RU

Qız ataları danışdı: Dünyanı onlar xilas edəcək

Bu gün - 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd edilir.

Məhz 11 oktyabr tarixini BMT Türkiyənin təklifi ilə Beynəlxalq Qız Uşaqları Günü elan edib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qız Uşaqları Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib.

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilik və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Bu baxımdan bu gün ölkəmizdə qız uşaqlarına qarşı cinsi ayrı-seçkilik halları çoxdur. Bir çox ailələr uşaqların cinsiyyətini öncədən öyrənib qız övladı olacağını bildikdə onları tələf etməyi seçir. Lakin qız övladlarını sevən, onların varlığı ilə nəfəs alan ailələr də var.

"Cebheinfo.az"-a açıqlamalarında çoxqızlı ailələrdən bir neçəsi günün mahiyyəti barədə danışıb.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, qız uşaqlarını sevmək bir başqa dünyadır, bir başqa hissdir:

"Mənim üç qızım var, onların hər biri həyatımın işığı, nəfəsim, yaşamaq səbəbimdir. Onlar mənim üçün yalnız övlad deyil, həyatımın rəngləri, evimizə sevgi və istilik gətirən mələklərdir. İnsan çox zaman oğul övladı arzulayır, amma qızlarım mənim ürəyimdə elə dərin bir məhəbbət yaradıblar ki, heç nə bunun yerini tuta bilməz.

Qız uşaqlarını sevmək bir başqa dünyadır, bir başqa hissdir. Onların hər gülüşündə, hər addımında bir cazibə, bir heyranlıq var. Evlərimizi bəzəyən, həyatımıza incəlik və gözəllik qatan onlardır. Səhər oyandığımda ilk düşüncəm onlardır, axşam yatarkən dualarımda da onların adları var. Onlar mənim üçün yalnız evimin təmizliyi deyil, həm də ruhumun sakitliyi, mənim ən güclü dayağımdı.

Onların qışqırıqları, xırda mübahisələri belə mənə xoş gəlir. Hər an onların yanında olmaq, kiçik problemlərində belə bir ata kimi onlara dəstək olmaq, mənim üçün xoşbəxtlikdir. Qızlarım mənim dünyamın çiçəkləridir, onların hər biri fərqli rəngdə, fərqli ətrdə, lakin eyni qədər dəyərlidir.

Həyatımı gözəlləşdirən, mənə sevgi, güc və hər an yaşamağa yeni bir səbəb verən üç qızım var. Hər biri öz-özünə bir aləmdir, lakin birlikdə mənim həyatımı tam və gözəl edən əsrarəngiz bir rəsm yaradırlar. Onların varlığı məni həyata bağlayan ən gözəl hədiyyədir".

"AFN.az" xəbər portalının baş redaktoru Səbuhi Qafarov deyir ki, qız uşaqlarına qarşı cinsi ayrı-seçkilik Azərbaycanın bəlasıdır:

"Bizi dünyaya gətirən bir qadındır. Necə ola bilər ki, anamızı sevə bilərik, qız uşağını sevməyək? Qız uşaqlarını sevməyən, onların dünyaya gəlməsini əngəlləyən insanlara kişi deməyə heç dilim də gəlmir.

Qız uşağı valideyni olmaq böyük məsuliyyətdir. Cəmiyyətdə yaradıcı mühiti qızlar formalaşdırır. Düşünürəm ki, cəmiyyətə də, tarixə də, dünyaya da, sevgiyə də qız uşaqları rəhbərlik edir.

Bizə o sevgini hansısa ananın qızı bəxş edir. Qız uşağı valideyni olmaq da şansdır. Xüsusilə 3 qız atası olmaq dünyada qazana biləcəyim hərşeyin ən üstündə dayanır. Ata kimi qızlarımla fəxr edirəm, onlarla məşğul oluram, onları cəmiyyət üçün yararlı böyütməyə çalışıram".

Onun sözlərinə görə, bu gün xanımlara qarşı olan cinsi ayrı-seçkilik, fiziki, psixoloji şiddət artıb:

"Məcburuq qızlarımızı elə böyüdək ki, həm fiziki, həm də mənəvi cəhətdən güclü olsunlar ki, cəmiyyətdə azğınlaşmış insanlarla mübarizədə ayaqda qala bilsinlər. Bunun üçün də əlimizdən gələni edirik. Səhər tezdən yoldaşımla bərabər qızlarımı təbrik etmişik. Qız uşaqlarına bu günün mahiyyətini duyurmaq, onlara ayrıcalığı hiss etdirmək mütləqdir. 

Bildirim ki, bu gün problem hər kəsdə var, amma onlara xoş sözlə belə, sevgimizi, yanında olduğumuzu hiss etdirməliyik. İstəyirəm ki, heç bir qız övladımız çətinliklə üzləşməsin, kimlərinsə əsarətində olmasınlar, dünyaya sevgini bəxş etsinlər. Çünki bu dünyanın bütün çirkabını qız uşaqlarının sevgisi qurtaracaq".

Müğənni Emil Bədəlov deyir ki, qız uşaqları onun üçün nemətdir:

"Övlad Allahın verdiyi paydır. Ayrı-seçkilik etmək doğru olmaz, amma qız övladının da yeri bir başqadır. Qızlarıml çox sevirəm, onların sağlam, xoş mühitdə böyüməsi üçün hər şey edirəm. Çalışıram ki, onlar xoşbəxt olsunlar. 

Onlara tək bu gün deyil, hər gün bu sevgimizi aşılayırıq".

Избранный
31
cebheinfo.az

1Источники