RU

Misirdə “Azərbaycanı kəşf et!” layihəsi çərçivəsində növbəti tədbir təşkil edilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi münasibətilə Misirin Qalubiyyə şəhərində “Azərbaycanı kəşf et!” (“Discover Azerbaijan!”) layihəsinin 4-cü tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) məlumat verilib.

Bildirilib ki, DİDK-nin dəstəyi və Qahirə şəhərində yaşayan diaspor fəalı Sədaqət Əliəşrəfin təşəbbüsü ilə baş tutan tədbirə yerli ictimaiyyətin tanınmış şəxsləri, nüfuzlu şirkətlərin və media qurumlarının rəhbərləri, "Passion Zone" Akademiyasının tələbələri, "Azərbaycanı kəşf et!" layihəsinin iştirakçıları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar qatılıblar.

Tədbir Azərbaycanın və Misirin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

“Azərbaycanı kəşf et!” layihəsinin rəhbəri Sədaqət Əliəşrəf tədbirdə çıxış edərək ölkələrimiz arasında qarşılıqlı hörmət və maraq əsasında dostluq münasibətlərinin qurulmasını sevindirici hal kimi dəyərləndirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin cari il iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfərini xatırladıb. Misirdəki Azərbaycan diasporunun bu dostluğun və əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün inamla fəaliyyət göstərdiyini bildirib. “Azərbaycanı kəşf et” layihəsinin də buna bir nümunə olduğunu söyləyən Sədaqət Əliəşrəf verilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.

“Passoin Zone” Akademiyasının sahibi və rəhbəri Amal Süleyman çıxışında ölkələrimiz arasında əlaqələrin qədim tarixə malik olduğunu, “Azərbaycanı kəşf et!” layihəsinin Misirdə tanındığını və maraqla qarşılandığını vurğulayıb.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Səmədova layihə çərçivəsində 2024-cü ilin aprelində Qahirədəki “Pioneer Integrated school” və “Seyidna Hadija” adına məktəblərdə olduqlarını, qaliblərə şəhadətnamələr, hədiyyələr təqdim etdiklərini bildirib. O, layihənin bu ilin sonuna kimi bütün Misirdə keçiriləcəyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Azərbaycan dilində müxtəlif şeirlər və musiqilər səsləndirilib. Misirin Ayn Şəms Universitetinin Tibb fakültəsində təhsil alan azərbaycanlı gənc, diaspor fəalı Sandi Salem iştirakçılar arasında Azərbaycan haqqında viktorina keçirib və uşaqlar üçün əyləncəli proqram təqdim edib.

Sonda 25 nəfər qalib müxtəlif hədiyyələr və şəhadətnamələrlə mükafatlandırılıb.

Избранный
9
2
azertag.az

3Источники