın əsirlərə qarşı cinsi istismara yol verməkdə və digər cinayətlərdə günahlandırılırdı.

Azərbaycan Laçin dəhlizində öz nəzarətini bərpa etdikdən sonra da ABŞ Azərbaycana qarşi ədalətsiz mövqe tutdu və bu, BMT Təhlükəsizlik Şurasının iclaslarında açiq şəkildə göründü. Həmin dövrdə ABŞ Dövlət Departamenti Azərbaycanadan heç bir rəsmi şəxsi qəbul etməmək və Azərbaycana səfər etməmək qərarı qəbul etdi. Bu qərardan sonra Azərbaycan Vaşinqtonda planlaşdırılan görüşdən imtina etdi. Bunun Amerika üçün nə qədər ziyanlı olduğunu qısa müddətdə anladılar. Ardınca Blinken Azərbaycan prezidentinə zəng etdi və münasibətləri normallaşdırmağa cəhd göstərdi. Azərbaycan da həmişə bu məsələlərdə konstruktiv mövqe tutub.

Qarabağda nəzərdə tutulan antiterror əməliyyatından əvvəl dövlət katibinin köməkçisi Senatda çıxıs edərək, Azərbaycanın Qarabağ ermənilərinə qarşi zorakılıq etməsinə yol verməyəcəklərini dedi. Bundan sonra Türkiyədə görüş keçirildi. ABŞ Avropa İttifaqı, Avropa Birliyi və Rusiyanın bu məsələdə dəstəyini almağa çalışdı, antiterror əməliyyatının qarşısını almaq üçün cəhdlər göstərdi. Ancaq bu cəhdlər də uğursuz oldu. Azərbaycan 19-20 sentyabrda antiterror əməliyyatı keçirib, bütöv ərazisində suverenliyini təmin elədi. Ermənilər bizim təkidli təkliflərimizə baxmayaraq Azərbaycanda yaşamaq istəmədilər və rahatlıqla ölkəmizi tərk etdilər. Həmin günlərdə Nikol Paşinyan bəyanat verdi ki, Azərbaycan hakimiyyəti dinc əhaliyə qarşı heç bir zorakılığa yol verməyib. Bundan sonra isə həm ABŞ, həm də onun müttəfiqləri Qarabağda etnik təmizləmənin baş verməsi barədə bəyanatlar verdilər. Halbuki, etnik təmizləmə bir zorakılıq aktıdır, dinc əhaliyə qarşı zorakılıq etmədən etnik təmizləmə həyata keçirmək qeyri-mümkündür. Bugünə qədər də bu böhtan xarakterli bəyanatlar davam edir və son olaraq ABŞ konqresmenləri Azərbaycana qarşı sanksiya tətbiq etmək təşəbbüsü ilə çıxış etdilər. Bundan sonra bizim deputatlar ABŞ ilə münasibətlərə yenidən baxmaq üçün Xarici İşlər Nazirlyinə bəyanatla müraciət etdi.

Çox ciddi böhran yaranıb. Bu böhrandan çixmaq mümkündür. Mən güman edirəm ki, nə konqresmenlərin, nə də buzim deputatların təklifləri reallaşmayacaq. Burada geriyə addım atmalı olan da ABŞ dövləti olacaq. Bundan əvvəl də ABŞ rəsmiləri öz yanlış davranışlarını anlayıb, geriyə addım atıblar. Azərbaycan qəti mövqeyini ortaya qoydu ki, bu cür ədalətsiz davranış davam eləsə, ABŞ ilə Azərbaycan arasındakı münasibətlərdə ciddi və arzuolunmaz problemlər ortaya çıxa bilər. Vəziyyəti düzəltməli olan tərəf də ABŞ-dir.

Mən güman edirəm ki, onlar bundan sonra münasibətlərin kəskinləşməsinə imkan verməyəcəklər, zəruri addımlar atacaqlar. Gərginliyi azaltmaq üçün tələb olunan işlər gôrüləcək və Azərbaycan-ABŞ münasibətlərini normallaşdırmaq üçün Amerika rəsmiləri zəruri tədbirlər görəcəklər. Əks halda Azərbaycanın adekvat addımlar atmaq və ABŞ ilə münasibətlərə yenidən baxmaqdan başqa yolu qalmayacaq. Bu da, təbii ki, hər iki tərəf üçün arzuolunan deyil, top ABŞ tərəfdədir. Ümid edirəm ki, onlar vəziyyətin ciddiliyini anlayıb, böhrandan çıxmaq üçün aktiv fəaliyyətə başlayacaqlar".

Dəniz NƏSİRLİ





Избранный
22
50
baki-xeber.com

10Источники