RU

İranın strategiyası: Səbr və praqmatizm

Siyasi analitiklər Kamran Sultanlı və Pərviz Əliyevin şərhi.

Kamran Sultanlı:

İranın İsrailə endirdiyi zərbələr Yaxın Şərqdə durumu dəyişir. Əgər buna qədər Yaxın Şərqdə mübarizə daha çox dövlət və ya qeyri-dövlət aktoru arasında gedirdisə,hazırda bu mübarizə dövlət-dövlət arasında münasibətlər xarakteri alır. Onu da qeyd etmık lazımdır ki, İranın öz oyun stilindən çıxaraq rəqibin oyun stilinə keçid etməsi İsrailin strateji nəticəsidir. İsrail rəhbərliyi İranı öz ənənəvi oyun stilindən çıxmasına məcbur edərək, mübarizəni məhz İsrailin inisatifi ilə aparılmasına nail oldu. İran proksi şəbəkəsi ilə bölgədə özünə çox önəmli müdafiə sərhədləri yaratmışdı. İslam inqilabının əsas prinsiplərindən birinə çevrilən İranın təhlükəsizliyi və islam inqilabının varlığı Qəzzadan, Livandan, İraqdan və Suriyadan başlayır strategiyası İranın ən uğurlu hibrid müharibə modeli idi. Bu proksi şəbəkələr vasitəsilə Tehran savaşı öz sərhədlərindən kənarda saxlayıb, İsrial və ABŞ-la birbaşa toqquşmadan yayına bilirdi, eyni zamanda İran bu proksi şəbəkə sahəsində ərəb dünyasında öz təsiri artırırdı. Təsadüfi deyil ki, bu gün İranın razılığı olmadan İraqda hökümət qurulmur, 1989-cu ildən etibarən Hizbullah Livanla anlaşmaya əsasən Livanda silahlı fəaliyyət göstərə biləcək yeganə legitim qruplaşma idi.

Bu qruplaşma vasitəsilə İran Aralıq dənizinə çıxış təmin edirdi, Livan, Suriya və İraqda nüfuzunu ekspansiya edirdi, İsrailin resurslarını parçalayırdı və İsrailin sərhədlərində bu qruplaşmaları demokl qılıncı kimi istifadə edirdi. Lakin şübhəsiz ki, bu aktivlərin dəyəri hər keçən gün qalxır. Çünki İran əgər əvvəllər bu proksi şəbəkəyə 100 minlərlə dollar dəstək verməli idisə, onların böyüməsi genişlənməsi hazırda bu dəyəri milyardlarla dollara çıxardır. Digər tərəfdən isə İran cəmiyyətində bu qruplaşmalara kəskin nifrət var, İran toplumu Yaxın Şərqin ən gənc və dünyaya ən çox açılmaq istəyən toplumudur. Gəncləri isə bu cür ideoloji çərçivələr maraqlandırmır, İranda Hizbullah, Həmasa verilən dəstək dəfələrlə etirazların əsas predmeti olub. Digər tərəfdən isə İran xalqı bu rejimə nifrət edir və bu rejimin əsas dayaq nöqtəsi sayılan Müqavimət cəbhəsini də ona görə sevmir. Eyni zamanda İran rəhbərliyi anlayır ki, bu qruplaşmaların ambisiyaları getdikcə artır və onlar Tehrandan daha çox yatırım, daha çox cavab, daha çox resurs istəyirlər. İran yeni dünya nizamına uyğunlaşmaq üçün həm sərt həm də yumşaq gücü istifadə etmək istəyir, əlində olan sərt gücü həm də Qərblə bazarlıqda istifadə etmək üçün Tehran üçün vacibdir. İran böyük diplomatik ənənələrə malik dövlətdir.

Eyni zamanda İran rəhbərliyi kifayət qədər praqmatikdir. İran həm təsir dairəsində olan proksi cəbhəsinin tam sıradan çıxarılmasını da istəmir, lakin onların ambisiyalarını da cilovlamaq istəyir, çünki bu qruplaşmalar sabah başqa ağanın pul verəcəyi təqdirdə asanlıqla onun da tərəfinə keçə bilərlər. İran dövlət ağlı eyni zamanda İsrail qarşısında real çəkindirmə gücü yaranmadığı müddətcə müqavimət cəbhəsindən əsla imtina etməyəcək. Hesab edirəm ki, İranın proksi cəbhəni istifadə etməsində digər məqsəd bölgədə olan dumanlı vəziyyəti öz strateji məqsədləri üçün istifadə etmək və İsraili o istiqamətdə yubatmaqdır. İran rəhbərliyinin İsrailin strateji dəyişim dediyi əsas faktor məncə İsrailin savaşda məğlub edilməsindən çox İranın nüvə silahına yiyələnməsi ilə Yaxın Şərqdə İsrailin yeganə nüvə dövləti statusunu əlindən alınmasıdır. İranın İsrailə zərbələrindən sonra İsrail elitasında İran nüvə obyektlərini hədəf alınmasına çağırışlar bəlkə də məhz İranın nüvə proqramının fəaliyyətini gecikdirmək və onun fəaliyyətinə zərbə vurmaq üçündür. Əgər Trump da hakimiyyə qayıdarsa bundan sonra ABŞ və İsrail sinxron şəkildə İranın nüvə silahını önləmək üçün hərəkətə keçə bilər. Lakin Tehran da anlayır ki, getdikcə rəqibləri qarşısında çəkindirmə gücü istərsə onun özünü qorumaq üçün nüvə silahı əldə etməsindən başqa yol yoxdur. Ya İran Rusiya ilə ittifaqa girəcək vahid cəbhə yaradacaq, lakin Moskva Tehranla bütün yaxınlığa rəğmən Ərəb bloku və İsrail ilə münasibətlərdə Tehranın lehinə balansı bu qədər pozmayacaq.

