RU

Azərbaycan - Fransa Universitetinə vahid tələbə kartı vermək çox vacib idi?..

Image

Məlum olduğu kimi, ölkəmizdə gələn həftədən etibarən bir sıra universitetlərdə vahid tələbə kartının tətbiqinə başlanılacaq. Xatırladaq ki, bir müddət əvvəl Təhsilin İnkişafı Fondu ilə Kapital Bank və “Visa" beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni “TələbəPlus” kartlarının istifadəyə verilməsi üçün memorandum imzalanıb. 

Kart vasitəsilə tələbələr “Visa”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilələrin imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması istiqamətində addımlar atılır. Bu imkanlar restoran, kafe, kitab, geyim, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaq.

Onu da qeyd edək ki, “TələbəPlus” kartı eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər.

Onu da bildirək ki,  kart oktyabrın 15-dən etibarən11 universitetdə tələbələrə təqdim ediləcək.

- Azərbaycan Dövlət Pedaqoji Universiteti

- Azərbaycan Texniki Universiteti

- Bakı Mühəndislik Universiteti

- Sumqayıt Dövlət Universiteti

- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

- Türkiyə-Azərbaycan Universiteti

- Fransa-Azərbaycan Universiteti (UFAZ)

- Azərbaycan Memarlıq və İnşaat Universiteti

- Bakı Dövlət Universiteti

- Bakı Slavyan Universiteti

- Azərbaycan Dillər Universiteti.

Lakin burada maraqlı məqam ondan ibarətdir ki, tələbə kartının veriləcəyi universitetlər arasında Fransa-Azərbaycan Universiteti də (UFAZ) var. Hazırda Fransanın Azərbaycana qarşı hansı münasibətdə olduğu hər kəsə bəllidir. Belə bir şəraitdə adıçəkilən universitetə tələbə kartının verilməsi vacib idi? Bu universitetin yerinə əyalət ali məktəbləri üçün verilsə daha yaxşı olardı.

Rizvan Fikrətoğlu: “Fransa-Azərbaycan Universitetində azərbaycanlı tələbələr də təhsil alır, onlara güzəştlərdən yararlanmaları üçün…”

Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, beynəlxalq münasibətlər konteksində siyasi əlaqələrin gərginləşməsinin təhsil sahəsinə elə də aidiyyəti olmur: “Bu gün siyasi münasibət normal deyilsə, o demək deyil ki, biz Fransa ilə olan bütün əlaqələri kəsməliyik. Təhsil elə bir sahədir ki, bura münasibətlərin təsiri olmamalıdır. Onu da nəzərə almaq lazımdır ki, Fransa-Azərbaycan Universitetində azərbaycanlı tələbələr də təhsil alır. Onlara güzəştlərdən yararlanmaları üçün   “TələbəPlus” kartının verilməsi vacib məsələdir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, gələcəkdə əyalət universitetləri də “TələbəPlus” kartından istifadə edəcək. Mərhələli şəkildə bu proses icra olunur: “Məlumat üçün deyim ki, adıçəkilən kartın bir çox üstünlükləri var. Belə ki, bu kart vasitəsilə "Cashback"-lar toplanılacaq, market və geyim mağazaları ilə müqavilə imzalanıb. Xüsusi endirimlər olacaq.  Bir sözlə, tələbə kartının üstünlükləri çoxdur”.

Elçin Əfəndi: “Bu kartların mövcudluğu tələbələrə bir çox güzəştlər vəd edir”

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, vahid tələbə kartının təşkili təqdirəlayiq qərardır: “Tələbələr həmin kartlar vasitəsi ilə müəyyən yerlərdə ödəniş edərkən hesablarında müvafiq "Cashback"-lar toplanılacaq. Hazırda həmin kartlar 11 dövlət universitetinə verilib. Fikrimcə, özəl universitetlər də bunda maraqlı olmalıdırlar. Yəni özəl Ali təhsil müəsisələri də Təhsilin İnkişaf Fondu və digər qurumlarla əməkdaşlıq çərçivəsində tələbələri vahid tələbə kartları ilə təmin etməlidirlər. Çünki bu kartların mövcudluğu tələbələrə bir çox güzəştlər vəd edir. Məsələn, ictimai nəqliyyatdan, restoranlardan və kitabxanalardan istifadə edərkən onlara endirimlər olunacaq. Dünyanın əksər ölkələrində bu təcrübədən istifadə olunur. Ümumilikdə, 250 minə yaxın şəxsin vahid platformada birləşdirilməsi tələbələrə olduqca müsbət köməklik göstərəcək. Zənnimcə, universitetlərin 50 faizindən çoxu vahid tələbə kartı ilə təmin edilməlidir”.

Günel CƏLİLOVA





Избранный
30
baki-xeber.com

1Источники