RU

Putindən gürcülərə böyük jest – Rusiya İvanişvilinin “əlini” gücləndirməyə başladı

Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün vizasız giriş imkanını genişləndirib. 

“AzPolitika” xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında dərc olunmuş prezident sərəncamında bildirilir.

Sənədə əsasən, artıq gürcülər Rusiyaya vizasız olaraq “iş fəaliyyəti məqsədi ilə və ya 90 gündən artıq müddətə” daxil ola, eləcə də təhsil almaq istəyənlər də bu imkandan yararlana bilərlər.

Müşahidəçilərə görə, V.Putinin bu addımı 26 oktyabrda keçiriləcək kritik parlament seçkiləri ərəfəsində Gürcüstan vətəndaşlarının mövqeyinə təsir etməyə yönəlib. Moskva 2012-ci ildən hakimiyyətdə olan milyarder Bidzina İvanişvilinin lideri olduğu “Gürcü arzusu” partiyasının qalib gəlməsini istəyir. İvanişvili əsas sərvətini Rusiyada qazanıb, onun 6 milyard dollardan böyük olan var-dövlətinin əhəmiyyətli hissəsi Rusiyanın enerji şirkətlərindəki səhmlərdir. Oliqarx hakimiyyətə gəldikdən sonra səhmləri etibarlı adamlarının adına sənədləşdirib.

Qərb institutları hesab edirlər ki, İvanişvili Rusiya hakimiyyətinə bağlıdır, onun Gürcüstanı Qərbə inteqrasiyadan uzaqlaşdıran addımları Moskvanın diqtəsi ilə həyata keçirilir. Tbilisi kütləvi etirazlara rəğmən “Xarici agentlər haqqında” qanunu qəbul edib və müxalifətin, vətəndaş cəmiyyəti institutlarının maliyyə qaynaqlarını nəzarətə götürməyi hədəfləyib. “Gürcü arzu”-nun kəskin dönüşü Birləşmiş Ştatlar və Avropa İttifaqında hiddətlə qarşılanıb və Gürcüstan hakimiyyətinə qarşı, eləcə də İvanişvilin sərvətlərinə qarşı sanksiyalarla nəticələnib. Onun Qərb ölkələrindəki bank hesabları barədə araşdırmalara start verilib. Gözlənilir ki, Brüssel Gürcüstana tətbiq edilən vizasız gediş-gəlişlə bağlı razılaşmanı da ləğv edəcək.

Qərbin sərt sanksiyalarının ard-arda gəldiyi zamanda Rusiya Prezidentinin Gürcüstanla münasibətləri yumşaltması, hətta vizasız rejim tətbiq etməsi seçkilərdə “Gürcü arzusu”-nun avantaj qazanmasına hesablanıb. Gürcü cəmiyyətinin buna necə reaksiya verəcəyi isə avqustun 26-da məlum olacaq.

E.Rüstəmli

“AzPolitika.info”

Избранный
17
azpolitika.info

1Источники