Digər variant isə, nüvə proqramından və proxylərə dəstək imtina edilməsi ilə Qərblə anlaşma ola bilər. Amma İranda uzun illərdir hakimiyyəti dini rejimdən hərbi rejimə transfer etdirən, böyük güc statusu qazanan SEPAH buna rəvan razı olmayacaq. Yeri gəlmişkən Xamneyinin gözlənilmədən İsrailə zərbələr endirməsində bir neçə daxili və xarici səbəb var. Həmas lideri İsmayıl Həniyədən fərqli olaraq Hizbullah lideri Şeyx Həsən Nəsrullah şiə liderdir və İran şiə din hovuzunda bu itkiyə reaksiya verməli idi, əks halda bu Xamneyiyə olan etimadı tamamilə yox edə bilərdi. Eyni zamanda SEPAH daxildə sərt reaksiya tələb edirdi, əgər ali dini rəhbər cavab verməsəydi, 85 yaşlı liderin təhlükəsizliyini təmin edən islam inqilabı korpusu daha enerjili və daha sərt bir liderə istiqamətlənə bilərdi. Xamneyini cavaba vadar edən digər amil, isə Ayatollah Sistaninin reaksiyası və Nəcəf şiə məktəbinin Qum şiə məktəbi ilə tarixi rəqabətdə ikinci dəfə önə çıxa bilməsi ehtimalı idi. 2014-cü ildə Ərəb baharı və İŞİD-lə müharibə zamanı məhz Sistaninin fətvası,100 minlik Haşdi-Şabi qruplaşmasının yaradılması, İŞİD-ə qarşı uğurlu mübarizə Xamneyinin imicinə ciddi zərbə endirdi. Xamneyi Şeyx Həsən Nəsrullah kimi nüfuzlu Şiə liderinin öldürülməsinə habelə Ayatollah Sistani kimi siyasi statusu olmayan dini rəhbərin şiə dünyasında yüksəlişinə seyirci qala bilməzdi. Eyni zamanda hesab edirəm ki, İran rəhbərliyi ABŞ seçkilərində Baydenin daha ciddi həmlə etməyəcəyini və ya edə bilməyəcəyini düşünürək hərəkətə keçib.

Aprelin 13-də olan hücumlarda İran rəhbərliyi İsraili vura biləcəyini sübut etdi, bu dəfəki hücumda həm İran raket sənayesinin sanksiyalara rəğmən təhlükəli olması, İsrailin müdafiə sistemlərinə təzyiq etdirə bilməsi, bu sistemləri sıradan çıxara bilməsini və raketlərin artan sürətini göstərdi. İran nümayiş etdirdi ki, o bütün zəif tərəflərinə rəğmən asan yem deyil. Eyni zamanda İran bu dəfə zərbələri əvvəlcədən elan etmədən, olduqca sürətli anda etdi. İranın zərbələri ərəfəsində Netanyahunun bunkerə qaçması, daha sonra isə mülki əhali arasında itkinin olmaması isə İran rəhbərliyi göstərməyə çalışıb ki, onlar praqmatikdir, savaş istəmirlər lakin ediləcək həmlələri cavabsız qoymayacaqlar. Onlar bu dəfə hədəfləri seçiblər,lakin gələn dəfə hədəflər seçilmədən vurula bilər. Eyni zamanda İran İsrailin kütləvi hücum zamanı zəif tərəflərini və müdafiə olunmaqda çətinliklərini göstərdi. İranın zərbələri ərəfəsində Nevatim ,nof bazalarının hədəf alınması, bazarlara uçuş zolağının dağıdılması,qaz anbarının vurulması, İranın bu dəfəki mesajının ciddiliyindən xəbər verir. Digər tərəfdən zərbələrin olduğu gün Tel-əvivdə terror aktının baş verməsi də onu deməyə əsas verir ki, Tehran demək istəyir ki, terror vasitəsilədə destabilizasiya edə bilər. Mənə görə bu həmdə bir gün öncə Netanyahunun İranda hakimiyyət dəyişikliyi ilə bağlı çıxışına Tehranın cavabı idi. Lakin İran bu cür həmlələri etsə belə, İsrail gözlənilməz və qeyri-müəyyən addımlar ata bilər.

