RU

“COP29 ətraf mühitin qorunmasına böyük töhfə verəcək”

“Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov,  Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də respublikamızda bu sahədə aparılan mühüm xidmətlərlə bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, COP29 dünyada ətraf mühitin qorunmasına böyük töhfə verən mühüm tədbir kimi yadda qalacaq.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda COP-29 tədbiri ilə əlaqədar görülən işlərdən bəhs edib. O qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərə sadiqliyini nümayiş etdirir.

Akademik İradə Hüseynova çıxışında elmi konfransda müzakirə olunan mövzuların əhəmiyyətindən danışıb. O, mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində və ətraf mühitlə bağlı problemlərin həll olunmasında konfransda dinləniləcək elmi məruzələrin faydalı olacağı vurğulayıb.

Tədbirdə çıxış edən natiqlər COP29 öncəsi elmi konfransların təşkilinin mühüm olduğunu diqqətə çatdırıblar. Mütəxəssislər iqlim dəyişikliyi, qida təhlükəsizliyi və su qıtlığı kimi qlobal çağırışların həlli istiqamətində çoxtərəfli müzakirələrin və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunub, aktual mövzular ətrafında aktiv müzakirələrin aparıldığı bu konfransın aqrar sahənin inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

Respublika elmi-praktik  konfrans öz işini 9 bölmə iclası ilə davam etdirib.

Избранный
22
cebheinfo.az

1Источники