Onu da qeyd edək ki, İranın hər dəfə bu cür həmlələri İsrailin müqavimət şəbəkəsinə qarşı addımlarını legitimləşdirir, Netanyahuya qarşı təzyiqləri önləyir və onun müharibə kabinetinin davamına şərait yaradır. Bəlkə də bu addımlarla İranda hərbi elita SEPAH, İsraildə isə dini komanda mötədil qanadı sıxışdırmaq üçün şans əldə edir. Deyə bilərik ki, İran və İsrailin mühafizəkar qanadı bir-birinin əlinə oynayır. Əgər İranın bu həmlələri sonra Trumpın mümkün qələbəsinə səbəb olacaqsa bu İran üçün strateji məğlubiyyət ola bilər. Eyni zamanda İsrail elitası hesab edir ki, apreldə zəif cavab İranı daha ciddi zərbələr cəsarətləndirib. Bu baxımdan isə İsrail bu dəfə daha ciddi cavab vermək məcburiyyəti hiss edir ki, bu da eskalasiyanı artıra bilər. İran rəhbərliyi ABŞ-ın müharibəyə maraqlı olmaması və İsrailin yanında yer almayacağına inana bilər, lakin İran bu düşüncədə əminliyə qapılması yanlış olar, çünki ABŞ-ın İsrailə baxışı yalnız siyasi və iqtisadi deyil həmdə dinidir, yəni irrasionaldır və ABŞ İsrail üçün öz maraqlarının əksinə belə davrana bilər.

Pərviz Əliyev:

Həsən Nəsrallahın öldürülməsi artıq bölgədə İsrailə zorla qatlanan qüvvələr üçün səbr kasasının son damlası idi. Digər tərəfdən isə bölgədə İrana güvənən şiə proksi qüvvələrin inamını diri tutması və İranı himayədar olaraq görməyə davam etmələri üçün cavab vermək mütləq idi. İsrailə dəyən ziyan bu səfər ciddi görünür. İran zərər baxımından sadəcə onun məzmununa deyil, aksiyanın simvolikasınada arxalanıb. Lakin aprel zərbəsi ilə müqayisədə daha çox raket İsrailin hava hücumundan müdafiə sisteminə nüfuz edib. Deməli, burada daha bir mühüm siqnal var. İsrail eskalasiya yolu ilə getməyə davam edərsə, o zaman heç bir Dəmir Qübbə onu xilas etməyəcək və növbəti zərbə artıq o qədər də seçici olmayacaq. İran özünü rasional oyunçu kimi aparmağa davam edir, simasını itirməməyə, həm də İsraillə birbaşa qarşıdurmanın başlayacağı xətti keçməməyə çalışır. Əsas sual budur: yəhudi dövləti belə mötədilliyi qiymətləndirəcəkmi.?

İranın güclü tərəfi onun çoxlu sayda raket və hücum pilotsuz təyyarələridir. İsrailin raketləri və pilotsuz təyyarələri texniki cəhətdən İrandan daha yaxşı olsa da, Tehran sayca qalib gəlir çünki, onun müvafiq silahlardan daha çox ədədi var. İranın digər üstünlüyü isə İsrail sərhədində çoxlu sayda proksi qüvvələrin lazım gələrsə zərbə endirməyə hazır olmasıdır. İranın zəif tərəfləri isə, zəif aviasiya və ən qabaqcıl hava hücumundan müdafiə sisteminin olmamasıdır (ilk növbədə geniş ərazi və dağlıq əraziyə görə).

İsrailin əsas üstünlüyü regionun ən güclü hava qüvvələridir. Bütün münaqişələrdə o, hava üstünlüyünü əldə etməyə çalışır və əsas diqqəti çəkən rolu hava qüvvələri oynayır. İsrailin əsas çatışmazlığı onun kiçik ərazisidir ki, bu da mühüm sənaye, iqtisadi və hərbi obyektlərin yüksək konsentrasiyasına səbəb olur. İsrailin hava hücumundan müdafiəsinə nüfuz etmək çox çətindir, lakin bunu kiçik bir ərazidə etsəniz, ciddi zərər verə bilərsiniz. Genişmiqyaslı hərbi əməliyyatlar zamanı İran böyüklüyünə görə daha çox ziyana tab gətirə bilir. Qısa zərbə mübadiləsində İsrailin üstünlüyü var, lakin uzun sürən münaqişə vəziyyətində Tehranın yəhudi dövlətinə daimi təzyiq göstərmək üçün resursları var.

visiontv.az



Избранный
135
50
visiontv.az

10Источники